5 dekabr 2024

Bütün xəbərlər
test
26 noyabr, 10:44
266

Hazırda yalnız sənaye sektoru üzrə deyil, müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçirən Sumqayıt Dövlət Universitetinin (SDU) nüfuzlu reytinqlərdə fəal iştirakı onun beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayır. Reytinqlərdə iştirak SDU-nun fəaliyyət göstəricilərinin yüksəldilməsini və bu istiqamətdə bir çox vacib tədbirlərin həyata keçirilməsini zəruri edir.

SDU-nun rektoru Rüfət Əzizov “Azərbaycan müəllimi”nə müsahibəsində universitetin fəaliyyəti ilə bağlı bəzi məsələlər barəsində danışıb. 

Hazırda nəinki Azərbaycanda, eləcə də bütün dünyada iqlim savadlılığının artılması müzakirə olunan əsas məsələlərdən biridir. Sizcə, ölkəmizdə ali təhsil pilləsində iqlim savadlılığının tədrisi hansı səviyyədədir və bu imkanların artırılması üçün nə etmək olar? 

Əslində, iqlim savadlılığının artırılması ilə bağlı təhsil ayrıca başa düşülməməlidir. İstər ali təhsildə, istərsə də ümumi təhsildə bu, ümumi təhsil sisteminin böyük bir hissəsi olmalıdır. Bu, yalnız bir layihə, fənn və ya proqram kimi deyil, bütün mövcud fənlərə, ixtisaslara və təhsilin bütün səviyyələrinə inteqrasiya edilməlidir. Biz buna hərtərəfli baxmalıyıq. Ona görə də günün tələblərinə uyğun olaraq, istər ümumi, istər ali təhsildə iqlim dəyişikliyi ilə bağlı olan problemləri və digər davamlı inkişaf elementlərini nəzərə alaraq, proqramlarımızı yeniləsək, lazım olan pedaqoji yanaşmaları tətbiq etsək, dəyərləndirmə metodlarından istifadə etsək, bu, daha fundamental bir iş olacaq. Bu baxış ilə ümumi və ali təhsildə geniş şəkildə yanaşma tətbiq edə bilərik.

Konkret məsələlərə gəlincə, son dövrlərdə Azərbaycan ali təhsil müəssisələri bu sahədə böyük işlər görür. Əsas məsələ odur ki, hazırda hər bir universitet öz göstəricilərini qiymətləndirmək üçün beynəlxalq reytinqlərdə iştirak edir. Məsələn, Azərbaycan universitetləri “Times Higher Education” tərəfindən nəşr olunan reytinqdə iştirak edirlər. Bu reytinqlərdə enerji effektivliyi, nəqliyyat, tullantıların idarə olunması, suyun qənaətlə istifadəsi, tədqiqat və təhsildə davamlı inkişafla bağlı meyarlar nəzərə alınır. Universitetlər öz fəaliyyətlərini bu meyarlara uyğun qiymətləndirir, proqramlarını yeniləyir və müəllimləri maarifləndirirlər.

Eyni zamanda QS (Quacquarelli Symonds) davamlı inkişaf reytinqlərində iştirak edən Azərbaycan universitetləri öz nailiyyətlərini və çatışmayan cəhətlərini görürlər. Bu reytinqlərdə iştirak etməklə digər universitetlərin mövqelərini öyrənir və strateji planlarını buna uyğun şəkildə qururlar. Bundan əlavə, hər bir universitetin müxtəlif beynəlxalq layihələri var ki, onlar vasitəsilə məzmunun yenilənməsi həyata keçirilir, sırf dayanıqlı inkişaf hədəfləri ilə bağlı yeni məzmunlar yaradılır. Digər məsələ odur ki, bu gün müəllimlərin iqlim dəyişiklikləri ilə bağlı maarifləndirilməsi çox vacibdir. Amma bu, müəyyən qədər uzun müddət tələb edə bilər. İnsanlarda kütləvi şəkildə təfəkkürün dəyişməsinə ehtiyac var. Hesab edirəm ki, biz bu problemlərin öhdəsindən gələ bilərik.

