Onunla cənub bölgəsinin qadınları üçün keçirilən “Birlikdə bacara bilərik - Qadınlar STEM-də” layihəsi çərçivəsində tanış olmuşduq. Layihə 15-30 yaşlı xanımlar üçün nəzərdə tutulsa da, 14 yaşlı məktəbli yazdığı motivasiya məktubu ilə yüzlərlə qadın arasından fərqlənərək seçilmiş 30-35 qadın arasına düşə bilmişdi.
“Azərbaycan müəllimi”nin budəfəki müsahibi Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəbin X sinif şagirdi Fidan Məmmədovadır. Savadı, dünyagörüşü və məqsədləri ilə seçilən bu məktəbli qız həkim-nevroloq olmağı arzulayır.
- Bu peşəyə marağın necə yaranıb? Niyə məhz nevroloq olmaq istəyirsən?
- Bunun özəl bir tarixçəsi var. 3 yaşım olanda atam beyin xəstəliyinə görə xəstəxanada müalicə alıb, onun həyatını nevroloqlar xilas edib. Bu hadisə məni çox təsirləndirmişdi, o vaxtdan nevroloq olmağa qərar verdim.
- Ən sevdiyin fənlər hansılardır?
- Düzünü desəm, bütün fənləri sevirəm, çünki dərslərə hazırlıqlı oluram. Ən çox kimya və riyaziyyatı xoşlayıram, amma tarix, ədəbiyyat və coğrafiya da maraqlıdır. Müəllimlərim dərsləri maraqlı şəkildə izah edir, bu, sevgimi artırır.
- Müəllimlərinin fənləri sevdirə bilməsi bunda rol oynayır?
- Əlbəttə! Bir müəllim fənni sevdirə bilirsə, deməli, o, öz işini uğurla yerinə yetirir. Məsələn, fizika testlərində çətinlik çəksəm də, müəllimimin dərsləri izah tərzi bu fənni mənə sevdirib.
- Başqa hansı məşğuliyyətlərin var?
- Şahmat oynamağı sevirəm, müxtəlif yarışlarda iştirak edərək diplomlar qazanmışam. Həmçinin ziyafət geyimlərinin eskizlərini çəkirəm. Bu, daimi məşğuliyyətim deyil, amma ideyalarım olduqca eskizlər hazırlayıram.
- İndiyə qədər hansı layihə və ya yarışmalarda iştirak etmisən?
- “STEAM” proqramını başa vurmuşam, həmçinin respublika fənn olimpiadasına hazırlaşıram. “Birlikdə bacara bilərik - Qadınlar STEM-də” layihəsi isə mənim üçün unudulmaz təcrübə oldu. 14 yaşım olmasına baxmayaraq, motivasiya məktubu ilə 18 yaş limiti olan bu layihəyə seçildim. Layihə mənim həyatımda yeni bir mərhələ açdı, ondan çox şey öyrəndim, gözəl layihə idi.
Bundan əlavə, “SmartNation” platformasının şagirdlər üçün təşkil etdiyi “Kəndin xəzinəsi” layihəsində iştirak edərək sertfikat almışam. Müxtəlif vaxtlarda “Lady Leaders” və “İQİM” adlı layihələrə qoşulmuşam.
- Səncə, ideal müəllimdə hansı xüsusiyyətlər olmalıdır?
- Müəllim yalnız dərs deməklə kifayətlənməməli, həm də psixoloq, məsləhətçi, sirdaş və ideal pedaqoq olmalıdır. Belə müəllimlər düzgün cəmiyyət formalaşdırır. Müəllimlərim arasında belə insanlar çoxdur, onlar daim mənə dəstək olub, yol göstəriblər.
- Qadın olmaq sənin üçün nə ifadə edir?
- Təəssüf ki, bəzi ailələrdə qadınlar inkişafdan bir addım geridə qalırlar. Mən bu vəziyyəti dəyişmək üçün “Qızlarınıza böyüməyə şans verin” adlı bir layihənin icrasına başlamağı düşünürəm. Cəmiyyətimizdə qadınlara daha çox dəstək olmaq lazımdır.
- Yaşıdlarına hansı tövsiyələri verərdin?
- Daim çalışın və səhvlərinizdən çəkinməyin, sizə lazım olan sahələrin mütəxəssisi olan insanlarla məsləhətləşin. Çətinliklər sizi yolunuzdan döndərməsin. Uğur qazanmaq istəyirsinizsə, geri baxıb “Kaş ki edəydim” deməmək üçün irəli addımlayın.
Fidan Məmmədova gələcəyə dair məqsədləri, təhsilə və elmə olan həvəsi ilə yaşıdları üçün gözəl nümunədir. O, pozitiv enerjisi ilə ətrafını işıqlandırmağa davam edir və digər qızları da öz məqsədlərinə çatmağa ruhlandırır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)