Evdə təhsil necə təşkil edilir? - REPORTAJ
Harun Məmmədli 8 yaşındadır. Dörduşaqlı ailənin üçüncüsüdür. Ondan böyük – biri 10, o biri 11 yaşlarında iki bacısı, 4 yaşında bir qardaşı var. Ailədə yalnız Harun fərqlidir. Fərqli olduğu üçün xüsusi məktəbdə təhsil alır. 11 nömrəli xüsusi məktəbin evdə təhsil alan 532 şagirdindən sadəcə biridir. Onu fərqləndirən və xüsusi məktəbdə oxumasını şərtləndirən əsas amil həkimlərin ona qoyduğu diaqnozdur. Harun Məmmədli autizmdir, ona erkən infantil autizm və ya "Kanner" sindromu diaqnozu qoyulub.
Evdə təhsilin necə təşkil edildiyini, bu təhsil formasının səmərəliliyini, nə qədər əlçatan olduğunu görmək üçün ailəsindən icazə alıb Harunun dərsinə qatılmaq istədik. Artıq 2 ildir ona təlim keçən, 11 nömrəli xüsusi məktəbin müəllimi Xanım Mustafayeva ilə görüşüb təhsil müəssisəsindən o qədər də uzaq olmayan evlərinə getmək üçün görüş təyin etdik. “Azərbaycan müəllimi”nin fotoqrafı Kənan Qafarovla birlikdə görüş yerinə çatanda müəllimimiz bizi gözləyirdi. Bir neçə dəqiqəlik yol boyunca Xanım müəllimlə ancaq Harundan danışdıq.
Xanım Mustafayeva 11 nömrəli məktəbin müəllimidir. Evdə, sadəcə Haruna dərs deyir. 12 illik müəllimlik təcrübəsi olan Xanım müəllim deyir ki, xüsusi təhsil müəssisəsində fərqli uşaqlarla işləmək onun üçün maraqlıdır. Günün ikinci yarısı məktəbdə çalışır.
Məlumat üçün qeyd edək ki, xüsusi təhsil müəssisələrinin müəllimləri evdə ən çox 3 şagirdə dərs deyə bilərlər.
Beləliklə, Xanım müəllim həftədə 2 dəfə evindən çıxıb Harungilə gedir. 2 ildir həftədə 2 dəfə görüşmək öz sözünü deyib, müəllimi Harunu çox sevir, ondan danışanda gözləri gülür. Dediyinə görə, bəzən ipə-sapa yatmaz vaxtları olsa da, ümumilikdə xeyli yol qət ediblər: “Əvvəllər çox çətinlik çəkdik. Dərs müddətində nəinki tapşırıq etdirmək, bir yerdə 10 dəqiqə oturmağına nail olmaq belə çətin idi. Artıq dərsdə oturur, qaydalara riayət edir, verdiyim tapşırıqları yerinə yetirir. Diqqətini cəlb etmək üçün xüsusi yollar düşünür, müxtəlif vasitələrə əl atıram. Ümumilikdə işimizin nəticəsi var və hər dərsdən sonra onda irəliləyiş hiss olunur”.
Harungildə
Çatdıq. İçəridə bizi necə qarşılayacağını bilmədiyimiz xüsusi uşaq olduğunu bilmək həyəcanlandırır. Hiss edirik ki, müəllimi də həyəcanlıdır. Dərsinin necə alınacağı, Harunun bu dərsə diqqətini ayırıb-ayıra bilməyəcəyi onu da narahat edir. Axı ilk dəfədir dərslərində yad adamlar olacaq.
Bizi qapıda atası qarşıladı. Ata Gündüz Məmmədli bu gün işə getməyib. İşləyən, ailənin yeganə çörək gətirəni odur. Evdar qadın olan ana Harunun bacılarını məktəbə aparıb. Bir azdan o da bizə qatılacaq.
Harun dərsdən “qaçdı”
Gözlərimiz qəhrəmanımızı axtarır, amma o gözə dəymir. Masada yarısı qurulmuş, yarısı da kortəbii şəkildə dağılmış rəngarəng kubiklər bir neçə dəqiqə öncəki “qaçış”dan xəbər verir. Atası deyir ki, qapı döyüləndə oyunlarını yarımçıq qoyub arxa otağa gizlənib. Müəllimi ilə birlikdə qonaqları gələcəyindən onun da məlumatı varmış. Yəqin o da həyəcanlıdır!
Harungil ikimərtəbəli evin birinci mərtəbəsində yaşayırlar. Sadə, təmiz ev o qədər də işıqlı deyil. Gözümüzü Harunun qapısını arxadan bağladığı otağa dikmişdik. Gah atası, gah müəllimi dil töküb onu ordan çıxarmağa çalışırlar. Nəhayət, cəhdlərdən biri uğurlu oldu və qapı açıldı. Onsuz da iri olan gözləri maraqdan bir az da böyümüş halda qapıda görünən Harun otağa sürətli bir nəzər saldı. “Hədəf”inin nə olduğu planşet “ələ keçirildikdən” sonra müəyyən etmək mümkün oldu. Bir də onda ayıldıq ki, planşet Harundadır...