İqlim dəyişmələri ilə bağlı mühəndislərin, biznes rəhbərlərinin, əməliyyat mühəndislərinin yetişdirilməsi necə olmalıdır? Biz təhsil məzmunumuzu bu suallara uyğun yeniləməyə çalışırıq. Müxtəlif tərəflərin – sənaye sektorunun, iş dünyasının, dövlət orqanlarının bu məsələləri davamlı olaraq, birlikdə  müzakirə etməsi, qərar verməsi və tətbiq etməsi vacibdir.   

  – SDU dünyanın təhsil müəssisələrinin reytinq cədvəllərində hansı mövqeni tutur? 

  – Sumqayıt Dövlət Universiteti bu il ilk dəfə olaraq, QS Avropa reytinqlərinə daxil olub. Biz QS reytinqlərində 483-cü, Qərbi Asiya reytinqlərində isə 31-ci yerdəyik. Qeyd edim ki, QS Avropa reytinqləri Avropada olan təxminən 6000 universitetin nəticələrinin qiymətləndirilməsindən sonra açıqlanır. Bu reytinqlərə Avropanın 700 universiteti daxil ola bilib. Azərbaycandan bu reytinqə 9 universitet daxil olub ki, onlardan biri SDU-dur. 

  – Ali məktəblərin elmi-tədqiqat profilli müəssisələrə çevrilməsi prioritet məsələlərdəndir. Bu, universitet müəllimlərinin tədrislə bərabər, tədqiqatla məşğul olmasını da zəruri edir. Bu baxımdan SDU müəllimləri dərs keçməklə yanaşı, tədqiqat işləri də apara bilirlər? Ümumiyyətlə, dünyada onların elmi əsərlərinə istinad necədir?

  – Yaxşı sualdır. SDU-nun əsas hədəfi sənayenin ehtiyaclarına uyğun kadr hazırlığı həyata keçirməkdir. Əlbəttə ki, universitetin profesor-müəllim heyəti tədqiqatla məşğul olur və olmalıdır da. Amma qəbul etməliyik ki, SDU-nun gələcək 5 il üçün strateji inkişaf planındakı hədəfləri daha çox profesor-müəllim heyətinin təkmilləşdirilməsi, sənaye ilə əlaqələrin inkişafı, beynəlmiləlləşdirmə, dayanıqlı inkişaf, ömür boyu təhsillə bağlıdır. Biz tədqiqatlar edirik, amma real yanaşsaq, bizim gələcək 5 ildə tədqiqat universiteti olmaq kimi bir hədəfimiz yoxdur. Buna baxmayaraq, SDU tərəfindən tədqiqatı təşviq etmək üçün müəyyən təşviqlər həyata keçirilir. Bununla bağlı ilk dəfə olaraq, 2024-cü ildə bizim universitetə professor-müəllim heyətini tədqiqatlara cəlb edə bilməyimiz üçün büdcə ayrılıb. Eyni zamanda qeyd etmək lazımdır ki, son bir ildə SDU-nun beynəlxalq elmmetrik bazalarda göstəriciləri kifayət qədər yüksəlib. Məhz elə bu göstəricilərin hesabına beynəlxalq reytinqlərə daxil ola bilmişik. Reytinqlərə daxil olmaq üçün müəyyənləşdirilmiş minimal hədləri keçmək lazımdır. Bu mənada biz həm məqalələrin, həm də onlara istinadların sayının müəyyən qədər artdığını müşahidə edirik.

 – İstinadlar daha çox hansı istiqamətlər üzrə aparılmış tədqiqatlara aid olub? 

  – SDU ənənəvi olaraq, bəzi sahələrdə daha təcrübəlidir. Bu, məsələn, kimya, kimya mühəndisliyi, energetika, riyaziyyat sahəsidir. Bu istiqamətlər üzrə həm çoxlu elmi məqalərimiz var, həm də onlara istinadların sayı çoxdur. 

 – Bu gün SDU-nun müəllimləri tələbələrinə müasir, beynəlxalq tələblərə uyğun dərs keçə bilirlər? 

