Universitetlərdə elmi fəaliyyətin təşkili və idarəetmə (III YAZI)
Universitetlərdə Elmi məktəblər
Elmi məktəblər tədqiqat proqramı, vahid düşüncə tərzi ilə birləşdirilən və bir qayda olaraq, görkəmli alimlərin rəhbərlik etdiyi elmi strukturlardır. Elmi məktəb idrak prosesini və biliyin ötürülməsi prosesini birləşdirir. Elmi məktəblərdə ünsiyyətin və qarşılıqlı əlaqənin təşkili formaları elmi seminarlar, kollokviumlardır, hansı ki, çox vaxt qeyri-rəsmidir. Elmi məktəbi tələbələrsiz təsəvvür etmək mümkün deyil. Müəllim məharəti, tədqiqat sənətini dərk etməyə kömək edir, o elmə “bələdçi”dir. Elmi məktəbin mühüm xarakteristikası elmi dərəcə almış tələbələrdir.
Akademik azadlıq prinsipinin bilavasitə daşıyıcısı olan elmi məktəb öz rəhbəri və ona müvafiq elmi töhfəsi sayəsində yaranır və öz həyat dövrünə uyğun olaraq xitam verir (yaxud başqa elmi məktəbə birləşir).
Artan bürokratik dövriyyə ilə əlaqədar olaraq kafedra müdiri müəyyən elmi məktəbin rəhbərindən daha çox inzibatçıya çevrilir (hazırda isə kafedra müdirindən daha çox inzibati istedad tələb olunur).
Daxili təhsil çərçivəsində şöbənin işi daha çox maarifləndirici fəaliyyətə yönəlib. Elmi məktəb yalnız elmi biliklərin yaradılması və ötürülməsi, üstəlik, cəmiyyət üçün faydalı olması üçün nəzərdə tutulub. Çox vaxt müasir ali təhsil sistemi şəraitində müəllim bir elm sahəsi üzrə mühazirə oxuyur, digərində isə tədqiqat aparır. Belə ki, o, kafedra çərçivəsində təhsil biliklərinin kapitalını, tədqiqatları çərçivəsində isə elmi biliklərin kapitalını təkrar istehsal edir.
Eyni zamanda, elmi məktəb, elm aləmində formalaşmış ideyalara uyğun olaraq, aşağıdakı xüsusiyyətlərə uyğun olmalıdır:
- elmi ictimaiyyətdə şöhrət;
- yüksək səviyyəli tədqiqat, onların orijinallığı,
- elmi reputasiya;
- elmi ənənələr;
- nəsillərin davamlılığı .
Elmi məktəbin əlverişli mövcud olmasının ilkin şərti vicdanlı alimlərin yetişdirilməsi prosesidir.
“Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qeyd olunur: “Azərbaycanda elmi-tədqiqat sahəsində ənənələr davam etdirilməli, əqli mülkiyyət, elmi yaradıcılıq və elmi məktəblər daxilində varislik qorunmalıdır. Nəsillərin və elmi ənənələrin davamlı şəkildə əvəzlənməsinin müasir elmin inkişafının əsasını təşkil etməsi prinsipinə riayət olunmalıdır. Mövcud elmi məktəblərin inkişafı üçün respublikanın elmi tədqiqat institutlarında, nazirlikləri və dövlət komitələri nəzdində fəaliyyət göstərən elmi strukturlarda, ali məktəblərdə və digər qurumlarda aparılan elmi tədqiqatlar əlaqələndirilməli, tədqiqatçılar arasında elmi kommunikasiyalar müasir standartlar səviyyəsində təşkil olunmalı, ənənəvi elmi məktəblər təbliğ edilməlidir. Bu məqsədlə aparıcı elmi istiqamətlər üzrə araşdırmaların davamlı surətdə gənc tədqiqatçılara ötürülməsi üçün xüsusi proqram hazırlanmalı, ali məktəblərin və sahə institutlarının elmi kadrlarla təminatı, maddi-texniki bazası müasir tələblərə uyğun yeniləşməli, tədqiqatların təşkili, idarə edilməsi və beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
Elmi varisliyin təmin edilməsi Azərbaycanın və dünyanın qabaqcıl ölkələrindəki elmi ənənələrin sintezinə nail olmaqla yeni elmi tədqiqat ənənəsinin yaranmasına, ölkənin elm üzrə qabaqcıllar sırasına çıxmasına xidmət etməlidir”.
Universitetlərdə akademik fəaliyyətin qiymətləndirilməsi sistemləri
Universitetlərdə tələbələr tərəfindən “müəllimlərin qiymətləndirmə sistemi” tətbiq edilir. ABŞ universitetlərində bu sistem 1920-ci ildən etibarən tətbiq edilir və bu sistemin 3 əsas funksiyası mövcuddur:
Bəzi ölkələrdə isə müəllimlərin tələbələr tərəfindən qiymətləndirilməsi müsbət qarşılanmır. Məsələn, Rusiya Federasiyasının Ali İqtisad Məktəbinin (“Высшая Школа Экономики”) rəhbərliyi müəllimlərin tələbələr tərəfindən qiymətləndirilməsini qəbul etmir və bu sistemin neqativliyə yol açacağını, yəni tələbələrə qarşı loyal davranan və onların qiymətlərini şişirdəcək müəllimlərə yüksək bal yazılacağından narahatlıq var. .
Bu problemi Azərbaycan universitetləri üçün söyləmək mümkündür. Bu model müəllimlər haqqında qeyri-obyektiv məlumat verə bilər.
Qərb universitetlərində tələbələr tərəfindən «müəllimlərin qiymətləndirmə sistemi»ni Azərbaycanda ali məktəb müəllimlərinin peşəkarlıq səviyyəsini müəyyən edən mexanizm kimi qəbul etmək mümkün deyildir.
Müəllim əməyinin nəticələrinin qiymətləndirilməsi və təhlili sisteminin işlənib hazırlanmasının praktiki əhəmiyyəti ondan ibarətdir ki, o, ali məktəb rəhbərliyinə bir sıra imkanlar verir:
1) professor-müəllim heyətinin fəaliyyəti haqqında hesabat məlumatlarının toplanması;
2) ali məktəb müəllimlərinin reytinqinin tərtib edilməsi;
3) ali məktəbin kadr siyasətinin planlaşdırılması;
4) müəllimlərin motivasiya olunması sisteminin inkişafı;
5) maddi marağın təmin edilməsi prinsipinin həyata keçirilməsi yolu ilə müəllim əməyinin aktivləşdirilməsi;
6) müəllimlərin əməkhaqqının həvəsləndirici hissəsinin bölüşdürülməsinin əsaslandırılması;
7) maliyyə planlaşdırması;
8) müəllimlərin və dolayısı ilə ali məktəb tələbələrinin insan kapitalının qiymətləndirilməsi;
9) ali məktəb müəllimlərinin və tələbələrinin insan kapitalının inkişafının proqnozlaşdırılması və planlaşdırılması;
10) ali məktəbin inkişaf strategiyasının əməkdaşlara dolayı şəkildə çatdırılması;
11) təhsil müəssisəsinin rəqabətqabiliyyətliliyinin, o cümlədən beynəlxalq rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün şəraitin yaradılması.
Müasir şəraitdə müəllimin elmi tədqiqat işləri universitetdə onun imicinə müsbət təsir edən əsas vasitələrdən və xüsusiyyətlərdən hesab olunur. Elmi nəticələr əvvəldə bildirdiyimiz kimi, əsasən, konfranslarda səslənir, tədris prosesi isə “bağlı qapılar arxasında” müəllimlə tələbənin real dialoqu əsasında auditoriyada aparılır. Bu işin nəticəsi uzunmüddətli perspektivdə özünü göstərə bilər, yəni məzun işə düzəldikdə nəticə kimi qəbul etmək olar. Elmi tədqiqat işləri “tez xarab olan” resurslardır və onlar, adətən, cari mərhələdə aktualdır, istənilən rəqabət mühitində isə daim potensialın artırılması tələb olunur: ildən-ilə elmi tədqiqat işləri üzrə hesabat formaları mürəkkəbləşdirilir və bu hal ali təhsilin keyfiyyətinin ümumilikdə meyarlarına da aiddir. Universitetlərin iqtisadi korporasiyalara çevrilməsi yeni tip müəllimləri tələb edir. Müəllim bu halda özünün elmi tədqiqat işləri ilə yanaşı, onun reallaşdırılmasında, yəni elmi logistikanın təşkilində iştirak etməlidir.
