Oksford professoruna 10 yaşında məktub yazan azərbaycanlı bu gün Londonda təhsil alır – MÜSAHİBƏ
Uşaq yaşlarında ailəsi ilə birlikdə Londona köçən azərbaycanlı Davud Cəbiyev hazırda Londonun “Queen Mary” Universitetində kompüter elmləri üzrə inteqrasiya olunmuş magistr proqramında təhsil alır.
O, AZƏRTAC-a müsahibəsində təhsil yolu, süni intellektin sürətli inkişafının bu sahəyə təsiri, Böyük Britaniyadakı diaspor fəaliyyəti və planlarından danışıb.
"Azərbaycan müəllimi" həmin müsahibəni təqdim edir.
– Əvvəlcə özünüz və təhsil aldığınız universitet barədə məlumat verərdiniz. Kompüter elmləri sahəsini seçməyinizin səbəbi nə ilə bağlı olub?
– Mən Azərbaycanda anadan olmuşam, lakin uşaqlıq illərim Londonda keçib. On yeddi ildir ki, burada yaşayıram. Hazırda “Queen Mary” Universitetində kompüter elmləri üzrə təhsil alıram və sentyabr ayında üçüncü kursa başlayacağam.
Kompüter elmlərinə marağım altı yaşımda “Scratch” platforması ilə tanış olduqdan sonra yaranıb. Bu platformada istifadəçilər kod bloklarını birləşdirərək müxtəlif layihələr hazırlayırlar. Məhz bundan sonra proqramlaşdırmanı müstəqil şəkildə öyrənməyə başladım, tədricən müxtəlif proqramlaşdırma dillərini mənimsədim və fərqli platformalarda layihələr hazırladım. Həmişə öyrənməyə və yeni biliklər əldə etməyə böyük marağım olub. Hətta on yaşımda faktorial mövzusu ilə maraqlandıqdan sonra Oksford Universitetinin riyaziyyat professorlarından birinə məktub yazmışdım və o, cavab olaraq mənə riyazi silsilələr haqqında məlumat göndərmişdi.
Məktəbdə fənn seçimində və universitetə qəbul zamanı kompüter elmlərini seçmək mənim üçün təbii qərar oldu. Bu sahə tarix boyu dünyanı dəyişdirən, informasiyadan istifadə üsullarımızı kökündən yeniləyən istiqamətdir. Mən elə başqa bir sahə tanımıram ki, kiçik qərarlar və innovasiyalar bu qədər böyük təsir gücünə malik olsun və bu qədər qısa müddətdə Yer üzündə yaşayan insanların əksəriyyətinin həyatına təsir göstərə bilsin.
– Hazırda kompüter elmləri üzrə inteqrasiya olunmuş magistr proqramında təhsil alırsınız. Bu proqramın əsas üstünlükləri nədən ibarətdir?
– Bu proqram bakalavriat və magistratura səviyyələrini vahid dördillik təhsil proqramında birləşdirir. Beləliklə, magistratura üçün ayrıca müraciət etməyə ehtiyac qalmır. Təhsili başa vurduqdan sonra həm bakalavriat, həm də magistr səviyyəsini əhatə edən vahid “MSci” dərəcəsi əldə edəcəyəm.
– Böyük Britaniyada 17 ildir yaşayırsınız. Azərbaycan üçün ən çox nədən ötrü darıxırsınız?
– Londonda böyüdüyüm üçün Azərbaycanda yaşadığım dövrlə bağlı xatirələrim çox deyil. Lakin hər dəfə Azərbaycana gedəndə ölkənin mədəniyyətinə, memarlığına, təbiətinə və xüsusilə zəngin tarixinə valeh oluram. Bu tarixi xaricdə öyrənmək çətindir. Həmçinin ölkənin təhlükəsiz olması diqqətimi çəkən məqamlardandır. Səfərlərdən sonra isə ən çox Azərbaycan mətbəxi üçün darıxıram. Hətta ən sadə ərzaq məhsullarının belə dadı başqa ölkələrdə rast gəldiyim məhsullardan fərqlənir.
