NDU inkişafa açıq bir universitetdir – Özkan Şahin
Naxçıvan Dövlət Universitetində əcnəbi müəllimlərin tədris prosesinə qoşulması davam edir.
“Azərbaycan müəllimi” növbəti dəfə Düzce Universitetinin Biznesin idarəedilməsi fakültəsinin ”Beynəlxalq ticarət və maliyyə“ ixtisası üzrə dosenti, ali təhsil müəssisəsinin Texologiyalar Parkının müdiri Özkan Şahinlə həmsöhbət olub.

– Naxçıvandan necə dəvət aldınız?
– 4 il əvvəl pandemiyanın sonlarında burada texnopark qurmaq üçün bizdən dəstək istədilər. İlk olaraq texnoparklarla bağlı müzahirə verməyə gəldim. Sonra müxtəlif səbəblərlə, əsasən də texnoparklarla əlaqəli fərqli mühazirələr verməyə gəldim. Daha sonra qısamüddətli dərslər keçdim. Keçən il isə dedilər ki, sən artıq buraya birdəfəlik gəl. Keçmiş tədris ilindən birdəfəlik olaraq bura gəldim, artıq ikinci ildir ki, dərs deyirəm.
– Əsasən hansı sahə üzrə dərslər keçirsiniz?
– Burada akademik işlərlə əlaqəli dərslər keçirəm. Əsasən iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi kimi sahələr üzrə dərslər tədris edirəm.
– Sizi elmi cəhətdən tanıyaq.
– Mən Türkiyədə Anadolu Universitetindən iqtisadiyyat üzrə məzun olmuşam. Çalışqan olduğum üçün oranı 3 il yarıma bitirdim. Magistratura üçün Londona getdim, yenə də maliyyə böhranları üzrə təhsil adım. 3 il orada qaldım və eyni zamanda ticarətlə bağlı iş də qurdum. Hindli bir müəllimlə birlikdə Türkiyədəki maliyyə böhranlarını araşdırdıq. Oradan dönərək Düzcədə doktoranturaya başladım, sahəm birjada formalaşan qiymətlərin təxmin edilməsi ilə bağlı idi. 2015-ci ildə doktoranturanı bitirərək dosentliyimi də yenə qiymətlərin təxmin edilməsi üzrə müdafiə etdim. Amma bu dəfə işimlə əlaqəli olaraq innovasiyaların idarə edilməsi də sahəmə daxil oldu. İnnovasiyalarla bağlı da müxtəlif elmi məqalələrim var. Sayını xatırlamıram, beynəlxalq səviyyədə 30-40 məqaləm var. Bir kitabım, 4 kitab bölümüm, bir çox dərc olunmuş bəyanatlarım var. Eyni zamanda 20 milli və beynəlxalq layihələrin icraçılığını etmişəm.
– Türkiyənin təhsil sistemi ilə Azərbaycanın təhsil sistemi arasında hansı oxşar və fərqli cəhətlər var?
– Burada universitetlərdə mühazirə və seminar sistemi var. Bu, tamamilə fərqli bir sistemdir. Bizdə isə daha çox müəllimin dərsi anlatması üzrə bir sistem var. Biz auditoriyaya giririk, dərsi keçirik, daha sonra sadəcə müxtəlif dövrlər üçün tapşırıqlarımız olur. Burada isə mən mühazirə keçərək dərsi anladıram və tələbə sonra onu mənə geri danışır. Hər iki sistemin özünə görə yaxşı və pis tərəfləri var. Magistratura və doktorantura Naxçıvanda daha yeni-yeni inkişaf etməyə başlayır, önü açıqdır. Amma NDU əsaslı keçmişi olan, bütün fakültələrində savadlı müəllimləri olan keyfiyyətli bir universitetdir. 4 il bundan öncə ilk gəldiyim günlə, indiki arasında çox fərq var. Çox ehtimal ki, 4 il sonra daha fərqli bir yerdə olacaq. Bu tədris ili 45 əcnəbi müəllimin gəlməyi olduqca çox bir rəqəmdir. Dediyim ki, Türkiyədə də fərqli çatışmazlıqlar var. Amma iki təhsil sistemini bir araya gətirsək, məncə, daha gözəl bir sistem ortaya çıxa bilər.
– Bu sizin üçün də şansdır ki, iki təhsil sistemini sintez edərək yaxşılarını götürüb öz təcrübənizdə tətbiq edirsiniz.
– Bəli, mən misal üçün buradakı mühazirə sistemini Türkiyədə fərqli bir şəkildə tətbiq etməyə çalışıram.
– Universitetdəki müəllimlərlə elmi mübadilə edirsinizmi?
