
ABŞ məktəblərində süni intellektin (Sİ) istifadəsi artıq geniş miqyas alır. “ChatGPT”nin təqdimatından bəri şagirdlər yazı işlərində, test hazırlığında, fərdi öyrənmə planlarında bu texnologiyadan yararlanmağa başlayıblar. Əgər əvvəllər Sİ-dən istifadə yalnız məqalələrin birbaşa köçürülməsi ilə məhdudlaşırdısa, indi şagirdlər müxtəlif proqramların cavablarını birləşdirir, hətta yazılara səhvlər əlavə etməklə plagiat yoxlama sistemlərini aldatmağa çalışırlar.
Müəllimlər də süni intellektdən yararlanır. Məsələn, Kaliforniyada fəaliyyət göstərən müəllim Salli Habberd deyir ki, Sİ ona hər həftə 5-10 saat vaxt qazandırır: “Əgər bütün vaxtımı tapşırıq hazırlamağa və yoxlamağa sərf etsəm, şagirdlərlə canlı ünsiyyət üçün enerjim qalmaz”. Hazırda ABŞ-də 2,5 milyon müəllim tədris prosesində “MagicSchool AI” platformasından istifadə edir.
Bəzi məktəblərdə Sİ texnologiyası artıq dərs mühitinə tam şəkildə inteqrasiya olunub. Mayami məktəblərində “Google”un “Gemini” proqramı dərslərdə tətbiq olunur, şagirdlər tarixi şəxsiyyətlərlə virtual dialoqlar aparır, tapşırıqlara ani rəy alırlar. Ayovada ibtidai məktəblər üçün Sİ əsaslı oxu təlimçisi istifadəyə verilib.
Bununla yanaşı, süni intellektdən istifadənin mənfi nəticələri də müşahidə olunub. Hyustonda bəzi dərs materiallarının keyfiyyətsiz hazırlanması valideyn narazılığına səbəb olub.
ABŞ hökuməti də bu prosesə dəstək verir. Ötən ay “Microsoft” təhsildə Sİ-nin inkişafına 4 milyard dollar ayıracağını açıqlayıb. Bundan əlavə, müəllimlər üçün Nyu-Yorkda “Süni intellekt üzrə Milli Tədris Akademiyası” yaradılacaq. Layihə növbəti 5 ildə ölkə müəllimlərinin 10 faizini əhatə etməyi planlaşdırır.
Ekspertlərin fikrincə, məktəblər balanslı yanaşma tapmalıdır: nə Sİ-ni tam qadağan etmək, nə də şagirdləri yalnız ona alışdırmaq düzgün olar. ABŞ təhsil naziri Migel Kardona qeyd edib ki, “əgər biz dəyişməsək, şagirdlərimiz beynəlxalq miqyasda geri qalacaq”.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, məktəblər indi süni intellektə necə yanaşacaqsa, gələcək nəsillərin bu texnologiyadan asılılıq dərəcəsi də o istiqamətdə formalaşacaq.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər