
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev 4 aprel 2025-ci il tarixində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncam ölkəmizdə elmi idarəetmənin müasirləşdirilməsi və institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd kimi qiymətləndirilir. Sərəncama əsasən, bəzi elmi müəssisələrin birləşdirilməsi və daha güclü elmi təşkilatların yaradılması nəzərdə tutulub. Bu yenilik elmi müəssisələrdə təkrarçılığı aradan qaldırmaq, resursları cəmləşdirmək və daha güclü tədqiqat mühitini formalaşdırmaq məqsədi daşıyır.
“Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev bu qərarın elmi müəssisələrin fəaliyyətində əhəmiyyətli dəyişikliklərə yol açacağını düşünür:
“Hazırda fəaliyyət göstərən bir sıra elmi müəssisələrin struktur baxımından optimallaşdırılması bu sərəncamdan irəli gələn məsələlərdə nəzərdə tutulub. Ümumiyyətlə biz bilirik ki, dünya sürətlə inkişaf edir və bu baxımdan belə bir sərəncamın verilməsi çox sevindirici haldır. Çünki optimallaşdırma sahəsində yeni tədbirlərin atılması elmimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu sərəncam elmi təşkilatlarımız üçün əla imkandır. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin səmərəliliyini artırmaq, dövlət büdcəsindən effektiv surətdə istifadəni təmin etmək və idarəetməni daha da sadələşdirməkdir. Bundan başqa alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Mühüm hədəflərdən biri də gənc alimlərin və tədqiqatçıların dəstəklənməsidir. Bu isə gənc tədqiqatçılar üçün böyük imkanlar yaradır”.
Q.Babayev qeyd edir ki, Elm və Təhsil Nazirliyi ölkənin böyük dövlət qurumlarından biridir. Burada elm və ali təhsilin, digər təhsil qurumlarının böyük şəbəkəsi təmsil olunur. “Bu şəbəkədə elm və alimlər böyük bir təbəqə təşkil edir. Elm və Təhsil Nazirliyinin rəhbərliyi müvafiq elm və təhsil müəssisələrinin əlaqəli fəaliyyətinin, effektiv idarəetmənin təmin olunması işinin öhdəsindən çox məharətlə gəlir və irəliyə doğru istiqamətlənmiş uğurlu addımlar atır. Bir elm adamı olaraq elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması səylərinə, gənc alimlərə göstərdiyi diqqət və həssas münasibətə görə elm və təhsil naziri Emin Əmrullayevə minnətdarlığımı bildirmək istəyirəm”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər