Naxçıvanda Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

2 Sentyabr, 2026 - 15:05
Naxçıvanda Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

13–14 noyabr 2026-cı il tarixlərində Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş “İpək Yolu Üzərində Şəhərsalma Mədəniyyəti və Memarlıq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi UNESCO-nun 2026-cı il üzrə yubileylər proqramına daxil edilib. Bununla yanaşı, yubileyin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı imzalanıb.

Beynəlxalq konfransda Əcəmi Naxçıvani irsi və Naxçıvan memarlıq məktəbi, İpək Yolu üzərində şəhərsalma mədəniyyəti, orta əsr Azərbaycan memarlığı və urbanistik ənənələr, Naxçıvanın tarixi-memarlıq abidələri, Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin memarlıq xüsusiyyətləri, Atabəylər dövründə şəhərsalma və mədəni mühit kimi mövzular müzakirə olunacaq.
Tədbirdə, həmçinin memarlıq ornamentləri, kitabələr və epiqrafik mənbələr, mədəni irsin qorunması, bərpası və rəqəmsallaşdırılması, orta əsr memarlığı və arxeologiya, Azərbaycan memarlığının Şərq və dünya memarlığı kontekstində yeri, İpək Yolu şəhərlərində memarlıq əlaqələri və mədəni mübadilə, eləcə də mədəni turizm və tarixi irsin beynəlxalq tanıdılması məsələləri üzrə məruzələr dinləniləcək.

Konfransın tarix, memarlıq, şəhərsalma, sənətşünaslıq, mədəni irs, turizm, arxeologiya və regionşünaslıq sahələrində çalışan alim və tədqiqatçıların, ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistrant və mütəxəssislərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Konfransa təqdim edilən elmi məruzələr Elmi Komitə tərəfindən anonim ekspertiza əsasında qiymətləndiriləcək. Qəbul edilmiş məqalələr ISBN nömrəsi ilə konfrans materialları toplusunda nəşr olunacaq.

Beynəlxalq elmi konfransın Əcəmi Naxçıvani irsinin, Naxçıvan memarlıq məktəbinin və Azərbaycan şəhərsalma mədəniyyətinin elmi müstəvidə daha geniş tədqiqinə və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyi gözlənilir.