Naxçıvanda məktəb bağlanıb? - Təhsil Nazirliyindən AÇIQLAMA

9 Dekabr, 2024 - 16:43

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək rayonunun Cəhri qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin bağlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən açıqlamada bu məlumatların əsassız olduğu bildirilib: “Məktəb bağlanmır, sadəcə, bina texniki istismar üçün yararsız olduğundan tədris hələlik Cəhri qəsəbəsinin 1 nömrəli tam orta məktəbində aparılır.   

Belə ki, məktəb binasında  çatların yaranması və bəzi  sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna müraciət olunub. İnstitutun  mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilib”.

Məlumatda qeyd edilib ki, mütəxəssislər məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olması, məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin həm iqtisadi, həm də texniki cəhətdən səmərəsiz olması rəyini veriblər. Növbəti illlərdə məktəb binası üçün layihələndirmə işləri aparılacaq. Məktəb üçün yeni binanın tikintisinə başlamaq nəzərdə tutulur.