Nyu-Yorkda şagirdlərin "YouTube”dan istifadəsi məhdudlaşdırılıb

24 Sentyabr, 2026 - 09:55
Nyu-Yorkda şagirdlərin "YouTube”dan istifadəsi məhdudlaşdırılıb

Nyu-York şəhərinin dövlət məktəblərində şagirdlərin məktəb tərəfindən verilən cihazlardan "YouTube"a girişinə məhdudiyyət qoyulub.

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni qayda sentyabrın 9-dan qüvvəyə minib. Şagirdlər məktəbdə və evdə istifadə etdikləri "Chromebook" və "iPad"lərdən "YouTube"a daxil ola bilməzlər. İstisna yalnız müəllimlərin dərs çərçivəsində "Google Classroom" vasitəsilə paylaşdığı videolara aiddir.

Qərar şəhər məktəblərində texnologiyadan istifadəyə yenidən baxılması fonunda qəbul edilib. Yeni siyasətə əsasən, üçüncü sinfə qədər fərdi ekran istifadəsinə, ümumiyyətlə, icazə verilmir. 3-5-ci siniflər üçün ekran vaxtının 30 dəqiqə, 6-8-ci siniflər üçün isə 45 dəqiqə ilə məhdudlaşdırılması tövsiyə olunur. Məktəbəqədər təhsildən 8-ci sinfə qədər şagirdlərə yönəlik generativ süni intellekt alətlərindən istifadə də qadağan edilib.

Şəhər Təhsil Departamentinin nümayəndələri bildiriblər ki, "YouTube"a qoyulan məhdudiyyət şagirdlərin platformadan dərsdənkənar və nəzarətsiz istifadəsinin qarşısını almağa yönəlib. Bununla belə, müəllimlərin tədris məqsədilə seçdiyi videolara giriş saxlanılıb.

Nyu-York Şəhər Şurasının təhsil komitəsinin sədri Erik Dinovitz məktəblərdə oyunlaşdırılmış tədris vasitələrinin də məhdudlaşdırılmasını və rəqəmsal texnologiyaların istifadəsinin elmi araşdırmalarla əsaslandırılmasını təklif edib. O, həmçinin müəllimlər üçün peşəkar inkişaf imkanlarının artırılmasına və bəzi qiymətləndirmələrin yenidən kağız üzərində aparılmasına çağırıb.

Rəsmilər məktəblərə mümkün olduqda kağız-qələm formatında testlərdən istifadə etməyi də tövsiyə ediblər. Bununla yanaşı, oxu və riyaziyyat üzrə il ərzində keçirilən bəzi məcburi qiymətləndirmələr, eləcə də 3-8-ci siniflər üzrə dövlət imtahanları rəqəmsal formatda keçirilməyə davam edəcək.