NDU-da əcnəbi müəllimlərlə görüş keçirilib
Naxçıvan Dövlət Universitetində əcnəbi professor-müəllim heyəti ilə görüş təşkil olunub.
NDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə universitetin rektoru Elbrus İsayev çıxış edərək beynəlxalq akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, bu cür əlaqələr yalnız universitetin tədris keyfiyyətinin yüksəldilməsinə deyil, həm də tələbələrin bilik və təcrübələrinin genişlənməsinə mühüm töhfə verir.
Əcnəbi müəllimlər həm bakalavr, həm də magistratura səviyyəsində təhsil alan tələbələrə müxtəlif sahələr üzrə dərslər keçirlər.
Qeyd olunub ki, İstanbul Universiteti, Ege Universiteti, Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Muğla Sıtkı Koçman Universiteti, Qaziantep Universiteti və Qaradəniz Texniki Universiteti kimi nüfuzlu ali məktəblərdən ümumilikdə 17 nəfər professor-müəllim heyəti universitetə dəvət olunub.
Görüş zamanı qarşıdakı dövrlər üçün əməkdaşlıq imkanları və birgə layihələr müzakirə edilib.