Konkret elmi nəticə necə əldə olunur? Bu sual olduqca düşündürücüdür. Adətən, bu suala cavab ictimaiyyətə böyük əhəmiyyətli elmi tədbirlərdə məruzələr və onların müzakirəsi zamanı məlum olur. Birincisi, dərcetmə – məruzənin tezisləridir. Növbəti mərhələdə tədqiqat dərinləşdikcə məruzə məqaləyə çevrilir və hər hansı bir tematik topluda və ya elmi jurnalda dərc olunur. Birinci halda ideyanın tez yayılması daha çox diqqət çəkir, belə ki, tematik toplu faktiki olaraq kollektv monoqrafiyaya çevrilir və qrup şəklində tədqiqatçıların əldə etdikləri nəticələri özündə əks etdirir. Növbəti mərhələ isə jurnalda dərc olunma və ya monoqrafiyanın buraxılması ilə yekunlaşır və bu mərhələnin bitməsi baş verir. Yaxşı monoqrafiya – bir neçə məqalələrin (elmi nəticələrin) mexaniki birləşməsindən ibarət deyildir, elmi nəticələri özündə əks etdirən əsərdir. Dərsliyin yaradılmasında isə daha çox geniş yayılan və istifadə olunan, o cümlədən tədris prosesinə daxil edilən materiallara üstünlük verilir.
Beləliklə, elmi nəşrlərin təbii zənciri bundan ibarətdir: məruzələrin tezisləri; tematik toplular; monoqrafiyalar; dərsliklər. Bu halda konfransların materialları, məqalələr toplusu, monoqrafiyalar, dərsliklər, başqa sözlə, dərc olunanların əsas kütləsi (elm və texnikanın inkişafına yönəlmiş) inkar olunur. Konfransların materiallarına, yəni ideyaların ilk dəfə dərc olunduğu nəşrlərə daha çox əhəmiyyət verirlər.
Son onilliklərdə cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklər (xüsusən postindustrial dövrdən informasiya erasına keçid) ali təhsil sisteminin funksiya və rolunun transformasiyasına öz töhfəsini vermişdir. Bu innovativ yeniliklər getdikcə daha çox tətbiq olunmağa başlandı və akademik sektorun artan rolu təkcə əmək bazarının insan resursları ilə təmin edilməsində deyil, həm də sənaye sektoru ilə birgə tədqiqatlar, konsaltinq və patentləşdirmə yolu ilə bilik və texnologiyanın ötürülməsində özünü göstərdi. Bu gün universitet sistemində tədqiqatın dəyərinə önəm verən bonus mexanizmindən istifadə edilir. Bir çox universitetlərdə professor-müəllim heyətinin əməkhaqqının bir hissəsi müxtəlif meyarlara və ölçülə bilən nailiyyətlərə (məsələn, tədqiqat məhsulu) əsasən müəyyən edilir.
Avropa Birliyinin (AB) əksər ölkələri Ali təhsil təşkilatlarının fəaliyyətinin səmərəliliyinin nəzərə alınması əsasında qurulan tədqiqatların və layihələrin maliyyələşdirilməsi sistemlərinə, yəni fəaliyyətin səmərəliliyi əsasında maliyyələşdirmə sistemlərinə (Research Performance Based Funding, SƏM) keçir. Bu sistemlər ETTLİ-nə (elmi-tədqiqat və təcrübi-layihə işləri) büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyinə nəzarət elementlərinin hələ maliyyənin elmi təşkilatlar arasında bölüşdürülməsi mərhələsində tətbiq edilməsini nəzərdə tutur: ən yaxşı səmərəlilik göstəriciləri olan təşkilatlar mütənasib olaraq daha çox dövlət subsidiyası alır.