 – Universitet rəhbərliyi müəllimlər qarşısında belə bir məqsəd qoyub. Universitetə həm tədrisin məzmunun yenilənməsi kimi kimi hədəflər qoyulub, həm də son bir ildə keyfiyyət təminatı sistemi tamamilə yenidən qurulub. Bu sistem özü müəllimin tələbəyə çatdıracağı məzmunu, onun keyfiyyətini, eləcə də tələbədən müəllimin keçdiyi dərsə olan münasibəti öyrənir. Yəni bizim hazırda çoxfunksiyalı monitorinq sistemimiz var. Buna uyğun olaraq, müəllimlərin qiymətləndirilməsi aparılır. Qiymətləndirilmə nəticəsində professor-müəllim heyətinin peşəkar inkişaf ehtiyaclarını görürük. 

 – Bu ehtiyaclar nələrdən ibarətdir? 

 – Ehtiyaclar çoxşaxəlidir. Bunlar daha çox qiymətləndirmə ilə bağlı yeni yanaşmaların tətbiqi, dərsin layihə əsasında keçirilməsi, tələbələrə bilik və bacarıqların öyrədilməsi üçün çalışmaların verilməsi, məzmunun, tədqiqat işlərinin sənaye ilə əlaqələndirilməsi, elmi rəhbərlərin sənayedən müəyyən olunması və s.-dir. Daha çox müəllimlərin tələbələrə yanaşması, onların ünsiyyət qabiliyyətinin, təqdimat etmə, eləcə də rəqəmsal bacarıqlarının inkişafına ehtiyac var. Bundan əlavə, SDU son 1 ildə gənc müəllimləri işə qəbul etməyə başlayıb. Eyni zamanda, sənaye sahəsində çalışan, ölkənin ən böyük şirkətlərində çalışan 25 nəfər hazırda universitetimizdə dərs deyir. Onların bəziləri rəhbər şəxslər, mühəndislərdir. Düşünürəm ki, bu, bizə yanaşmaları yeniləməkdə kömək edəcək.

  – Müəllimlər üçün sadaladığınız problemlər hansı səbəblərdən ortaya çıxır?

  – Bu problemlər ona görə yaranıb ki, müəllimlər uzun müddət dərs keçmə üçün ənənəvi üsullardan istifadə ediblər. Onların qarşılarına yenilənmə ehtiyacının olması ilə bağlı elə bir tələb də qoyulmayıb. Əslində, insan bir işi uzun müddət görəndə artıq onu başqa cür görmək çətinləşir. Eyni dərsi 20 il eyni cür keçən müəllimin qarşısında həm məzmunun yenilənməsi, həm də bu məzmunun tələbəyə çatdırılması üçün müxtəlif pedaqoji metodlardan istifadə ilə bağlı tələblər qoyanda müəyyən qədər çətinliklərimiz yaranır. Amma bu cür çətinliklərin əhatə dairəsi geniş deyil. Düşünürəm ki, tez bir zamanda onları da həll edə biləcəyik.

  – Bəs bunun üçün hansı yollardan istifadə edəcəksiniz? Planlaşdırdığınız təlimlər bu problemlərin həlli üçün yeganə çıxış ola bilər?

  – Təlimlərdən əlavə universitetə xaricdə təhsil almış gəncləri, eyni zamanda, sənaye sektorunda çalışan müəllimləri cəlb edirik. Düşünürəm ki, getdikcə yenilənmə baş verəcək.

  – Texnoloji yeniliklər sənayenin kadrlara olan ehtiyaclarını getdikcə dəyişdirir. Daha çox sənaye sektoru üçün kadr hazırlığı həyata keçirən bu universitetin məzunları hazırkı tələbata cavab verir?

