Naxçıvan Müəllimlər İnstitutu bağlanır?
Son günlər Naxçıvanın ali təhsil sistemində genişmiqyaslı struktur dəyişikliyi fonunda Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı barədə xəbərlər yayılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, institutun bağlanması ilə bağlı yayılan iddialara NMİ-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aygül Məmmədova cavab verib.
O bildirib ki, NMİ gündəlik iş ahəngi ilə fəaliyyətini davam etdirir və ölkəmizdə həyata keçirilən təhsil siyasətinə öz töhfəsini verməkdədir:
“İnstitutun bağlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar tamamilə əsassızdır. Bu kimi məlumatlar müəssisə əməkdaşlarının psixoloji durumuna və iş fəaliyyətinin keyfiyyətinə mənfi təsir göstərir”.
Qeyd edək ki, yayılan xəbərlərdə ali təhsil ocağının ləğv edilərək Naxçıvan Dövlət Universitetinin tərkibinə veriləcəyi, buradakı müəllim və 1200-ə yaxın tələbələrin də NDU-ya köçürüləcəyi iddia edilir. Müzakirələrdə əsas arqument kimi Naxçıvanda təhsil infrastrukturunun optimallaşdırılması göstərilir.
Bildirilir ki, Muxtar Respublikada fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin eyni profilli kadr hazırlaması resursların bölünməsinə səbəb olur. Buna görə də ali təhsil müəssisələrinin birləşdirilməsi ən optimal variant kimi qiymətləndirilir.




