Növbəti illər üçün təhsilin yeni maliyyələşmə istiqamətləri müəyyənləşdirilib
2026-cı ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq təhsil xərcləri 116,3 faiz icra edilməklə 2400,1 milyon manat təşkil edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) öz əksini tapıb.
Çərçivəyə əsasən, 2026-cı ilin birinci yarısı üzrə dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə təhsil sahəsinin ÜDM-də payı 3,7 faiz, büdcə xərclərində payı 14,3 faiz olub.
Qeyd olunub ki, ötən il dövlət büdcəsindən təhsil xərclərinə 4,6 milyard manat vəsait ayrılıb, təhsil infrastrukturunun qurulması və bərpası, tədris məzmununun təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi ilə bağlı tədbirlər həyata keçirilib.
Növbəti illərdə dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd yerlərinin sayının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin pillələri üzrə əlçatanlığın təmin edilməsi və keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, erkən və məktəbəqədər, həmçinin peşə-ixtisas təhsilinin əhatə dairəsinin genişləndirilməsi, elmi tədqiqatın inkişafı üzrə tədbirlərin dövlət büdcəsində qarşılanması nəzərdə tutulub.
Çərçivədə həmçinin qeyd edilib ki, cari il ərzində ortamüddətli büdcə planlaması çərçivəsində aparılmış təhlillər nəticəsində 2027-ci ilin dövlət büdcəsinin parametrləri üzrə “Təhsil” sektorunda 11 proqramın həyata keçirilməsi üçün 5099 milyon manat vəsait nəzərdə tutulub.
Funksional təsnifat üzrə 2027-ci ildə təhsil xərclərinə 5099,0 milyon manat (xüsusi çəkisi 12,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.