Onilliklər ərzində akademik tədqiqatların nəticələri, fərdi elmi məhsuldarlıq, onların ölçülməsi və stimullaşdırılması haqqında müzakirələr davam edir. Əgər elmi nəticənin qiymətləndirilməsinə yanaşmaların təkamülünü sxematik şəkildə təsvir etməyə çalışsaq, onda bizim nöqteyi-nəzərimizdən o, üç mərhələyə bölünəcək.
1. İlkin mərhələ (XX əsrin ortalarına qədər). Elmi nəşrlər hesabına tədqiqatçılar bir-birinin elmi fəaliyyətini təqib etmə imkanı əldə etdilər.
2. İkinci mərhələ (1950-1990-cı illər). Kütləvi ali təhsilin inkişafı və elmi jurnalların sayının artması ilə sadə biblioqrafik göstəricilərin kəmiyyət təhlilinə əsaslanan bibliometrik üsullar meydana çıxdı.
3. Üçüncü mərhələ (2000-ci illərdən indiyədək). İnformasiya texnologiyalarının inkişafı və onlara marağın artması elmi nəticənin və elmşünaslığın qiymətləndirilməsi imkanlarını genişləndirmişdir. Beləliklə, sitat indeksləri meydana çıxdı - sitat gətirilən və istinad edilən nəşrləri ehtiva edən indekslər və ya verilənlər bazası (məsələn, e-kitabxana platformasında Web of Science, Scopus, RSCI istinad verilənlər bazaları); keyfiyyət qiymətləndirmələri ilə əlavə edilmiş (alim, təşkilat və ya jurnal) sitatın kəmiyyət göstəricisi (məsələn, beynəlxalq məlumat bazalarında indeksləşdirilmiş birinci və ikinci kvartillərin elmi nəşrlərindəki məqalələrin sayı, özünə istinadsız Hirş indeksi); nəşr reytinqləri və bibliometrik faktların sosioloji şərhi, böyük verilənlərlə işləməyə əsaslanan metodlar və s. inkişaf etdilər. Aydındır ki, elmin yüksək keyfiyyətli və səmərəli idarə olunması çoxlu sayda şərtlərə əməl olunmasını nəzərdə tutur, bilik və peşəkarlıq tələb edir.
Milli elmi sistem kimi mürəkkəb bir obyektin idarə edilməsi elmin mahiyyətini və xüsusiyyətlərini dərindən dərk etməyi, onun daimi araşdırması və monitorinqi, elmin inkişafının tarixi təcrübəsi və onun müasir sosial kontekstlə əlaqəsi, aydın prinsipləri və məqsədləri olan hərtərəfli düşünülmüş elmi siyasət, elmi inkişafı stimullaşdıran normativ hüquqi baza, peşəkar mütəxəssislər tərəfindən qurulan və komplektləşdirilmiş elmi idarəetmə orqanları sistemi, müasir alətlərin və idarəetmə mexanizmlərinin geniş arsenalından istifadə etmək zərurətini meydana çıxarır.
Müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsi və idarə edilməsi proseslərini həyata keçirən inzibatçılar, əsasən, nəşr sayı və elmi jurnallarda istinad edilmələrindən istifadə edirlər. Bizim fikrimzicə, elmi işçilərin və kollektivlərin fəaliyyətinin qiymətləndirilməsi çox ciddi ekspertizaların nəticəsi əsasında aparılmalı və elmi nəticələrin publik olaraq müzakirəsindən sonra həyata keçirilməlidir.
Beləliklə, elmşünaslıq elmi məhsuldarlığın qiymətləndirilməsinin 4 komponentini ayırır:
1) əhəmiyyəti/təsiri («impact» – sitatların sayı);
2) keyfiyyət (peer-review ilə);
3) əhəmiyyəti (kifayət qədər vaxt keçməyincə aydın olmaya bilər);
4) kəmiyyət (dərc olunan məqalələrin sayı təsirlə yüksək korrelyasiyaya meyillidir).