Demək, yeni nəslin texnologiya marağına heç autizm də mane ola bilmir. Nə isə...
Müəllimi və atasının bu dəfə planşeti geri almaq üçün uğursuz cəhdləri başladı. Onlar Harunu yola gətirməyə çalışarkən biz də texnologiyaya marağının miqyasını müəyyənləşdirməyə çalışdıq. Ata Gündüz Məmmədlinin dediyinə görə, telefonla çox vaxt keçirməyinə icazə vermirlər, amma qadağan da etməyiblər: “Telefonu açan kimi oyun oynayır. Sevdiyi cizgi filminə televizorda ingiliscə baxır”.
Bu da nəticəsi. Arada cizgi filmindən eşitdiyi əcnəbi kəlmələrdən istifadə edir.
Harun dərsə də həvəssiz deyil, amma müəlliminin yanında oturmamaq üçün çoxlu bəhanələr tapır, gözləri başqa məşğuliyyət axtarır. Amma elə ki, dərs diqqətini çəkdi, yorulana qədər davam edir. X.Mustafayevanın sözlərinə görə, uşağın yorulmaması təhsildə xüsusilə önəmlidir. Belə uşaqların diqqətini xüsusi yollarla cəlb edir, dərsə marağını artırmağa çalışırlar. Yoxsa təlim uğurla nəticələnməz.
Evdə dərs
Nəhayət, Harun diqqətini telefondan ayırıb dərsə başladı, özü də rəqəmlərdən. Müəlliminin soruşduğu rəqəmləri bir-bir dairəyə alır, sonra özü rəqəm deyib onu yazır, müəllimindən aldığı “afərin”lərin sayını artırır.
Harunun maraqlı əl işləri də var, çəkdiyi rəsmləri, yapışdıraraq düzəltdiyi işlərini həvəslə göstərir. Budur, dərsdə müəlliminin dəstəyi ilə yeni bir iş də hazırlamağa başladı. Payız fəslinə uyğun rənglərdən istifadə edəcək...
Xanım müəllim Harunla iş zamanı səbirlidir. Şagirdinin öyrəndiyi sözü deməsini, tapşırığı yerinə yetirməsini səbirlə gözləyir, gördüyü işi başa çatdırmağa tələsdirmir: “Yay tətilində ara verdik. Qayıdanda çox şeyi unutmuşdu. Amma qısa müddətdə yenidən təkrarlayaraq biliklərini bərpa etdik. Bu ildən diqqət pozğunluğu artıb, ötən il bu qədər çox yayınmırdı”.
Dağılan diqqətini toparlamaq üçün motivasiya etmək lazım gəlir. “Bunun üçün əlavə vasitələrdən istifadə edirəm”, - deyir Xanım müəllim. Məsələn, şeir öyrənməsi üçün papaqdan istifadə edib: “Həm öyrənmə çətinliyi var, həm də diqqətini cəmləyə bilmir. Əlimə geyinərək hərəkət etdirdiyim “dovşan” papağın köməyi ilə şeiri öyrənməsinə nail oldum”.
Papağı çıxarıb onu Haruna uzatdı, o da papağı əlinə geyinib barmaqlarını hərəkət etdirə-etdirə şeirini dedi:
Səhər durunca,
Əlimdə fırça,
Sildim dişimi,
Bildim işimi.
Harun, sadəcə şeir öyrənməyib, bayrağımızı, gerbimizi, fəsilləri, rəngləri tanıyır. Hər gün söz siyahısı genişlənir. Azərbaycan dilində dediyi sözlərə ingilis dilində eşitdiklərindən də əlavə edir. Bir də gördün, valideynlərinə ingiliscə cavab verdi. Beləcə, müəllimini və valideynlərini bəzən təəccübləndirir, bəzən sevindirir...
Elə də olur gördükləri, eşitdiklərindən xoşagəlməz vərdişlər qazanır. Onu da səbirlə tərgitməyə çalışırlar: “Onu stresə salmadan vərdişlərini tərgidirəm. Amma “bunu etmə” deməklə qəbul etmir, bəzən özünü nümunə göstərərək, özümü məsəl çəkərək o vərdişini yavaş-yavaş unutdurmağa çalışıram”.
