NDU-da “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş minifutbol yarışı keçirilib

31 Oktyabr, 2025 - 15:54
NDU-da “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş minifutbol yarışı keçirilib
NDU-da “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş minifutbol yarışı keçirilib
NDU-da “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş minifutbol yarışı keçirilib

Naxçıvan Dövlət Universiteti və onun nəzdində fəaliyyət göstərən kolleclərin birinci kurs tələbələri arasında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş minifutbol üzrə seçmə yarış təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, 28-29 oktyabr tarixlərində keçirilən yarışlarda NDU-nun fakültələri, Tibb Kolleci və Texniki Kollecdən ümumilikdə 11 komanda iştirak edib.

Tədbirin açılışında universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək iştirakçılara uğurlar arzulayıb və bu cür idman tədbirlərinin gənclərin fiziki inkişafında və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Universitetin İdman Klubunun sədri Məmmədəli Rəhimov və məşqçi Yusif Vəliyev yarışın qaydaları və məqsədi barədə iştirakçılara məlumat veriblər. Gərgin idman mübarizəsi şəraitində keçən iki günlük yarışın sonunda Pedaqoji fakültə birinci, Xarici dillər fakültəsi ikinci, NDU nəzdində Texniki Kollec və Tibb Kollecinin komandaları isə üçüncü yerə layiq görülüblər.

Yekunda qalib komandalar diplomlarla təltif ediləcək.