Nazir müavini: Sosial şəbəkələrdə uşaqlar üçün manipulyativ alətlərdən istifadə olunur

21 Oktyabr, 2026 - 13:26
Nazir müavini: Sosial şəbəkələrdə uşaqlar üçün manipulyativ alətlərdən istifadə olunur

Sosial şəbəkələr insanları birləşdirir, bilik mübadiləsini sürətləndirir, təhsil və biznes üçün yeni imkanlar yaradır. Lakin düzgün qaydalar olmadıqda uşaqlar üçün ciddi risklər də meydana çıxır. Manipulyativ alətlərdən istifadə olunur, zərərli məzmuna yönləndirən mexanizmlər qurulur.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən I Ailə Forumunda səsləndirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdəki risk böyüklər üçün çox vaxt dələduzluqla bağlıdırsa, uşaqlar üçün təhlükə daha incə xarakter daşıyır. Bu, platformaların öz dizaynı ilə əlaqədardır. Platformaları uşaqlar üçün cəlbedici şəkildə dizayn etməklə onların diqqətini və davranışlarını asanlıqla idarə etmək mümkündür. Bütün bunlar, sadəcə narahatlıq deyil. Sorğuya əsasən, vətəndaşların 56,5 faizi sosial medianı uşaqlar üçün tamamilə zərərli hesab edir. Hər beş uşaqdan biri gündə beş saat və daha çox vaxtını bu platformalarda keçirir. Valideynlərin isə yalnız 43 faizi övladlarının sosial şəbəkələrdən istifadəsinə tam nəzarət edə bildiyini diqqətə çatdırır.