Qadınların elmdə iştirakı elmi mühitin müxtəlifliyini artırır – Gənc tədqiqatçı 

15 Dekabr, 2025 - 17:51
Qadınların elmdə iştirakı elmi mühitin müxtəlifliyini artırır

Azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitelərində təhsil alması və müxtəlif elmi-tədqiqat mərkəzlərində çalışması son illərdə xoş ənənənəyə çevrilib və artıq bu tendensiya sevindirici bəhrələrini verməkdədir. 

Elmi-tədqiqatlara maraq göstərən, bu sahədə uğurları ilə nüfuzlu elmi mərkəzlərin diqqətini cəlb edən gənc tədqiqatçılarımızdan biri də, neyropsixoloq və beyin elmləri üzrə tədqiqatçı kimi fəaliyyət göstərən, Azərbaycan Altsheymer Assosiasiyasının qurucularından olan Aygün Bədəlovadır.  

O, ali təhsilini tibb və psixologiya sahəsində alıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University College London” ali təhsil müəssisəsində Səhiyyə və rifah ixtisas istiqaməti üzrə doktorantura təhsili alıb.  

Gənc tədqiqatçının akademik yolu erkən mərhələlərdən etibarən beyin funksiyalarının elmi əsaslarla öyrənilməsinə, xüsusilə də koqnitiv proseslərin neyroloji mexanizmlərinə yönəlib. Daha sonra neyropsixologiya üzrə magistratura təhsilini “Ingilterede Royal Free Hospital” da tamamlayıb. 

Elmi fəaliyyəti əsasən yaddaş, diqqət və digər yüksək koqnitiv funksiyaların struktur-funksional xüsusiyyətlərinin araşdırılması ilə bağlıdır. Akademik karyerası boyunca beynəlxalq elmi mühitdə çalışıb, multidissiplinar tədqiqat qruplarında yer alıb və hazırda neyroelm sahəsində aparılan beynəlxalq layihələrdə tədqiqatçı kimi fəaliyyət göstərir.

Aygün Bədəlova 2025-ci ilin martında Londonda “Dementias Platform UK” və “Alzheimer's Society” tərəfindən təşkil edilmiş beynəlxalq konfransda demensiyya sahəsində tədqiqat mövzusunda çıxış edib və “Ən yaxşı təqdimat qalibi” nominasiyası üzrə 300-dən çox səs toplayaraq qalib seçilib. 

“Azərbaycan müəllimi”nə müsahibəsində gənc tədqiqatçı elmi-tədqiqatlarından, uğurlarından, neyroelm və təhsil arasındakı əlaqələrdən danışıb. 

– Doktorantura təhsiliniz və tədqiqat mövzunuz barədə ətraflı məlumat verərdiniz

– Doktorantura təhsilimi Böyük Britaniyada, "University College London" (UCL) nəzdində fəaliyyət göstərən “Brain Repair and Rehabilitation” şöbəsində, neyrologiya və neyropsixologiya istiqamətində tamamlamışam. Tədqiqat fəaliyyətim əsasən "Institute of Neurology" və "Queen Square Hospital" bazasında həyata keçirilmiş və Altsheymer xəstəliyi olan pasiyentlər üzərində aparılmışdır. Tədqiqatın əsas məqsədi Altsheymer xəstəliyi zamanı müşahidə olunan spesifik yaddaş pozuntularının, xüsusilə adların xatırlanması ilə bağlı çətinliklərin neyroloji əsaslarının araşdırılması olmuşdur. İş çərçivəsində koqnitiv performansda baş verən dəyişikliklərlə beyində müşahidə olunan funksional dəyişikliklər arasındakı əlaqə sistemli şəkildə təhlil edilmişdir.

Tədqiqat prosesində tərəfimdən 48 demensiyalı pasiyentə altı həftə müddətində strukturlaşdırılmış terapiya proqramı tətbiq olunmuşdur. Pasiyentləri terapiyadan əvvəl və sonra “MEG” (maqnetoensefaloqrafiya - beynin işinin öyrənilməsi metodu) müayinəsindən keçirmişəm, bununla da terapevtik müdaxilənin beyin fəaliyyətində yaratdığı dəyişikliklər obyektiv neyroelmi göstəricilər əsasında tərəfimdən qiymətləndirilmişdir. Əlavə olaraq, əldə olunan nəticələrin davamlılığını araşdırmaq məqsədilə terapiyadan üç ay sonra izləmə qiymətləndirmələri aparmışam. 

Tədqiqatda davranış göstəriciləri ilə yanaşı, “EEG” (elektroensefalografiya - beynin elektrik fəaliyyətini ölçən nevroloji müayinə) və “MEG” kimi yüksək zaman dəqiqliyinə malik neyroelmi metodlardan istifadə edilmiş, bu yanaşma koqnitiv dəyişikliklərin neyrofunksional mexanizmlərini daha dəqiq şəkildə müəyyən etməyə imkan yaratmışdır.

– Bu tədqiqat mövzusu sizin üçün nə ilə əhəmiyyətlidir və elmi hədəfləriniz nələrdir?

