NDU-da ali təhsildə beynəlxalq akkreditasiyanın təsir mexanizmləri üzrə təlim verilib
Naxçıvan Dövlət Universitetində Qaradəniz Texniki Universitetinin professoru Faruk Yıldırım “Ali təhsil müəssisələrinin akademik bölmələrinin beynəlxalq vizyonunun formalaşdırılmasında akkreditasiyanın təsir mexanizmləri” mövzusunda təlim keçib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, təlimdə beynəlxalq akkreditasiya anlayışının mahiyyəti, onun akademik struktur və idarəetməyə təsiri, eləcə də akkreditasiya prosesinin universitetlərin beynəlxalq nüfuzunu artırması istiqamətində rolu izah olunub. Türkiyədə Yüksəköğrətim Kalite Kurulu (YÖKAK) çərçivəsində tətbiq edilən keyfiyyət təminatı və akkreditasiya modelləri real institusional təcrübələrlə təqdim edilib.
Professor Faruk Yıldırım daxili keyfiyyət təminatı, strateji planlaşdırma, davamlı təkmilləşdirmə və təsdiqyönlü idarəetmənin akademik bölmələrin beynəlxalq vizyonunun formalaşmasında əhəmiyyətini xüsusi vurğulayıb. Akkreditasiyanın yalnız qiymətləndirmə deyil, həm də institusional inkişaf və akademik mədəniyyətin formalaşmasına xidmət edən davamlı proses olduğu bildirilib.
Təlim Naxçıvan Dövlət Universitetinin strateji hədəfləri çərçivəsində beynəlxalq akkreditasiya proseslərinə hazırlıq, keyfiyyət təminatı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və akademik bölmələrin qlobal rəqabətqabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