Dərsdənkənar: Harunla bacıları məşğul olur
Anası ilə söhbətləşirik. Aytən xanım deyir ki, uzun müddət ailənin bütün diqqəti Harunun üzərində cəmlənib: “Əvvəl şəhərdən uzaqda yaşayırdıq. Bütün diqqətimizi Harunun yaxşılaşmasına yönəltmişdik. Nəinkli onun təhsil almağının mümkünlüyünü bilirdik, hətta bacılarının da məktəbə getməli olduğunu unutduq. Nəticədə bir müddət uşaqların üçü də təhsildən kənarda qaldı”.
Atanın sözlərinə görə, uşağın təhsil almasının vacibliyini tövsiyədən sonra xatırlayıblar: “Poliklinikada Harunun təhsilə cəlb olunmasını tövsiyə etdilər. Psixiatrın yönləndirməsi ilə tibbi-pedaqoji komissiyada olduq. Məktəblə də maraqlandım, şərait çox yaxşı olsa da, hər gün Harunu məktəbə aparıb-gətirmək imkanımız yoxdur. Komissiyanın qərarı da bu yöndə oldu ki, evdə təhsil alsın. Bu il də qərar dəyişmədi”.
Haruna dərslərində 93 nömrəli tam orta məktəbin şagirdləri olan bacıları kömək edir. Məktəbə gec başladıqları üçün yaşıdları ilə deyil, ayrıca təhsil alan qızlar pis oxumur. Onlar hətta dərsdən sonra Harunla da məşğul olurlar: “Onunla danışır, müəllimin verdiyi tapşırıqlar üzərində Harunla birlikdə işləyirlər”.
Evdən kənarda: “İnsanlarımız belə uşaqların varlığından xəbərdar olmalıdır”
Evdən kənardakı həyat Haruna yad deyil. Ata-anası hər gün olmasa da, onun sosiallaşmasına çalışır. Harun istəyəndə onu gəzməyə aparırlar, hətta qohum ziyarətlərinə onunla birlikdə gedirlər. Dediklərinə görə, evdən kənarda özünü pis aparmır, deyilənlərə əməl edir, hətta işıqforda ona keçid izni verən işığın yanmağını səbirlə gözləyir: “Bəzən ictimai yerlərdə qışqırır, avtobusda yer bəyənmir, bəyəndiyi yerdə oturan adamı qalxmağa məcbur edir. Çox vaxt bunu anlayışla qarşılayırlar, amma bəzən anlamayanlara da rast gəlirik. İnsanlarımız belə uşaqların varlığından xəbərdar olmalıdırlar”.
Bu cür çətinliklərə baxmayaraq, ailə üçün vəziyyət ümidvericidir. Aytən xanım deyir ki, təlimlərə cəlb ediləndən bəri Harun çox dəyişib: “Elə bilirdim oxuya bilməz, amma o, hərfləri öyrəndi, rəqəmlərin çoxunu bilir, sayır”.
Harunu müəllimi ilə dərsdə qoyub ayrıldıq. İstiqanlı qəhrəmanım yola salanda “Yenə gəlin” dedi.
Evdə təhsil necə təşkil edilir?
Harunun dərsləri 11 nömrəli xüsusi məktəbdə tənzimlənir. Təhsili məktəbdə təşkil edilən 258, evdə təşkil edilən 532 olmaqla, cəmi 790 şagirdi olan məktəbin direktoru Şahzadə İsgəndərovanın sözlərinə görə, bütün ümumtəhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də cədvəl tərtib olunur. Evdə təhsilin öz cədvəli var. Evdə təhsil verən müəllimlər cədvələ uyğun olaraq evlərə gedir, həftənin bir günü məktəbə gələrək hesabat verirlər: “Hesabatla da kifayətlənmirik. Müəllimləri əvvəlcədən məlumatlandırmadan onlayn şəkildə dərsə qoşulur, uşaqla, ailə ilə danışır, müəllimin dərsini yoxlayır, qeydlər aparıram. Hətta neçə illərdən bəri qeydiyyat apardığım dəftərlərdən ibarət arxivim belə var. Qeydlərimdə şagirdlərimizin ilin əvvəlində müşahidə etdiyim vəziyyəti də, ilin sonundakı vəziyyəti də qeyd olunub. Bu da müəllimlərimizin verdiyi dərsin keyfiyyətini müəyyənləşdirməyə tam imkan verir. Məsələn, məktəbimizdə təhsil alan bir uşağın valideyninə biz müəllim bəyəndirə bilmirik. Dərs ili başlayandan artıq 3 müəllim dəyişmişik, amma hələ də onu razı sala bilmirik”.
Evdə təhsil nə vaxt, kimlərə tövsiyə olunur?