Ali təhsil sisteminin elmi fəaliyyətində mövcüd problemlər
Sosial-siyasi elmlər sahəsində biliyə əsaslanan keyfiyyətli mütəxəssislərin hazırlığı məsələsi universitetlər qarşısında mühüm vəzifə kimi qarşıya qoyulmuş və özəlliklə, dünya maliyyə bazarlarının və xarici investisiya axınlarının istiqamətlərini təhlil edən elmi mərkəzlərin yaradılması günün əsas tələblərindən biri olaraq qalır.
Ali təhsil müəssisələrində vəzifələrin strukturu 1937-ci ildən dəyişməz olaraq qalmışdır. Məsələn, fəlsəfə doktoru dərəcəsi qazanmayan müəllimlər on illərlə müəllim vəya baş müəllim kimi işləyə bilər və əmək pensiyasına belə çıxa bilir. Universitetlərdə müəllimlik missiyası üstünlük təşkil edir. Doktorantların əksəriyyəti təhsil proqramını tamamlamır və məzun olanların 15%-i dissertasiyasını uğurla müdafiə edib elmi dərəcə ala bilirlər. Beləliklə, statistik göstəricilərə görə, fəlsəfə doktoru proqramlarını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə cəmi 11 faizi dissertasiyanı vaxtında müdafiə edib.
Bu statistik göstəricilər gənclərin elmi fəaliyyətə aktiv cəlb olunması istiqamətində müvafiq addımların atılmasını zəruri edir və qarşıda duran əsas vəzifələrdən biridir.
İkinci problem dissertasiyaların keyfiyyətinin aşağı olmasıdır ki, bu da bir sıra amillərlə bağlıdır. Onlardan biri elmi rəhbərliyin keyfiyyətinin aşağı olmasıdır. Doktorantları təkcə güclü tədqiqat mərkəzləri olan universitetlər deyil, həm də elmi işlərin nisbətən aşağı səviyyədə aparıldığı universitetlər hazırlayır. Hazırlanan dissertasiyalara qoyulan tələblər eynidir. WES baza qeydiyyatdan keçmiş dünya elmi jurnallarının təxminən yarısı Amerika nəşrləridir. İkinci yerdə Böyük Britaniya (711 min nəşr), üçüncü yerdə Yaponiya (686 min nəşr), dördüncü yerdə Almaniya (632 min nəşr) qərarlaşıb. Yuxarıda göstərilən rəqəmlərdən göründüyü kimi, bu iyerarxiyada Amerika və ingilis nəşrləri birinci yerdədirlər və lazım olduğu kimi, ilk növbədə öz alimlərinin nəşrlərini yerləşdirirlər. Anglo-Sakson dünyasından kənarda işləyən alim, yalnız mükəmməl ingilis dilində məqalə yazsa və ya mükəmməl tərcüməçiyə (kifayət qədər yüksək məbləğə ) sifariş verərsə, Amerika və ya ingilis nəşrində dərc olunacağını gözləyə bilər. İngilis dilinin üstünlüyü müəyyən şəraitdə milli alimlərin yüksək Hirş indeksinə malik olmasını çətinləşdirən başqa bir maneəyə çevrilir.
