Nazir: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası nəzərdə tutulur
“Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp Azərbaycan şirkəti arasında əməkdaşlıq sazişi imzalandı. İnanırıq ki, bu əməkdaşlıq davamlı, uğurlu olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra jurnalistlərə açıqlamasında MR-in təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir bildirib ki, hazırda bu əməkdaşlıq yalnız Naxçıvan şəhərini əhatə etmir:
“Məsələn, ingilis dili müəllimlərinin təlimə cəlb olunması MR-in bütün müəssisələrini əhatə edən istiqamətdir. Eyni zamanda, MR-in bütün məktəblərinin şagirdləri arasından seçilənlər olimpiadalara hazırlığa cəlb ediləcək. Bu, yalnız Naxçıvan şəhərini deyil, bütün MR-i əhatə edir. Laboratoriyalar isə ilkin mərhələdə Qızlar Liseyində və Heydər Əliyev adına tam orta məktəbdə, şəhərdə yerləşən, nazirliyə birbaşa tabe müəssisələrdə qurulacaq”.
Elxan Nəcəfov əlavə edib ki, təlimlərə cəlb olunan müəllimlər qarşılıqlı olaraq bp şirkətinin müəyyənləşdirdiyi meyarlar çərçivəsində seçilir və artıq 30-a yaxın müəllim təlim prosesinə cəlb olunub:
“Təlim prosesi onlayn qaydada davam etdirilir, növbəti mərhələlərdə bu proses davam etdikcə həmin meyarlar nəzərə alınacaq. Bu meyarlar əsas etibarilə həmin müəllimlərin linqvistik və peşə bacarıqlarını ölçə bilən göstəricilərdir. Sözsüz ki, həmin müəllimlər sertifikasiyada da uğur qazananlardır, çünki onların peşəkarlıq göstəriciləri yüksəkdir. Bu təlimlər isə həmin peşəkarlıq göstəricilərinə əlavə töhfələr verir”.
Nazir gələcəkdə də müxtəlif dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrasını nəzərdə tutduqlarını söyləyib.