Ş.İsgəndərovanın sözlərinə görə, məktəb uşaqlar tibbi-pedaqoji-komissiyaların qərarı ilə göndərilir. Qərarda uşağın hansı təhsil formasında təhsilə cəlb ediləcəyi qeyd edilir: “Evdə təhsil müvəqqəti olaraq da təyin edilə bilər. Məsələn, uşaq ürəyindən əməliyyat olunub və 6 ay müddətində həkim ona evdə qulluq, evdə təhsil tövsiyə edibsə, məsələyə ərazi üzrə tibbi- pedaqoji komissiyada baxılır. Komissiya həkimin verdiyi rəy və diaqnoz əsasında uşağın təhsil formasına və hansı məktəbdə təhsil almasına qərar verir. Komissiya bu qərarı valideynin təqdim etdiyi “Forma27” adlanan sənəd əsasında verir. Belə ki, valideyn psixiatrik mərkəzə müraciət edir, orada uşağı müşahidə altında saxlayır, əqli geriliyinin, autizm xəstəsi olmasını psixiatr həkimlər də təsdiq etdikdən sonra sənəd tərtib edilir. Sənəddə xəstəlik şifrələnmiş kodlarla öz əksini tapır və həmin kodlara uyğun olaraq təhsilin forması seçilir. Belə ki, F70, F70.1, F70.2 kodlu xəstəliklərə ev təhsili təyin edilir.
Qərarı vermək məktəbə də həvalə edilə bilər
Direktorun sözlərinə görə, məktəb bu qərara təsir etmir: “Məktəbin işi təhsil verməkdir. Tibbi-pedaqoji komissiyanın qərarına uyğun olaraq hansı təhsil forması tövsiyə olunursa, onu təmin edirik”.
Ancaq bəzən qərarlar bir az da valideynlərin israrı ilə məktəbin öhdəsinə buraxılır. Belə ki, valideyn evdə təhsil təyin edilən uşağın məktəbdə təhsil almasında israr edəndə qərar vermək məktəbin öhdəsinə buraxıla bilər: “Bir müddət təlimlərə məktəbdə cəlb edir, davranışlarını müşahidə edir, ya uşağın təhlükəli olduğuna dair həyəcan təbili çalır, evdə təhsilə yönləndirilməsini tələb edirik, ya da məktəbdə təhsilini davam etdirə biləcəyini bildiririk. Uşaq özü və başqaları üçün təhlükəli deyilsə, qərar verərkən şagirdlərin təhsilinə məktəbdə davam etmələrinə üstünlük veririk. Məsələn, məktəbimizdə serebral iflic olan uşaqlar təhsil alır. Aşağı ətrafların serebral iflici olan uşağın əqli geriliyi azdırsa, onların məktəbimizdə təlimə cəlb edilməsi, sərbəst hərəkəti üçün hər cür şəraitimiz var. Amma onu məktəbə gətirib-aparmaq valideyn üçün çətinlik yaradır. Yaxud gecə və gündüz enurez və enkaprez xəstəliklərində, o cümlədən impulsiv davranış pozuntuları olduqda evə yazılırlar. Bu il məktəbimizdə birinci sinfə qəbul edilən şagirdlərimizin birində məhz bu problem var. Başqalarına və özünə xətər yetirmək ehtimalı çox olan həmin uşaq üzərində bir müddət iş apardıq. Böyük ehtimalla onu evdə təhsilə yönəldəcəyik”.
Direktorun sözlərinə görə, uşağı aqressiv olsa da, onun sosiallaşması üçün məktəbdə təhsilə israr edən valideynləri tibbi-pedaqoji komissiyaya göndərirlər. Övladlarının xasiyyətnaməsi buna imkan verirsə, o, məktəbdə təhsilə cəlb edilir. Amma bu, çox nadir hallarda olur.
Evdə təhsildən imtina etmək olarmı?
Ş.İsgəndərova deyir ki, Azərbaycanda təhsil icbaridir. Necə ki, məktəb uşağın təhsilini təşkil etmək məcburiyyətindədir, eləcə də valideynin öhdəlikləri var: “Valideyn uşağın evdə təhsilini təmin etməli, uşağa zəruri dəstəyi göstərməlidir. Təəssüf ki, bəzən valideynlərin münasibəti bizi təəccübləndirir. Övladlarının məktəb çantasına bir dəftər belə qoymayan valideynlər, hətta bizim verdiyimiz dəftərləri onların əlindən alıb qardaş-bacılarına verənlər belə var”.
Direktor əlavə edir ki, qanunlara əsasən, uşağın təhsil almasına mane olan, hətta evdə təhsildən imtina edən valideynlər buna görə məsuliyyət daşıyırlar: “Biz onları məhkəməyə verə bilərik. Necə ki, təhsil vermək bizim borcumuzdur, valideynin də evdə təhsili təmin etmək məcburiyyəti var. Uşağın təhsilini dayandırmaq nə məktəbin, nə də valideynin səlahiyyəti çərçivəsindədir. Evdə təhsil IX, məktəb təhsil X sinifdə bitir və bu müddət bitənə qədər şagirdin təhsil alması təmin və təşkil edilməlidir”.
Foto: Kənan QAFAROV
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)