Nazir müavini: Süni intellekt üzrə mütəxəssis hazırlığı Azərbaycanın inkişafı üçün əhəmiyyətlidir
Azərbaycan öz reallıqlarına və strateji hədəflərinə uyğun olaraq gənclərin inkişafı, onların müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “AI Academy”nin ilk Məzun Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, son illərdə reallaşdırılan təşəbbüslər və təlim proqramları ölkənin insan kapitalının gücləndirilməsinə mühüm töhfə verir.
Nazir müavini əlavə edib ki, proqramlar və sertifikatlaşdırma imkanları vasitəsilə qısa müddətdə yeni texnologiyalar sahəsində mütəxəssislərin hazırlanması müasir dövrün tələblərinə cavab verən mühüm addımlardandır.
“Süni intellekt sürətlə inkişaf edən və daim yenilənən sahə olduğundan bu istiqamətdə təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, praktiki bacarıqların artırılması və gənclərin davamlı öyrənməyə təşviq edilməsi vacibdir. Mütəxəssislərin hazırlanmasında səmərəli əməkdaşlıq, müvafiq dəstək mexanizmləri və biliklərin praktikada tətbiqi mühüm rol oynayır. Bu istiqamətdə əldə olunan nəticələr Azərbaycanın texnoloji inkişafı və gələcək hədəfləri üçün əhəmiyyətli zəmin yaradır”, - deyə nazir müavini əlavə edib.




