Novruz - kökümüzün, kimliyimizin və ruhumuzun bayramı
Bu gün Azərbaycan xalqı olaraq ən əziz bayramımızı Novruzu qeyd edirik. Xalqımızın qədim bayramı öz gəlişi ilə hər birimizin evində tamamilə başqa bir ab-hava, xoş hisslər yaradır. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız üçün Novruz bayramı xüsusilə əzizdir.
Tarixin dərin qatlarından süzülüb gələn, minilliklərin yaddaşını, xalqın ruhunu və milli kimliyini özündə yaşadan Novruz bayramı Azərbaycan xalqının ən qədim və müqəddəs bayramlarından biridir. Təbiətin oyanışını, yeni həyatın başlanğıcını müjdələyən bu əziz gün yalnız təqvimdə bir tarix deyil, həm də xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin, zəngin adət-ənənələrin və həyat fəlsəfəsinin təntənəsidir. Novruzun kökləri qədim sivilizasiyaların çağlarına gedib çıxır. Su, od, yel və torpaq kimi təbiət ünsürlərinin müqəddəs sayıldığı dövrlərdən bu günə qədər gəlib çatan bayram insanın təbiətlə harmoniyasını, yenilənməyə olan inamını və gələcəyə ümidini ifadə edir.
Novruz öz gəlişi ilə baharı gətirir. Bahar isə təbiətin canlanması, torpağın oyanmasıdır. Bolluğun, ruzi-bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, bir-birilərinə qarşı diqqət və mərhəmətin göstərilməsidir.
Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd olunması isə müasir Azərbaycanın milli kimliyinə verilən yüksək dəyərin bariz göstəricisidir. Ulu Öndər Heydər Əliyev Novruz bayramını xalqımızın tarixi yaddaşının, milli ruhunun və mədəni irsinin təcəssümü kimi qiymətləndirərək onun geniş şəkildə qeyd olunmasına xüsusi önəm vermişdir. Əbədiyaşar liderin müəyyən etdiyi bu strateji yanaşma nəticəsində Novruz bayramı milli birlik və həmrəyliyin rəmzinə çevrilmişdir.
Bu gün həmin ənənə onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının hər il Novruz bayramı münasibətilə xalqa ünvanladığı səmimi təbrikləri, xalqla bir araya gələrək bayram sevincini bölüşməsi dövlətin milli dəyərlərə olan bağlılığını bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə ümumxalq şənliklərində iştirakı xalqla dövlət arasında sarsılmaz mənəvi bağın simvoluna çevrilmişdir.
Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Xüsusilə Azərbaycan Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində bu bayramın UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfə vermişdir. Həmin fakt bir daha sübut edir ki, Novruz yalnız milli sərvətimiz deyil, eyni zamanda bəşəri dəyərdir.
Novruz bayramı yalnız milli kimliyimizin rəmzi kimi deyil, həm də ümumbəşəri dəyərlərin daşıyıcısı kimi xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edərək bu bayramın sülh, həmrəylik və mədəni müxtəlifliyin parlaq ifadəsi olduğunu bütün dünyaya bəyan etmişdir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə Novruzun zəngin ənənələrinin geniş şəkildə yaşadılmasına və bu mənəvi irsin gələcək nəsillərə ötürülməsinə xüsusi həssaslıqla yanaşır.
Sevindirici haldır ki, artıq 6 ildir ki, Novruz bayramı işğaldan azad edilmiş Qarabağ torpaqlarında böyük coşqu ilə qeyd olunur. Həmin ərazilərdə qalanan Novruz tonqalları yalnız baharın gəlişini deyil, həm də tarixi ədalətin bərpasını, milli qürurun və dövlət suverenliyinin təntənəsini simvolizə edir.
Novruz yalnız keçmişin yadigarı deyil, həm də gələcəyə uzanan mənəvi körpüdür. Bu bayram bizə xatırladır ki, xalq olaraq gücümüz birliyimizdə, kökümüz isə tariximizdədir. Milli ənənələrimizi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. Novruz bizim yaddaşımızdır, kimliyimizdir, gələcəyimizdir. Novruz tonqallarının alovu əsrlər boyu sönmədiyi kimi, xalqımızın milli ruhu da daim yaşayacaq.
Qoy bu bayram hər birimizə yeni ümidlər, yeni başlanğıclar və xoşbəxt günlər gətirsin!
Novruz bayramınız mübarək!