  – SDU iş dünyası ilə əlaqələrini gücləndirir. İstər Sumqayıtda, istərsə regionlarda olan sənaye müəssisələri ilə sıx əlaqə yaradırıq və bunun nəticəsində sənaye sektorunun hazırkı ehtiyaclarını görürük. Biz kadrlarımızın sənaye sahəsinin tələbatlarına uyğun gəlməsi üçün çalışırıq. Bunu etmək üçün hazırda sənayenin ehtiyaclarını daha dərindən öyrənirik. Professor-müəllim heyəti tez-tez sənaye müəssisələrində, sənaye müəssisələrinin əməkdaşları universitetdə olur, birgə konfranslar, görüşlər keçiririk. Bu kimi görüşlər üniversitetlə sənaye müəssisələri arasında müəyyən güvən yaradır. İndiyə qədər bu sahədə, yəni üniversitet- sənaye müəssisələrinin əməkdaşlığında bir qədər problem olub. Sənayenin üniversitetlərə güvəninin artması üçün davamlı görüşlər, müzakirələr keçirilməlidir. Güvən formalaşandan sonra artıq daha böyük işlərə keçmək olar. Ona görə bizim “tez bir zamanda kadrları sənaye sektorunun tələbatlarına  uyğunlaşdıracayıq” deməyimiz bir az vaxt tələb edəcək. Ən azı, bilirik ki, bu istiqamət üzrə düz yoldayıq.

  – Qeyd etdiniz ki, sənaye sektorunun kadrlara olan tələbatını öyrənirsiniz. İlkin nəticələr nələrdən ibarətdir? Sənaye sektorunun daha çox hansı kadrlara ehtiyacı var?

   – Bu tələbat müxtəlif istiqamətlər üzrədir: əməliyyatların idarəolunması, strateji idarəetmə, mühasibatlıq və s. kadrlara ehtiyac böyükdür. Əsas məsələ kadrların  bilik və bacarıqlarının sənaye sahəsinin tələblərinə uyğunlaşdırmaqdır. Sənaye sektoru nəzəri bilikdən daha çox tətbiqi biliklərə malik olan, müasir təcrübələri mənimsəyən kadrların axtarışındadır. Ola bilsin ki, bizim tələbələrimizin çox yaxşı nəzəri bilikləri var, amma yeni istifadə olunan elektrik sistemləri, onların çertyojlarının qurulması, avtomatika sistemləri, müasir istehsal müəssisələrinin iş prinsipləri, istehsal müəssisələrində təhlükəsizliyin təşkili kimi məsələləri o qədər də əhatəli öyrənmirlər. Biz bu ehtiyacları görürük və buna görə də hər il məzmunun bir hissəsini yeniləməyi planlaşdırırıq.

  – Tələbələrinizə praktiki biliklər öyrətmək baxımından çətinlikləriniz var?

  – SDU-da tələbələrin təcrübə keçməsi ilə bağlı imkanlar genişdir. Sumqayıtın demək olar ki, bütün sənaye müəssisələri, banklar, böyük market şəbəkələri ilə əlaqəmiz var. Nəzərə alaq ki, SDU yalnız sənaye sahəsi üçün kadrlar yetişdirmir, o, həm də klassik universitetdir. Burada iqtisadiyyat, idarəeetmə, mühəndislik, riyaziyyat, təbiət elmləri, filologiya, tarix, coğrafiya fakültələri var. Bu baxımdan biz bütün müəssisələrlə əlaqə yaradırıq. Artıq keçən ildən başlayaraq, tələbələrimiz ən yaxşı sənaye müəssisələrində təcrübə keçirlər. Biz bu işə çox ciddi önəm veririk, onların təcrübələrinin təşkilini davamlı olaraq nəzarətdə saxlayırıq. Bu, demək olar ki, gördüyümüz ən yaxşı işlərdəndir. Ola bilər ki, məzunlarımızın praktiki biliklərlə bağlı müəyyən çatışmazlığı olsun. Amma yaxşı nəzəri biliklərə malik olduğu halda, yaxşı da təcrübə keçərlərsə, müəyyən müddətdən sonra sənayeyə uyğunlaşa bilərlər. Tələbələrimizin bir hissəsi hətta təcrübədən sonra müəssisədə işləmək təklifi alır. 

Xəbər lenti

4 dekabr, 20:47
28

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
80

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
141

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
25

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
21

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
13

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
40

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
28

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
86

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
40

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
23

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.