– Seçilmiş mövzu neyrodegenerativ xəstəliklərin mexanizmlərinin daha dərindən anlaşılması baxımından elmi aktuallıq daşıyır. Bu sahəyə marağım koqnitiv pozuntuların klinik və eksperimental müstəvidə müşahidəsi zamanı formalaşıb. Tədqiqat fəaliyyətimin əsas məqsədi beynin funksional dəyişikliklərini obyektiv neyroelmi göstəricilər əsasında təhlil etmək və əldə olunan nəticələri elmi cəhətdən əsaslandırılmış müdaxilə modellərinin inkişafına yönəltməkdir. Uzunmüddətli hədəf neyroelm və klinik tətbiqlər arasında körpü rolunu oynayan tədqiqatlar aparmaqdır.

– Beynəlxalq tədbirlərdə təqdim etdiyiniz elmi nəticələrin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Elmi nəticələrim müxtəlif beynəlxalq konfrans və simpoziumlarda təqdim olunmuşdur. Təqdim olunan nəticələr yaddaşla əlaqəli koqnitiv funksiyalarda müşahidə olunan dəyişikliklərin beyində spesifik neyrofunksional markerlərlə müşayiət olunduğunu göstərir. Bu tapıntılar neyroplastiklik anlayışının klinik kontekstdə empirik əsaslarla izahına töhfə verir və gələcək tədqiqatlar üçün metodoloji çərçivə formalaşdırır.

– Neyrologiya və təhsil arasındakı elmi əlaqəni necə dəyərləndirirsiniz

– Neyrologiya öyrənmə, yaddaş, diqqət və icraedici funksiyaların bioloji əsaslarını izah edən əsas elmi sahələrdən biridir. Bu biliklər təhsil proseslərinin daha səmərəli qurulması üçün elmi baza yaradır. Neyroelmi tədqiqatlar göstərir ki, öyrənmə proseslərinin effektivliyi fərdin koqnitiv xüsusiyyətləri ilə birbaşa əlaqəlidir. Bu baxımdan neyrologiya təhsilin elmi əsaslandırılmasında mühüm rol oynayır.

– Koqnitiv və idraki səriştələrin inkişafı baxımından hansı yanaşmalar vacibdir

– Koqnitiv inkişaf mərhələli və sistemli yanaşma tələb edir. Təlim mühitində diqqət, yaddaş və problem həlletmə bacarıqlarının stimullaşdırılması elmi əsaslarla həyata keçirilməlidir. Koqnitiv proseslərin qiymətləndirilməsi və fərdi xüsusiyyətlərin nəzərə alınması bu prosesin əsas komponentlərindəndir. Elmi sübuta əsaslanan texnoloji və metodoloji vasitələrin tətbiqi koqnitiv səriştələrin davamlı inkişafını təmin edə bilər.

– Elm sizin üçün nə ifadə edir və qadın üçün elmin rolu necə qiymətləndirilə bilər?

– Elm mənim üçün analitik düşüncə, metodoloji dəqiqlik və bilik istehsalı prosesidir. Elmi fəaliyyət uzunmüddətli intellektual məsuliyyət və davamlı inkişaf tələb edir. Qadınların elmdə iştirakı elmi mühitin müxtəlifliyini artırır və bilik istehsalına fərqli perspektivlər qazandırır. Elmi fəaliyyət cinsiyyətlə deyil, elmi bacarıq və metodoloji yanaşma ilə müəyyən olunur.

– Elmi fəaliyyətinizdə gördüyünüz dəstək barədə nə deyə bilərsiniz?

– Elmi yolumun formalaşmasında ailəmin dəstəyi, akademik rəhbərlərimin elmi yönləndirmələri və beynəlxalq elmi komandalarla əməkdaşlıq mühüm rol oynayıb. Elmi mühitdə qurulan peşəkar əlaqələr tədqiqatların keyfiyyətinin yüksəlməsinə və beynəlxalq səviyyədə təqdim olunmasına imkan yaradıb.

– Azərbaycanda qadınların elmi-tədqiqat fəaliyyətində iştirakı barədə fikirləriniz

– Azərbaycanda qadınların elmi fəaliyyətdə iştirakı getdikcə genişlənir. Akademik mühitdə bərabər imkanların yaradılması, elmi infrastrukturun gücləndirilməsi və beynəlxalq əməkdaşlıqların təşviqi qadınların elmi potensialının daha səmərəli reallaşdırılmasına şərait yarada bilər.

– Gələcək elmi hədəfləriniz nələrdir?

– Gələcək fəaliyyətim neyrodegenerativ xəstəliklər, koqnitiv neyropsixologiya və funksional beyin mexanizmləri üzrə elmi-tədqiqatların davam etdirilməsinə yönələcək. Beynəlxalq elmi layihələrdə iştirakın genişləndirilməsi və əldə olunan nəticələrin yüksək impaktlı elmi platformalarda təqdim edilməsi əsas prioritetlər sırasındadır.

Qadınların elmdə iştirakı elmi mühitin müxtəlifliyini artırır
Qadınların elmdə iştirakı elmi mühitin müxtəlifliyini artırır