Naxçıvanda 50 yeni STEAM kabinet yaradılacaq
Dövlət başçısının Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərdə muxtar respublikanın ümumtəhsil müəssisələrində 50 yeni STEAM kabinet qurulacaq.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, mövcud 154 kabinet STEAM avadanlıqları ilə zənginləşdiriləcək.
Bu məqsədlə STEAM kabinetlərinin qurulması nəzərdə tutulan məktəblərin STEAM müəllimlərinin bilik və bacarıqlarının artırılması üçün beynəlxalq təlimçilər tərəfindən 3 günlük təlim təşkil olunub.
Qeyd edək ki, keçirilən təlim Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq STEAM avadanlıqlarının alınması ilə bağlı keçirilmiş satınalma müsabiqəsində qalib olan təchizatçı tərəfindən təşkil olunub.



