NDU-nun ötənilki nailiyyətlərinin İCMALI

13 Yanvar, 2026 - 13:02
NDU-nun ötənilki nailiyyətlərinin İCMALI

2025-ci il Naxçıvan Dövlət Universiteti (NDU) üçün elmi fəaliyyət, innovasiya və təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm nailiyyətlərlə yadda qalıb. İl ərzində universitetdə tədris, elmi tədqiqat, infrastruktur, tələbə həyatı və beynəlxalq əməkdaşlıq sahələrində genişmiqyaslı işlər həyata keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ilin yekunlarına dair universitetin rektoru Elbrus İsayev sosial şəbəkə hesabında paylaşım edib. 
O, NDU-nun uğurlarını aşağıdakı kimi sıralayıb: 
2025-ci ildə Macarıstanın John von Neumann Universiteti ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Bununla yanaşı, ABŞ-nin Corc Vaşinqton Universiteti ilə “Səhiyyənin idarəedilməsi” ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb. İstanbul Universiteti ilə isə iki ixtisas üzrə ikili diplom protokolu imzalanıb. Həmin protokol “Türk Dünyası Tarixi” və “Strateji İdarəetmə” üzrə iki mühüm magistratura proqramını əhatə edib.
Universitet “GreenMetric” beynəlxalq reytinq cədvəlində ölkə üzrə ilk 10-luqda, dünya üzrə isə ilk 700 universitet sırasında yer alıb. Tələbə qəbulu göstəricilərində də əhəmiyyətli artım müşahidə olunub. Naxçıvan Dövlət Universitetinə qəbul zamanı 600–700 intervalında bal toplayan tələbələrin sayı ötən illə müqayisədə 41 nəfərdən 152 nəfərə çatdırılıb, onlardan 1 nəfər Prezident təqaüdünə layiq görülüb. 500-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrin sayı isə 337 nəfərdən 402 nəfərə yüksəlib.
Universitetdə tədrisi ingilis dilində olan 6 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib, yekunda 116 nəfər həmin ixtisaslara qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq ölkəmizdə ilk dəfə 2025–2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qruplarının ingilis dili bölməsi fəaliyyətə başlayıb və müsabiqə yolu ilə tələbə qəbulu aparılıb.
2025-ci ildə əcnəbi professorların sayı rekord həddə çatıb. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu universitetləri təmsil edən 50 əcnəbi professor əsas prioritet istiqamətlər üzrə universitetdə tədrisə cəlb olunub. Eyni zamanda, 20 əcnəbi tədqiqatçı universitetdə ortaq elmi tədqiqatların aparılmasına cəlb edilib. Əcnəbi tələbələrin qəbulu üzrə ölkə sayı 14-dən 22-yə çatdırılıb, əcnəbi tələbələrin sayı 1700 nəfər olub və bu göstərici ilə universitet ölkə üzrə liderliyini qoruyub.
Magistratura səviyyəsi üzrə 8 yeni ixtisaslaşmaya magistrant qəbulu aparılıb. 2024-2025-ci tədris ilində universitet tarixində rekord məzun göstəricisi qeydə alınıb. Belə ki, 1645 nəfər bakalavr, 230 nəfər magistrant və 21 nəfər rezident məzun olub.
2025-ci ildə ilk dəfə olaraq Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət Mərkəzi, Ömürboyu Təhsil və Futurologiya Mərkəzi, Konservatoriyada Elektron Filarmoniya (LOLA) istifadəyə verilib.

Azərbaycan Prezidentinin 04 aprel 2025-ci il tarixli sərəncamı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

2025-ci ilin nəticələrinə görə, universitet üzrə 2000-dən çox nəşr olunub. Bunların 24-ü monoqrafiya, 5-i dərslik, 20-si dərs vəsaiti, 65-i proqram və metodiki vəsaitdir. 1376 adda məqalənin 796-sı xaricdə nəşr olunubş, onlardan 200-dən çoxu “Web of Science” və “Scopus” bazalı nüfuzlu jurnallarda dərc edilib. 528 adda tezisin 237-si xaricdə nəşr olunub. Bir akademik heyətə düşən nəşr sayı 4-ün üzərində olub və bütün göstəricilər əvvəlki illərlə müqayisədə rekord nəticə təşkil edib. 2025-ci ildə “Scopus” və “Web of Science” bazalarındakı nəşr sayı əvvəlki bütün dövrlərin cəmi nəşr sayına çatıb.

Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi tədqiqatla məşğul olan tələbələrin sayı əyani təhsil alan tələbələrin 25 faizinə çatıb. Tələbələrin onlarla məqaləsi xarici və respublika jurnallarında, konfrans materiallarında, o cümlədən “Scopus” bazalı yüksək impakt faktorlu jurnallarda nəşr edilib.
İnnovasiya və startap sahəsində də mühüm uğurlar əldə olunub. “İnnostart” layihəsinin Grand Final mərhələsində NDU-nu təmsil edən “ImYen” və “Specdeaf” komandaları daxil olmaqla 4 komanda qalib gəlib, hər bir komanda 12 500 manat investisiya qazanıb. Qalib komandalar Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak hüququ əldə edib. 2025-ci ildə tələbə komandalarının ölkədaxili və beynəlxalq startap yarışları üzrə qazandığı mükafatların ümumi dəyəri 40 000 manat təşkil edib.

Beynəlxalq elektron kitabxana bazaları olan EBSCO, Clarivate (ProQuest Ebook Central, ProQuest Dissertations & Theses, ProQuest Multimedia), Taylor & Francis platformalarına giriş imkanı yaradılb, 20 milyona yaxın resursa çıxış təmin edilib. 2025-ci ilin sentyabr ayından EduROAM xidməti tətbiq edilib, RADIUS server infrastrukturu qurulubdur. LOLA sistemi istifadəyə verilib.
2024–2025-ci tədris ilinin II yarısında 300-dən artıq tələbə dünyanın qabaqcıl universitetlərində yay istehsalat təcrübələrində və ixtisasartırma kurslarında iştirak edib. Universitetdə “Qədim Xalq Çalğı Alətləri” ansamblı yaradılıb, Simfonik Orkestrin konsert proqramları keçirilib, NASA mütəxəssisi Umut Yıldızın iştirakı ilə “Kosmosun səsi” adlı elmi-musiqili konsert təqdim olunub.
2025-ci ilin aprel ayında 6 ölkədən 21 əcnəbi professorun iştirakı ilə beynəlxalq təlim aylığı təşkil edilib, 1500-ə yaxın iştirakçı cəlb olunub. Acıbadem Universiteti ilə əməkdaşlıq protokolu imzalanmış, Macarıstan parlamentinin vitse-spikeri Sándor Lezsák, TÜRKSOY-un baş katibi Sultan Raev və professor İlber Ortaylı universitetdə olub.

Universitet-sənaye əməkdaşlığı çərçivəsində 40 müqavilə, o cümlədən 26 xarici müəssisə ilə əməkdaşlıq sənədi imzalanıb. Karyera Sərgisində 640 vakant yer təqdim edilib, 132 nəfər yerində işlə təmin olunub. Hesablama Palatası ilə birgə təlimlər keçirilmiş, tələbələrin bir qismi işlə təmin olunub.

NDU TÜRKÜNİB-ə üzv seçilərək, IELTS və SAT imtahan mərkəzlərində onlarla namizəd iştirak edib,  TIES proqramı ilə tələbə mübadiləsi həyata keçirilib. Kembric Məktəbi yenidən qurulub, olimpiada hazırlıq mərkəzi yaradılıb, şagirdlər beynəlxalq olimpiadalarda çoxsaylı medal və mükafatlar qazanıb.
Beləliklə, 2025-ci il Naxçıvan Dövlət Universitetinin inkişaf tarixində strateji dönüş və rekord nailiyyətlər ili kimi yadda qalıb.