NDU-da rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq imkanları müzakirə olunub

14 Yanvar, 2026 - 13:28
NDU-da rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq imkanları müzakirə olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə Naxçıvan Dövlət Universiteti və “Holberton School Azerbaijan” arasında görüş baş tutub.

NDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə gənclərin müasir İT biliklərinə yiyələnməsinin əhəmiyyətini vurğulayıb. Rektor universitetdə fəaliyyət göstərən İnnovasiya, STEAM və İBM mərkəzləri barədə məlumat verərək ali təhsil ocağının bu istiqamətdə atdığı addımlardan danışıb. O, həmçinin universitetlə Milli Süni İntellekt Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək layihələrə də toxunub.

Elbrus İsayev informasiya texnologiyaları ixtisaslarının ali təhsildə əsas baza istiqamətlərindən birinə çevrildiyini bildirib və bu sahədə görülən işlərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırıldığını qeyd edib.

 “Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə məktəbin fəaliyyəti və təqdim etdiyi imkanlarla bağlı məlumat verib. O, “Holberton School”un ABŞ-də formalaşdırılmış təhsil metodologiyasına əsaslanan beynəlxalq texnologiya məktəbi olduğunu, dünyanın bir çox ölkəsində fəaliyyət göstərdiyini və müasir IT bilikləri qazandırmaqla yanaşı, qlobal sertifikat və karyera imkanları təqdim etdiyini bildirib.

Direktor qeyd edib ki, “Holberton School Azerbaijan” tərəfindən həyata keçirilən 100% təqaüdlü IT proqramları özünü inkişaf etdirmək istəyən gənclər üçün unikal fürsətdir. Bu model tələbələrə yalnız nəzəri bilik deyil, eyni zamanda real iş mühitində tətbiq oluna biləcək bacarıqlar da qazandırır.

Layihənin əsas istiqamətləri “Python Backend”, “Cybersecurity”, “Machine Learning” və “Training of Trainers ” proqramlarını əhatə edir. Qiymətləndirmə sistemi isə tamamilə avtomatlaşdırılıb. Bildirilib ki, layihə iki əsas istiqamətdə davam etdirilir və platforma formatında fəaliyyət göstərir.

Görüş qarşılıqlı müzakirələrlə davam edib. Tərəflər gələcək əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və tələbələrin praktiki bacarıqlarının artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

NDU-da rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq imkanları müzakirə olunub
NDU-da rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq imkanları müzakirə olunub
NDU-da rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq imkanları müzakirə olunub
NDU-da rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq imkanları müzakirə olunub