Bütün xəbərlər
9 aprel, 14:15

“Çalışın xarici dil öyrənin”. Yəqin ki, hər kəs həyatı boyunca bircə dəfə də olsa, bu tövsiyəni eşidib. Demək olar ki, təhsil həyatına başladığımız ilk illərdən xarici dillərdən birini öyrənməyə başlayırıq. Hətta valideynlər artıq azyaşlıların da xarici dil biliyinin artırılmasına xüsusi diqqət yetirir, hələ 4-5 yaşı olan uşaqlar sayları öyrənən kimi rus və ya ingilis dillərində də saymağa cəhd edirlər. 

Lakin bir çox hallarda xarici dil biliyi elə bu səviyyədə qalır: ibtidai səviyyədə ünsiyyət qurmaqdan, “çulunu sudan çıxartmaq”dan o tərəfə keçə bilmirlər. Bəs bunun səbəbləri nədir? Bəlkə, xarici dilləri öyrənərkən yanlış üsullardan istifadə edirik? 

Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Hüzurə Ağayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimlər yeni təlim metodlarından, interaktiv üsullardan istifadə edərək daha çox şagirdyönümlü dərs prosesini təşkil etməli, şagirdlərin ingilis dilində fikirlərini sərbəst şəkildə ifadə etməyə imkan yaratmalıdırlar:

“Şagirdlər 11 il ərzində məktəbdə tədris olunan xarici dilləri tam və səlis şəkildə öyrənə bilmirlər. Bunun bir sıra obyektiv səbəbləri var. Səbəblərdən biri kimi xarici dil fənlərinin dərs saatının az olmasını göstərə bilərik. İkinci səbəb odur ki, keçən il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarında olan dəyişiklikləri nəzərə almasaq, indiyə qədər şagirdlər yalnız bir xətt – oxuyub-anlama və qrammatika üzrə imtahan verirdilər. Buna görə də müəllimlər dərs zamanı daha çox oxuyub-anlama və oxuyub tərcümə etmək məsələlərinə fokuslanırdılar. Ümumiyyətlə, oxuyub-anlama və oxuyub tərcümə etmək fərqli anlayışlardır. Oxuyub-anlama üçün müxtəlif növ tapşırıqlar verilir və o tapşırıqlar vasitəsilə xarici dili öyrənən şagirdin oxuduğunu anlayıb-anlamadığı məlum olur. 

Artıq keçən ildən başlayaraq yazı və dinləyib-anlama üzrə tapşırıqlar verilir, lakin yenə də uşaqlara danışma üçün imkan verilmir. Dərslər, demək olar ki, müəllim mərkəzlidir, yəni müəllim sual verir, şagird cavab verir. Yalnız kitablardan tapşırıqlar verilir və şagirdlər hər hansı bir müzakirələrdə, hətta qrup işlərində belə Azərbaycan dilində danışırlar. Buna görə də şagirdlərimiz 11 il xarici dil dərsləri keçmələrinə baxmayaraq, səlis danışa bilmirlər.

Digər tərəfdən, şagird qədər müəllimlərin də niyyəti və istəyi olmalıdır. Təbii ki, bu, bütün müəllimlərə aid deyil, lakin bəzi müəllimlər öz professional inkişafları haqqında düşünmürlər”.

Ümumiyyətlə, şagirdlərə sadəcə materialları təqdim etməklə kifayətlənmək birtərəfli yanaşmadır. Şagirdlərə öyrənməyi öyrətmək lazımdır. Bu barədə də danışan H.Ağayeva qeyd edib ki, müəllimlər həmçinin şagirdlərə müxtəlif resurslardan istifadə etməyi öyrətməlidirlər:

“Ümumiyyətlə, bütün xarici dil öyrənənlərin, o cümlədən orta məktəb şagirdlərinin xarici dili öyrənərkən, ilk növbədə, müəyyən qədər söz bazası olmalıdır. Söz bazası olmadan hər hansı bir xarici dili öyrənmək mümkün deyil. Çünki istər dinləyib-anlama, istər yazı, istər danışıq, istərsə də oxuyub-anlama söz üzərində qurulur. Bu sözlər də bir söz toplusu kimi deyil, aktiv lüğət şəklində öyrənilməlidir. Aktiv lüğət nədir? Yəni hər bir mövzuya aid A1-dən başlayaraq yuxarı səviyyələrə qədər sözlər öyrənilməli, get-gedə sözlərin sayı artırılmalıdır. Bu zaman mütləq dil mühiti yaradılmalıdır. Biz bilirik ki, şagirdlər dərsdən sonra ana dillərində danışırlar və xarici dil mühitində olmurlar.  Əgər 45 dəqiqə ərzində müəllim sinifdə xarici dil mühitini yarada bilirsə, şagirdlər az-çox xarici dildə danışa biləcəklər. 

Müəllim, eyni zamanda, şagirdlərə müxtəlif resurslardan istifadəni öyrətməlidir. Yəni şagirdlər sərbəst şəkildə müxtəlif mənbələrdən, fərqli saytlardan istifadə edərək xarici dil biliklərini artıra və dinləyib-anlama, oxuyub-anlama, sonra danışıq bacarıqlarını inkişaf etdirə bilərlər. Müəllim mütləq xarici dil öyrənən şagirdin özünəgüvən hissini artırmalıdır. Şagird xarici dildə fikrini ifadə edərkən ona müdaxilə etmək, onların səhvlərini düzəltmək onların özünəgüvənini azaldır. Onlar səhv etməkdən qorxduqları üçün fikirlərini xarici dildə ifadə etməkdən çəkinirlər.