Genimiqyaslı problemlərən biri də elmi məqalələrə istinad məsələsidir, keyfiyyət göstəriciləri yerinə, kəmiyyət göstəricilərinə üstünlük verilir. Akademik ictimaiyyətin əksər nümayəndələri artıq bu fikirdədirlər ki, dünyada elmi nəşrlərin keyfiyyəti əvəzinə, onların miqdarına daha çox üstünlük verilməkdədir. Belə ki, dərsdemə yükləri daim artır, tələbələrin sayı çoxalır, əksər müəllimlər üçün isə elmi tədqiqatlar ön plana çıxır və tədris ikinci dərəcəli işə çevrilir. Məlumdur ki, tələb təklifi formalaşdırır, buna görə də çoxlu sayda oxunmayan və kütləvi nəşrlər üçün nəzərdə tutulan jurnalların sayı artmaqdadır, bu jurnalların əsas vəzifəsi dərcedilmə fəallığını təmin etməkdir. Bununla yanaşı, daim dərc olunma tələbi akademik cəmiyyətin fərdiləşdirilməsinə aparır: ali təhsil müəssisələri akademik kommissiyalara və gənc əməkdaşlara kömək tələb olunan sahələrə az vaxt sərf edirlər. Belə ki, onlar üçün əsas prioritet daha çox dərc olunmaq və xarici qrantlar əldə etməkdir, bu halda karyera artımı mümkün olur. Buna görə də gənc alimlər özlərinin akademik karyerasının başlanğıcında belə bir fikri özləri üçün əsas qəbul edirlər ki, onların əsas vəzifəsi həqiqəti axtarmaq deyil, daha çox dərc olunmaq əsas məqsəddir. Bu isə onların peşə intizamına, keyfiyyət standartlarına və tədqiqatçı davranışlarına mənfi təsir göstərə bilər.
Şübhəsiz ki, 21-ci əsrdə elmi kommunikasiya dünyasında problemlər davam edir. Əksəriyyətinin elmi dəyəri az olan və ya heç olmayan konfransların təşkili və məqalələrin kütləvi şəkildə yazılması; akademik etikadan asılı olmayaraq nəyin bahasına olursa-olsun nəşr etmək; böyük transmilli nəşriyyatların hərisliyi və vicdansız naşirlər dəstəsinin böyüməsi — bütün bunlar hazırkı elmi fəaliyyətin inkişafında çaşqınlığa səbəb olur.
Psevdo-konfranslar (Psevdokonfransların təşkilatçılarını üç meyarla fərqləndirmək olar: onlar aşağı akademik səviyyəli iclaslar keçirirlər, əsas məqsədləri elmi inkişaf etdirmək deyil, qəlir əldə etməkdir; onlarda peer review sistemi (resenzent) yoxdur, ona görə də hər kəs danışmaq hüququnu ala bilər; onlar hiylələrə əl atırlar, tez-tez potensial iştirakçılara spiker seçimi sistemi haqqında yanlış məlumat verirlər, şirkətlərinin əsl yerini və onun sırf kommersiya xarakterini gizlədirlər) akademik mühitdə təxminən 20 il əvvəl yayılmağa başladı və artıq elmi icmaların təşkil etdiyi real konfransları üstələyir. Hazırda demək olar ki, hər ay bütün böyük şəhərlərdə - Tokiodan Torontoya, Sidneydən Helsinkiyə qədər psevdokonfranslar keçirilir. Bu cür “konfranslar” təşkil edən vicdansız şirkətlər arasında rəqabət o qədər güclənib ki, onlar da diqqətlərini kiçik şəhərlərə yönəltməyə başlayıblar. Hətta yalnız belə psevdokonfransları təbliğ etməyə yönəlmiş xüsusi aqreqator saytlar var.
Psevdokonfransların təşkilatçılarını üç meyarla fərqləndirmək olar:
- onlar aşağı akademik səviyyəli iclaslar keçirirlər, əsas məqsədləri elmi inkişaf etdirmək deyil, gəlir əldə etməkdir;
- onlarda peer review sistemi (resenzent) yoxdur, ona görə də hər kəs danışmaq hüququnu ala bilər;
- onlar hiylələrə əl atırlar, tez-tez potensial iştirakçılara spiker seçimi sistemi haqqında yanlış məlumat verirlər, şirkətlərinin əsl yerini gizlədirlər və onun sırf kommersiya xarakterini gizlədirlər.
ABŞ, Kanada, Yaponiya, İngiltərə kimi ölkələrdə beynəlxalq konfrans adı altında təşkil edilən tədbirlərdə Azərbaycan və ya rus dillərində məqalə və tezislərin dərc edilməsi, təşkil edilən “beynəlxalq” konfranslarda məruzəçilərin demək olar ki, 90%-nin azərbaycanlılardan ibarət olması kimi faktlar elmi nailiyyətlərin dürüst olmayan üsullarla əldə edilməsinə cəhd kimi qiymətləndirilməlidir.
