Od çərşənbəsi - İşığın və ümidin bayramı
Bu gün istiliyin, işığın və yenilənmənin müjdəçisi olan Od çərşənbəsidir. Novruz çərşənbələrindən ikincisi olan Od çərşənbəsinə xalq arasında “Üzgü çərşənbə”, “Addı çərşənbə”, “Üzgü gecəsi” və yaxud “İkinci çərşənbə” də deyilir. Od çərşənbəsi yeni həyatın, daha doğrusu, yazın gəlişini simvolizə edir. Od çərşənbəsi ilə bahara doğru daha bir addım yaxınlaşmış oluruq. Adıçəkilən çərşənbə xalq inanclarına görə insanın daxilindəki işığı oyadır. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.
Odla bağlı bir çox deyimlər, alqışlar, inanclar, atalar sözləri, andlar bu günə kimi qalmaqdadır: odla oynayan odsuz qalar; od haqqı; ocağın qaralmasın və s.
Od çərşənbəsi özünün adət-ənənələri ilə də zəngindir. Axşam düşəndə həyətlərdə tonqallar qalanır. Hamı tonqal başına toplanır. İnanclara görə, odun üstündən tullananda insanlar “Ağırlığım-uğurluğum odda qalsın!”, - söyləyərək bütün ağırlığını, dərdini, xəstəliyini oda verir. İnsanlar yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına ürəkdən inanırlar. Və bu gecə ocaq sönməməlidir. Çünki ocaq ailənin istiliyi, bərəkəti deməkdir. Od nə qədər gur yanarsa, il də bir o qədər uğurlu olar. Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.
Artıq işğaldan azad olunmuş ərazilərimizdə də Od çərşənbəsi böyük çoşqu və sevinclə qeyd olunur.
Qoy bu Od çərşənbəsində hər ocaqdan nur yayılsın, hər ürəkdə yeni bir bahar başlasın!