Qeyd etdiyim kimi, burada müəllim amili, müəllimin təsiri çox böyükdür. Müəllim sinifdə elə bir şərait yaratmalıdır ki, zəif, orta və yaxud yaxşı oxuyan hər bir şagirdə diqqət bərabər paylansın, onların hər biri üçün bərabər zaman ayrılsın. Əsas şərtlərdən biri odur ki, şagird danışarkən “mən səhv edəcəyəm”, “müəllim mənim səhvlərimə müdaxilə edəcək” düşüncəsində olmamalı, motivasiyadan düşməməlidir”.

Xarici dil mütəxəssislərinin dil öyrənənlərə məsləhət gördüyü müxtəlif metodlar var. Bir insanın bu metodların hər birini təcrübədən keçirib ən faydalısını seçmək bir qədər çətin məsələdir. Ona görə də ən uğurlu metod haqqında danışan müsahibimiz bildirir ki, xarici dilin öyrənilməsində metod seçimi individualdır:

“Bir də “self-instruction” deyilən bir anlayış var, yəni hər hansı bir xarici dili müəyyən resurslardan istifadə edərək öz-özünə öyrənə bilərsiniz. Amma bu, ayrı-ayrı fərdlər üçün mümkündür. Bəzi insanlar nəinki bir dili, eyni anda bir neçə dili öyrənə bilirlər. Bu xüsusi bir bacarıqdır. Amma ümumilikdə götürəndə mütləq müəllim şagirdlərə düzgün istiqamət verməlidir. Onların əvvəlki biliklərinə əsaslanaraq dil səviyyələrini inkişaf etdirməlidir. Burada yenə də müəllim fəallığı göz önündə olmalıdır. Müxtəlif debatlar, diskussiyalar, “xarici dil gecələri” təşkil edə, həftənin bir günündə ancaq xarici dildə danışa bilərlər. Bütün bu addımlardan şagirdləri fəallaşdırmaq və dilə marağı artırmaq üçün istifadə etmək olar.

Belə bir ifadə var: “Nə qədər öyrənən varsa, o qədər də strategiya var”. Hər kəs öyrənmə qabiliyyətlərinə uyğun öyrənmə strategiyası seçir. Buna görə xarici dil öyrənərkən istifadə edilən metodlar individualdır. Məsələn, deməzdim ki, “Da Vinçi” metodu hamı üçün səmərəlidir. Bu metodun bir çətinliyi də ondadır ki, hər kəs üçün xarici dildəki sözün ana dilindəki qarşılığını fikirləşib tapmaq, söz assosiasiyanı yaratmaq rahat deyil. Bu metodla əzbərləmədən dil öyrənməyin mümkün olduğu deyilsə də, əslində, bu da əzbərləmədir. Danışarkən sözü əvvəlcə ana dilində fikirləşəcəklər, sonra onu xarici dildən konvertasiya edəcəklər. Bu zaman müəyyən çətinliklər yaranacaq. 

Əgər biz yeni təlim metodlarından danışırıqsa, yeni təlim metodlarının effektiv olması üçün, ilk növbədə, müəllimin dərsə münasibəti dəyişməlidir. Müəllim professional inkişafı haqqında fikirləşməli, yeni təlim metodları ilə bağlı istər onlayn, istər oflayn təlimlərə, seminarlara qoşulmalıdır. Amma burada müəllimin istəyi böyük rol oynayır, müəllimlər bunları istəyərək etməlidirlər.

Müəllimlərin sertifikasiya imtahanları da yenə qrammatik çalışmalar üzərinə qurulur. Müəllimlərin qrammatik bilikləri, oxuyub-anlama metodları yoxlanılır. Onların hansı təlim metodlarından xəbərdar olduğu və ya bu metodları dərsdə tətbiqetmə bacarıqları yoxlanılmır. İstənilən qədər effektiv təlim metodları olsun, əgər müəllim bunu dərsdə tətbiq etmirsə, heç bir inkişaf olmayacaq. Bəzi müəllimlərdə ətalət var, onlar dil öyrənənlərdə maraq oyada bilmir və nə öyrədilirsə, buraxılış imtahanlarına fokuslanaraq öyrədilir. Bizim heç birimiz 11 il xarici dil təhsili alan şagirdin o dildə danışa bilib-bilmədiyi sualına cavab axtarmırıq. Nə qədər ki qiymətləndirmələr bu istiqamətdə gedəcək, biz hər hansı bir metodun effektiv olmasından danışa bilmərik. 

Dil mühitinin olmaması dili effektiv öyrənməyin qarşısında duran ən büyük problemlərdən biridir. Amma biz “dil mühiti yoxdur”, “uşağın 45 dəqiqə dərsdən sonra xarici dili tətbiq edə biləcəyi mühit yoxdur” deyərək günahımızı yuya bilmərik. Məsələn, bu gün azərbaycanlı bir uşaq rusdilli bağçaya gedib rusca danışmağı öyrənirsə, bu onu göstərir ki, uşaqlar dinləyərək öyrənirlər. Ona görə də qeyd etdiyim kimi, 45 dəqiqə dərs ərzində mahnılardan, animasiya filmlərindən, oyunlardan, şagirdlərin dil səviyyəsinə uyğun ausentik materiallardan istifadə edərək dil mühiti yaratmalıyıq. Öyrənilən hər bir söz, hər bir qrammatik qayda kommunikativ olmalı, situasiyaya uyğun tətbiq edilməlidir”, – deyə o əlavə edib. 

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.