NDU-da Çin dili üzrə ixtisas açıla bilər
Naxçıvan Dövlət Universitetində Çin dili üzrə ixtisasının açılması gündəmdədir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə universitetin rektoru Elbrus İsayev açıqlama verib.
Rektor bildirib ki, universitetdə tədrisin beynəlxalq tələblərə uyğunlaşdırılması və xarici dillərin öyrədilməsinin genişləndirilməsi əsas prioritetlərdəndir. Bu çərçivədə Çin dili üzrə ixtisasın yaradılması imkanları nəzərdən keçirilir.
Elbrus İsayev qeyd edib ki, hazırda məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır.
Rektorun sözlərinə görə, bu ixtisasın açılması Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə və tələbələrin xarici dil biliklərinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, yeni ixtisasların açılması ilə bağlı yekun qərar müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.



