
Qalib elan olunduqdan sonra layihə rəhbərləri ilə rəsmi müqavilə imzalanır və onlara qrant məbləği ayrılır. Bu andan etibarən layihənin real həyata keçirilməsi prosesi başlayır.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.
O bildirib ki, layihə rəhbərləri və məktəblər təqdim etdikləri ideyanı mərhələli şəkildə reallaşdırırlar.
“Layihənin icrası zamanı hər bir iştirakçıya icra mentorları təyin olunur. Bu mentorlar layihənin gedişatını yaxından izləyir, lazım gəldikdə tövsiyələr verir və layihənin plana uyğun şəkildə həyata keçirilməsini təmin edirlər. Bu həm layihənin keyfiyyətinə nəzarəti gücləndirir, həm də layihəni icra edənlərin məsuliyyətini artırır. Layihələrin gedişi yalnız iştirakçılar və mentorlar arasında qalmır. Müsabiqənin rəsmi profillərində və platformalarında mütəmadi məlumat paylaşılır. Buraya müsabiqənin veb-saytı, həmçinin sosial şəbəkə hesabları daxildir. Bu, həm ictimaiyyətin layihələr haqqında məlumatlı olmasını təmin edir, həm də digər müəllim və təhsil işçilərinə ilham mənbəyi olur. İnsanlar real uğurlar və tətbiq olunan yenilikləri izlədikcə, gələcəkdə öz layihələrində istifadə edə biləcəkləri maraqlı ideyalar və praktik həll yolları əldə edirlər. Mən əvvəlki müsahibələrimdə də bildirmişəm. Uğurlu layihələrdən ilham almaq müəllimlər üçün böyük imkanlar açır. Onların ideya və strukturlarını nəzərdən keçirmək, yeni təşəbbüslər üçün stimul yaradır. Lakin layihəni sadəcə surət kimi təkrar etmək deyil, onun əsas məğzi və məqsədini dərk edib, mövcud ehtiyaclara uyğun şəkildə fərdiləşdirmək daha böyük uğurlara gətirib çıxarır”, – deyə o qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər