Nazir müavini: Yusif Məmmədəliyevin irsi bundan sonra da öyrəniləcək, elmi-tədqiqatlar aparılacaq

5 Dekabr, 2025 - 21:08
Nazir müavini: Yusif Məmmədəliyevin irsi bundan sonra da öyrəniləcək, elmi-tədqiqatlar aparılacaq

"Bildiyiniz kimi ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, bu il Azərbaycanın dünyaşöhrətli alimi Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunur. Sərəncama əsasən, ali məktəblərdə, elmi müəssisələrdə Yusif Məmmədəliyevə həsr olunmuş konfranslar, simpoziumlar, seminarlar bir sıra tədbirlər həyata keçirilib. Əsas məqsəd bu böyük alimin elmi irsini öyrənmək, gələcək nəsillərə çatdırmaqdır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda yubiley tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib. 

O bildirib ki, Yusif Məmmədəliyevin kimya, üzvi kimya sahəsində dünya səviyyəli ixtiraları, tədqiqatları dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir və dəyərləndirilir: "Onun elmi işləri bu gün də çox böyük aktuallıq kəsb edir, çünki onun yanacaq sahəsində titan səviyyəsinin artırılması nəticəsində, 20-ci əsrin ortalarında çox böyük yeni texnologiyalar yaradılıb. Xüsusilə bu özünü İkinci Dünya müharibəsində göstərdi. O vaxt SSR Yusif Məmmədəliyevin yaratdığı yanacaq nəticəsində hava məkanında böyük üstünlük əldə etdi. Baxmayaraq alman faşizminin də bu sahədə çox güclü müəllifləri var idi. Eyni zamanda, ölkəmizdə neft kimya sənayesinin inkişafında Yusif Məmmədəliyevin apardığı tədqiqatlar çox gözəl nəticələr verib. Məhz onun apardığı elmi-tədqiqatlar imkan yaradır ki, nəinki ölkəmizdə, eyni zamanda dünyada üzvi kimya sahəsində çox böyük yeniliklər əldə olunub. Ümumiyyətlə o dünyada kimya elminin inkişafına böyük töhfələr verib". 

Nazir müavini deyib ki, belə alimlərimizlə fəxr edirik: "Onların sayəsində biz uzağı görə bilirik. Məhz belə dahilər imkan yaradır ki, ölkədə bundan sonra da elmimizi inkişaf etdirək. Bizim gənc nəsil belə böyük insanlardan, alimlərdən çox şey öyrənməlidir. Məhz onların fədakarlığı, onların elmə olan sevgisi və bəşəriyyət üçün apardıqları böyük elmi-tədqiqatlar imkan verir ki, ümumiyyətlə sivilizasiya inkişaf eləsin. Bundan sonra da elm və təhsil sahəsində Yusif Məmmədəliyevin irsi öyrəniləcək, onunla bağlı tədqiqatlar aparılacaq.

Bizim gələcək inkişafımız üçün, ölkəmizdə yaradıcı cəmiyyətin yaradılmasında, formalaşmasında, belə insanların, belə alimlərinin irsinin öyrənilməsi çox önəmlidir. Çünki məhz yaradıcı cəmiyyətdə ölkə sürətli inkişaf edə bilər. Bu gün ölkəmiz sürətlə inkişaf edir, bundan sonra da ölkəmizin uğurlu inkişafını və modelləşdirilməsini təmin etmək üçün belə böyük alimlərin irsinin öyrənilməsi çox önəmlidir".