Bütün xəbərlər
23 yanvar, 11:00

Sağlam şagirdlər dərs prosesində daha aktiv iştirak edirlər, diqqətlərini bir mərkəzdə daha yaxşı toplaya bilirlər. Bu baxımdan məktəblərdə fiziki hazırlıq dərslərinin düzgün formada təşkili xüsusi önəm daşıyır. Məlumdur ki, şagirddə dərsə marağı yaradan ən əhəmiyyətli faktor müəllimin bilik və bacarığı və tədris metodikasıdır.

Bu gün məktəblərimizdə kifayət qədər bacarıqlı fiziki tərbiyə müəllimləri fəaliyyət göstərirlər. Onlardan biri respublika və beynəlxalq çempionatlarda uğurlar qazanan, hazırda Şabranın ucqar kənd məktəbində çalışan Elmar Fərzəliyevdir.

O, 1992-ci ildə Şabran şəhərində anadan olub. 2012-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 

2018-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 41 bal toplayan gənc Şabranın ən ucqar kəndlərindən biri olan Çuxurzəmidə fiziki tərbiyə müəllimi işləməyə başlayıb. Bir il sonra yerdəyişmə nəticəsində iş yerini başqa məktəbə dəyişib və həmin vaxtdan Xəlfələr kənd ümumi orta məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir.

Sambo, cüdo və alpaqut üzrə nailiyyətləri 

Elmar müəllimin dediyinə görə, ilk məşğul olduğu idman növü sambo olub: “1999-cu ildə respublika dərəcəli hakim Mənsur Hüseynovun yanında idmanla peşəkar səviyyədə məşğul olmağa başlamışam. Məşqlərimi daha sonra bu idman növü üzrə Əməkdar məşqçi Telman Bayramovun yanında davam etdirdim. 2008-ci ildə Respublika çempionu olandan sonra yığma komandaya dəvət etdilər”. 

Qalibiyyət qazandığı məqamları xatırlayan Elmar Fərzəliyev deyir: “Sambo mənə uğur gətirən idman növü oldu. 2010-cu ilin aprelində Yunanıstanda keçirilən Avropa birinciliyində dünya və Avropa çempionu olan erməni idmançı Qrigor Mikhtaryana qalib gəlmişəm. Həmin ilin oktyabrında Gürcüstanda keçirilən dünya birinciliyində nailiyyətim olub. 2012-ci ilə Moskvada Dünya Kubokunda iştirak edərək ilk beşlikdə qərarlaşmışam”.  

Cüdo ilə də məşğul olan E.Fərzəliyev bu idman növü üzrə keçirilən yarışlarda Bakı çempionu olub, Azərbaycan Silahlı Qüvvələrinin Respublika Çempionatında 3-cü yerə layiq görülüb. 

Xəlfəlinin fiziki hazırlıq müəlliminin hətta Alpaqut idman növü üzrə də kifayət qədər uğurları var: “Alpaqut Turan döyüş sistemlərini özündə birləşdirən döyüş sənətidir. Türksoylu xalqların qədim döyüş mədəniyyətinə malik, yarışma qaydaları 3 sistemdən ibarət olan bu döyüş sənətinin adının anlamı “Müqəddəs döyüşçü”dür. Ən çox maraq göstərdiyim idman növlərindəndir. 2019-cu ildə Bakıda keçirilən Alpaqut üzrə Dünya Çempionatında bürünc mükafat qazanmışam. 2024-cü ilin 24-25 dekabr tarixlərində Alpaqut üzrə Azərbaycan çempionatında 1-ci yerə çıxmışam. Nailiyyətlərimə görə yığma komandaya dəvət edilmişəm”.

“Hər dərs şagirdlərimin səbirsizliklə məni gözlədiklərini görəndə çox duyğulanıram”

Müsahibimə “İstərdik sizi bir müəllim kimi də yaxından tanıyaq. Fiziki tərbiyə müəllimi hansı xüsusiyyətlərə malik olmalıdır?” sualını ünvanlayıram. 
“Öyrəndiklərimi gələcək nəsillərə öyrətmək istəyi müəllimliyi seçməkdə mənə böyük stimul verdi. Düşünürəm ki, idman müəllimi tədris etdiyi fənnin mahiyyətini anlamalı, şagirdlərin davranış və psixologiyasına yaxından bələd olmalıdır. Şagirdlərin şəxsiyyətinə hörmət etmək onların bir vətəndaş kimi formalaşmasında böyük dəstəkdir. Bu amillər nəzərə alınarsa, şübhəsiz ki, şagird həm müəllimi, həm də həmin fənni çox sevəcək”, – E.Fərzəliyev qeyd edir.

“Uşaqların ən çox sevdiyi fənlərdən bəlkə də birincisi fiziki tərbiyədir. Bu dərsdən şagirdlərin maksimum fayda götürməsi üçün dərslərinizi necə təşkil edirsiniz?” sualıma cavabında Elmar müəllim bildirir: “Bəli, doğrudur. Hər dəfə dərs zamanı şagirdlərimin necə həyəcan və səbirsizliklə məni gözlədiklərini görəndə həqiqətən çox duyğulanıram. İdman dərslərinin əvvəlində şagirdlərə nəzəri biliklər verirəm. Daha sonra qızışdırıcı və isinmə hərəkətləri ilə şagirdləri dərsin əsas hissəsinə hazırlayıram. Əsas hissədə isə maraqlı və əyləncəli şəkildə şagirdlərə praktiki üsullarla dərs keçirəm. Tamamlayıcı hissədə tənəffüs hərəkətləri ilə nəfəsimizi çalışdığımız qədər nizama salıb dərsi bitiririk”.

Uğurlu idmançı və müəllim olmaq arzusu 

İşlədiyi məktəb barədə məlumat verən idman müəllimi vurğulayır: “Kənddə ötən illərdə yeni modul tipli məktəb istifadəyə verilib. Yanında köhnə məktəb də var. Müəllim kimi əsas işimiz ilk növbədə sağlam, vətənə, millətə faydalı vətəndaşlar yetişdirməkdir. Dərsi istədiyim səviyyədə keçə bilməyim üçün lazımi şərait olmasa da, əlimizdə olan imkanlarla şagirdlərdə maraq yaratmağa çalışıram. Yetirmələrim rayon daxili yarışlarda müntəzəm olaraq diplom və medallarla təltif olunublar. 

Özüm də, 32 yaşım olmasına baxmayaraq, hələ də yarışlara qatılıram. Əsas hədəfim peşəkar idmanla vidalaşmamış beynəlxalq dərəcəli yarışlarda uğurlar əldə etməkdir. İrəlidə idman sahəsində daha böyük uğurlara nail olmaq arzusundayam. İnanıram ki, bir gün böyük uğurla öz yaxınlarımı və məni sevənləri sevindirəcəyəm. Gələcək nə göstərəcək bilmərəm, ancaq hər şeydən önəmlisi özünə inanmaqdır.

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.