– Biz buradakı müəllimlərlə birlikdə iki məqalə yazmışıq. Eyni zamanda yeni bir layihəyə başlamışıq. Elm elə böyük bir sahədir ki, hər şeyi bilmək mümkün deyil. Mənim bildiyim analiz proqramlarını onlara anladıram. Yaxud da hər hansı elmi məqaləni redaktəsi, öncədən baxış üçün mənə verirlər. Birlikdə bir kitab çıxarmağı da düşünürük.
– Süni intellektin sizin sahəyə mənfi və müsbət təsiri nələrdir?
– Mən də məqalə, kitab yazarkən, layihə üzərində işlərkən və ya gündəlik işlərimdə süni intellektdən istifadə edirəm. Onu işlətməyən texnologiyadan uzaqdır. Əlbəttə, hər kəs istifadə etsin. Süni intellekt işləri tezləşdirir, 3 gündə edəcəyin işi bir saata etmək olur, amma təhlükəsi də var. Biz süni intellekt olmayan vaxtlarda da işlədiyimiz üçün o mövzunun dərinliklərini bilirik. Amma yeni nəsil mövzunu bilmədikləri üçün süni intellekt nə deyirisə, ona inanıb, güvənirlər. Çox güvənməmək lazımdır. Misal üçün məqalə yazanda hər hansı mövzu haqqında soruşursan, o da sənə yazır, bunların 70 faizi doğru olsa da, 30 faizi səhv olur. O yanlış olan bilgini mən oradan çıxara bilirəm. Amma gənclər onu bilməyəcəklər və ortaya süni intellekt gerçəkliyi deyə bir şey çıxacaq. Biz buna hallüsinasiya deyirik. Süni intellekt hər hansı məlumatın onun üçün doğru olduğunu düşünür və sənə onu çox gözəl anladır. Hətta süni intellektin dinləri belə ortaya çıxacaq. Misal üçün uşaqlar bir şeyin halal və ya haram olduğunu bilmək üçün gedib kitaba baxmaq əvəzinə, süni intellektdən soruşur və onun verdiyi cavabı da doğru hesab edir. Bu bütün sahələrdə təhsil, idman, insan müsasibətlərində də belədir. İnsan münasibətlərini də artıq ChatGPT-dən soruşacayıq, beləliklə münasibətlər süniləşəcək.
– Tələbələrlə münasibətiniz necədir?
– Mən onları çox sevirəm. Ümid edirəm onlar da məni çox istəyir. Çünki mən sıxıcı, sadəcə oxumaqla dərs keçən biri deyiləm, dərsi misallarla öyrədirəm. İlk dərsdə uşaqlara deyirəm ki, bu sinifin qanunları var. İkimiz arasında səviyyə fərqi var, mən müəllim, sən tələbəsən. Mənə hər şeyi deyə bilər, hər şey soruşa bilərsiniz. Bütün sahələr üzrə onlarla rahat söhbət edə bilirəm.
– Naxçıvanı gəzmisiniz?
– Batabata getmişəm, Ordubada da getmək istəyirəm. Yoldaşım gələndən sonra onunla getməyi düşünürəm.
– Ailəniz bura gəlməyib?
– Hələ ki, burda olmayıblar, inşallah tezliklə gələcəklər.
– NDU ilə davam etməyi düşünürsünümü?
– Naxçıvanı çox sevirəm. Təmiz, sakit bir yerdir. Mənim uşaqlığımın, gəncliyimin Türkiyəsi kimidir. Naxçıvana bənzər şəhərdə, Düzcədə yaşayıram, oranın 500 min əhalisi var. Mən uşaq ikən orada hamı bir- birini tanıyırdı, salam verirdi. Evimizin qapılarını bağlamazdıq, uşaqlar həyətdə rahat şəkildə oynayardılar. İnsanlar bir-birinə həm kömək, həm də hörmət edərdi. İndi Naxçıvanı o zamankı Düzcəyə bənzədirəm. Mən məhələləri gəzməyi sevirəm. Orada gəzərkən isə türkiyəli olduğumu bilirlər. Deyirlər ki, hara gedirsənsə səni aparım. Taksi ilə gedirəm, qonağımız ol deyib, pul almırlar. Bu çox gözəl bir şeydir.
– Mədəniyyətlərimiz eynidir deyə, yəqin ki, burada yaşamaq sizdə çətinlik yaratmaz?
– Bəli, indiyə qədər heç bir problemlə rastlaşmamışam. Mədəniyyət eyni, yeməklər eyni, bu da mənim burada rahat şəkildə işimi görməyə səbəb olur. NDU inkişafa açıq bir universitetdir, universitet bütün imkanlarını mənə təqdim edir, deyir ki, nə etmək istəsən sənin arxandayıq. Buranı çox sevdiyim üçün gələcək illərdə də davam etmək istəyirəm. Amma, təbii ki, zaman nə göstərəcək, bilmirik.



