NDU Türkiyə universitetləri ilə Duz Araşdırmaları Tədqiqat Mərkəzi yaradacaq – Rektor

14 Noyabr, 2025 - 17:04
NDU Türkiyə universitetləri ilə Duz Araşdırmaları Tədqiqat Mərkəzi yaradacaq

"Naxçıvan Dövlət Universitetinin elmi tədqiqat strategiyasında duz araşdırmaları mövzusu prioritet istiqamətlərdən biridir. Biz illik elmi-tədqiqat planını hazırlayarkən ölkəmizin və elmin müxtəlif problemlərinin öyrənilməsi ilə yanaşı, əsasən Muxtar Respublikamızın potensialının elmi araşdırmalara cəlb olunması istiqamətində də işlər aparırıq".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”ndə jurnalistlərə açıqlamasında NDU-nun rektoru Elbrus İsayev deyib.

Rektor bildirib ki, Naxçıvanın elmi potensialı üçün Duzdağ mədəni həm beynəlxalq, həm də yerli əhəmiyyətə malik çox unikal bir tarixi abidə və təbii sərvətdir: “Bu təbii resursun, təbii abidənin öyrənilməsi istiqamətində biz müxtəlif elmi axtarışlar aparırıq. Naxçıvan alimləri, eləcə də ölkəmizin qabaqcıl tədqiqatçıları uzun illər Duzdağ mağarasını və Duzdağ mədənini araşdırmaq üçün burada arxeoloji, folklor və tarixi tədqiqatlar aparıblar, müxtəlif simpozium və konfranslar keçiriblər”.

Rektor əlavə edib ki, Naxçıvan Dövlət Universiteti də ilk olaraq “Duzdağ Respublika Konfransı”nı keçirdikdən sonra bu konfransın beynəlxalq səviyyədə davam etdirilməsi barədə qərar qəbul edib: “Bu baxımdan, artıq üç il əvvəl universitetin Elmi Şurasında təsdiq olunmuş elmi strategiyada duz araşdırmaları mövzusu üzrə beynəlxalq tədqiqat qrupunun yaradılması qərara alınıb. Birinci mərhələdə isə beynəlxalq konqresin keçirilməsi planlaşdırılıb. Bu gün üçüncüsü gerçəkləşdirilən həmin konqres artıq respublika miqyasını aşaraq beynəlxalq duz tədqiqatçılarını öz ətrafında toplayır. Heç də təsadüfi deyil ki, qardaş Türkiyədən İğdır və Çankırı Karatekin Universitetlərinin bu konqresin təşkilatçıları sırasında yer alması bizi sevindirir. Ona görə ki, bu universitetlərin yerləşdiyi ərazilərdə — İğdırdakı Tuzluca duz mədəni və Çankırıdakı Çankırı duz mədəni — Naxçıvan duz mədəni ilə çox oxşar xüsusiyyətlərə malikdir. Bu duz mədənləri arasında tədqiqat eyniliyi mövcuddur. Konqresin təşkilatçılarından biri də Polşanın Jeşuf Universitetidir. Varşavada yerləşən məşhur Veliçka duz mədəni də dünyaca tanınan duz mədənidir və oradan olan tədqiqatçıların da bu konqresdə iştirakı bizim üçün önəmlidir. AMEA-nın Naxçıvan bölməsinin alimləri də konqresə qoşulublar. Biz gələcəkdə Bolqarıstan və Avstriya tədqiqatçılarını, həmin ölkələrin duz mədənləri olan şəhərlərinin universitetlərini də konqres ətrafına toplayaraq beynəlxalq ekspedisiyanın fəaliyyətini təmin etməyi planlaşdırırıq”.

Rektor bildirib ki, Konqresin ən ciddi əhəmiyyəti İğdır, Çankırı Karatekin Universiteti və Naxçıvan Dövlət Universitetinin razılığı əsasında birgə Duz Araşdırmaları Tədqiqat Mərkəzinin — institutun yaradılmasına nail olmaqdır: “Yaxın vaxtlarda əməkdaşlıq memorandumu imzalandıqdan sonra bu tədqiqat institutunun rəsmləşməsi də reallaşacaq. Konqresin məqsədi duz mədəninin tarixi ilə yanaşı, uzun illər tədqiqatdan kənarda qalmış Naxçıvan duzunun kimyəvi və sənaye əhəmiyyətinin daha dərindən öyrənilməsidir”.