Əksəriyyətinin elmi dəyəri az olan və ya heç olmayan konfransların təşkili və məqalələrin kütləvi şəkildə yazılması, akademik etikadan asılı olmayaraq nəyin bahasına olursa -olsun nəşr etmək, böyük transmilli nəşriyyatların hərisliyi və onlarla əlbir olan “naşirlər” şəbəkəsinin böyüməsi — bütün bunlar hazırkı elmi fəaliyyətin inkişafında çaşqınlığa səbəb olur. Bəzi ekspertlər hesab edir ki, “Caveat emptor”, yəni "alıcıya icazə verin, qoy özü ayıq olsun” prinsipini tətbiq etmək gərəkdir. Biz hesab edirik ki, tədqiqatçılara “yırtıcı nəşr” və “parazit konfranslar” haqqında məlumat vermək gərəklidir.
Müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsi və idarə edilməsi proseslərini həyata keçirən inzibatçılar, əsasən, nəşr sayı və elmi jurnallarda istinad edilmələrindən istifadə edirlər. Bizim fikrimzicə, elmi işçilərin və kollektivlərin fəaliyyətinin qiymətləndirilməsi çox ciddi ekspertizaların nəticəsi əsasında aparılmalı və elmi nəticələrin publik olaraq müzakirəsindən sonra həyata keçirilməlidir. Elmi jurnallarda dərc olunanlar və istinadların sayına görə hesablanan elmmetrik göstəricilər yalnız məlumat – yardımçı rolunu oynaya bilər. Məsələn, 1995-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı almış Ed Lyus çox az məqalə dərc etdirmiş və aşağı h–indeksə malik olmuşdur.
Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılmasına xüsusi diqqət ayrılmalıdır. Qrant maliyyələşdirməsi də daxil olmaqla, kommersiyalaşdırmanın dəstəklənməsi və stimullaşdırılması tədbirləri işlənib hazırlanmalıdır. Əqli mülkiyyət hüququnun əldə olunması və onlara sərəncam verilməsi sahəsində, eləcə də startap-şirkətlərin, texnoparkların və innovasiya araşdırmalarının maksimum tez və effektiv şəkildə tətbiq olunmasına şərait yaradan müxtəlif mülkiyyət formalı və digər müəssisələrin yaradılması sahəsində universitetlərin hüquqlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi zəruridir. Elmi araşdırmaların praktik nəticə əldə olunmasına yönəlməsi tədris prosesinin ayrılmaz hissəsi olmalıdır. Elmi-tədqiqatların kommersiyalaşdırılması üzrə göstəricilərin universitetlərin fəaliyyətinin səmərəliliyinin ümumi qiymətləndirilməsinə daxil edilməsi vacibdir.
Elmi məhsuldarlığın səmərəliliyinin və universitet müəllimlərinin məhsuldarlığının qiymətləndirilməsi məsələsi bu mövzunun tədqiqatçıları və mütəxəssisləri arasında uzun müddətdir ki, müzakirə olunur. Hətta tədqiqatçı alim və ya universitet müəlliminin məhsuldarlığını müəyyən etmək üçün elmi nəşrlərin əhəmiyyətinin qiymətləndirilməsindən imtina etmək təklifləri də daxil olur.
Ümumiyyətlə, belə bir qiymətləndirmə sistemi çox vaxt akademik elmin və akademik azadlığın institusional muxtariyyətinin məhdudlaşdırılması kimi qəbul edilir və bütövlükdə elmi fəaliyyətə və onun nəticələrinə tam nəzarətin həyata keçirilməsindən xəbər verə bilir.
Əvvəlki yazılar:
Universitetlərdə elmi fəaliyyətin təşkili və idarəetmə (I YAZI)
Universitetlərdə elmi fəaliyyətin təşkili və idarəetmə (II YAZI)
Zahid Məmmədov,
Əməkdar müəllim, iqtisad elmləri doktoru (TC, RF, AR), professor
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)