Naxçıvanda sertifikatlaşdırmada müəllimlərin 41 faizi yüksək nəticə göstərib

12 May, 2026 - 13:37
Naxçıvanda sertifikatlaşdırmada müəllimlərin 41 faizi yüksək nəticə göstərib

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanları yekunlaşıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, test imtahanlarında alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri iştirak ediblər.

Prosesdə nəzərdə tutulan 2772 təhsilverəndən 2748-i iştirak edib. Dörd gün davam edən imtahan mərhələsində 99 faiz iştirak göstəricisi qeydə alınıb.

İmtahanda iştirak edən təhsilverənlərin 1124-ü, yəni 41 faizi 51–60 bal aralığında nəticə göstərib. Təhsilverənlərdən 14-ü maksimum nəticə — 60 bal toplayıb. Onlardan 5-i ingilis dili, 1-i Azərbaycan dili və ədəbiyyatı, 2-si riyaziyyat, 1-i biologiya, 3-ü ibtidai sinif və 2-si tarix müəllimidir.

Bununla yanaşı, 1312 müəllim, yəni iştirakçıların 48 faizi 30–50 bal aralığında nəticə əldə edib.