NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Azərbaycan professional musiqi mədəniyyətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə hesabat konserti təşkil olunub.
NDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova iştirak ediblər.
Musiqi təlimi kafedrasının təşkilatçılığı ilə keçirilən konsert proqramı yüksək təşkilatçılıq səviyyəsi ilə seçilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolunu, Azərbaycan musiqi sənətinə verdiyi misilsiz töhfələri əks etdirən videoçarx nümayiş olunub.
Konsertin bədii rəhbəri Sevinc Musayevanın hazırladığı proqramda Üzeyir Hacıbəyli yaradıcılığının əsas mərhələlərini əhatə edən, milli musiqi mədəniyyətimizin zənginliyini və dərinliyini nümayiş etdirən seçmə əsərlər təqdim edilib. Proqram çərçivəsində “Leyli və Məcnun” operasından “Arazbarı”, “Arşın mal alan” musiqili komediyasından Süleymanın və Əsgərin mahnıları, “Çırpınırdı Qara dəniz”, “Aşıqsayağı” və digər tanınmış musiqi nümunələri səsləndirilib.
İfaçılar təqdim olunan əsərlərdə Üzeyir Hacıbəylinin yaradıcılığına xas olan milli ruhu, melodik zənginliyi və musiqi ifadə vasitələrinin incəliyini yüksək peşəkarlıqla tamaşaçılara çatdırıblar. Konsert proqramı auditoriya tərəfindən böyük maraqla qarşılanıb, ifalar alqışlarla müşayiət olunub.
Tədbir gənc musiqiçilərin səhnə mədəniyyətinin formalaşdırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması, eyni zamanda Üzeyir Hacıbəyli irsinin gənc nəslə aşılanması və milli musiqi dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.
Konsert Naxçıvan Dövlət Universitetində milli-mənəvi irsin qorunması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi dəyərləndirilib.


