NDU-da ədəbiyyatşünas alimə həsr olunan yubiley tədbiri keçirilib
Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin 60 illik yubileyinə həsr olunmuş “Ədəbiyyata könül vermiş əbədi adam” adlı anım tədbiri keçirilib.
NDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbirdən öncə professor Hüseyn Həşimlinin xatirəsi ehtiramla yad olunub, məzarı ziyarət edilərək gül dəstələri qoyulub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında Hüseyn Həşimlinin universitetdə 30 ildən artıq davam edən elmi-pedaqoji fəaliyyətindən danışaraq qeyd edib ki, mərhum alim NDU-nun elmi mühitinin formalaşmasında, gənc kadrların yetişdirilməsində və universitetin akademik nüfuzunun möhkəmləndirilməsində böyük xidmətlər göstərib. Rektor vurğulayıb ki, zəngin elmi irsi, yüksək müəllimlik keyfiyyətləri, prinsipial mövqeyi və elmə bağlılığı ilə seçilən akademik həm də ictimai-siyasi xadim kimi dövlətə və cəmiyyətə ləyaqətlə xidmət edib. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir neçə çağırış üzrə deputatı kimi fəaliyyəti elm adamlarına göstərilən yüksək ehtiramın təcəssümü kimi qiymətləndirilib. Rektor əlavə edib ki, Hüseyn Həşimlinin “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, "Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Xatirə qızıl medalı"na layiq görülməsi onun xidmətlərinin dövlət səviyyəsində tanınmasının bariz nümunəsidir.
AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik İsmayıl Hacıyev çıxışında alimlə bağlı xatirələrini bölüşərək bildirib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Hüseyn Həşimli akademiyada uzun illər ərzində elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib, gənc alimlərin yetişdirilməsinə əvəzsiz töhfələr verib.
Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov mərhum alimin elmi tədqiqat fəaliyyəti barəsində çıxış edərək qeyd edib ki, 30 kitabın, 350-dən artıq elmi məqalənin müəllifi kimi Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm töhfələri olan alimin çoxsaylı əsərləri beynəlxalq elmi jurnallarda dərc olunaraq ölkəmizin elminə beynəlxalq müstəvidə də nüfuz qazandırıb.
Digər çıxışçılar - “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti İman Cəfərov, AMEA İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov, kafedranın müəllimi və professorun tələbəsi Gülay Tahirli Hüseyn Həşimlinin elmi məktəb yaratmaq bacarığını, tələbələrinə verdiyi dəyəri, həmkarlarına sədaqətini və digər yüksək insani keyfiyyətlərini xüsusi vurğulayıblar. Qeyd edilib ki, professorun yaratdığı elmi irs bu gün də tədqiqatçıların istinad etdiyi dəyərli mənbələrdən biridir.
Mərhum alimin ailə üzvləri tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda “Hüseyn Həşimli ömrü xatirələrdə” adlı videoçarx nümayiş etdirilib, daha sonra xatirə şəkli çəkdirilib.