– Süni intellektin sürətli inkişafı bu sahədə təhsil alan tələbələr üçün hansı yeni imkanlar və ya çətinliklər yaradır?
– Süni intellektəsaslı proqramlaşdırma alətləri kompüter elmləri tələbələrinin məhsuldarlığını artırır, daha böyük layihələr hazırlamağa və daha sürətli öyrənməyə imkan verir. Lakin bu texnologiyalardan həddindən artıq asılı olmaq müəyyən risklər yaradır. Əgər tələbə nəzəri biliklərini inkişaf etdirmədən yalnız süni intellektdən istifadə edirsə, bilik boşluqları yaranır və gələcəkdə keyfiyyətli layihələr hazırlamaq çətinləşir. Buna görə də tələbələrin süni intellektdən necə istifadə etməsi onların şəxsi məsuliyyətidir.
Süni intellekt, eyni zamanda, yeni və perspektivli imkanlar yaradır. Onun müxtəlif sahələrdə tətbiqi innovasiyaların sürətlənməsinə təkan verir. Bununla yanaşı, əvvəllər yüksək ixtisas tələb edən bacarıqların daha əlçatan olmasına səbəb olur. Bu isə məzunların dəyişən şəraitə uyğunlaşmasını zəruri edir. Fikrimcə, kompüterlərin daxili işləmə prinsiplərini dərindən bilən mütəxəssislərin gələcəyi daha uğurlu olacaq. Xüsusilə kibertəhlükəsizlik sahəsində süni intellekt hücum və hakerlik üsullarını daha əlçatan etdiyi üçün fundamental biliklər mühüm üstünlük yaradır.
– Böyük Britaniyadakı Azərbaycan icması və diaspor fəaliyyəti ilə əlaqələriniz varmı?
– Universitetdə təhsilimin ilk ilində “Queen Mary” Azərbaycan Cəmiyyətinə üzv oldum. İkinci kursda isə xəzinədar seçildim. Bu vəzifədə maliyyə işləri ilə yanaşı, Britaniyanın müxtəlif bölgələrindən təxminən 200 tələbə və diaspor nümayəndəsini bir araya gətirən Novruz bayramı tədbirini təşkil etdim. Artıq növbəti tədris ili üçün cəmiyyətin prezidenti seçilmişəm.
Bundan əlavə, London universitetlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və diaspor təşkilatlarının tədbirlərində mütəmadi iştirak edirəm. Bu mənə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, diaspor nümayəndələri və müxtəlif təşkilatlarla yaxından əlaqələr qurmağa imkan verib. Bu yaxınlarda Böyük Britaniyada Azərbaycanlı Gənclərin I Forumunda, həmçinin Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə iştirak etdim. Bu mühitdə fəal olmağım Azərbaycan dilimi də əhəmiyyətli dərəcədə inkişaf etdirib.
– Xaricdə yaşayan gənc azərbaycanlıların ölkəmizin tanıdılması və milli dəyərlərimizin təbliğində rolunu necə qiymətləndirirsiniz?
– Xaricdə yaşayan gənc azərbaycanlıların mədəniyyətimizi tanıtmaq və diasporumuzu bir araya gətirmək üçün göstərdikləri səylər həqiqətən ilhamvericidir. Hesab edirəm ki, xaricdə cəmiyyət kimi tanınmağımız və uğurlarımız məhz bu təşəbbüslər sayəsində güclənir. Mən də belə tədbirlər vasitəsilə öz mədəniyyətimi və adət-ənənələrimizi daha yaxından tanıyıram. Xaricdə yaşayan azərbaycanlıların bir-birinə dəstək olması çox vacibdir.
– Təhsilinizi başa vurduqdan sonra karyeranızı hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız?
– Ən çox maraq göstərdiyim sahə kibertəhlükəsizlikdir. Süni intellekt təhlükələri daha mürəkkəb və əlçatan etdikcə, kompüterlərin iş prinsipini dərindən bilən mütəxəssislərə ehtiyac daha da artacaq. Düşünürəm ki, bu sahə həm mənim üçün maraqlı çağırış olacaq, həm də cəmiyyət üçün faydalı fəaliyyət istiqamətidir.
– Gələcəkdə əldə etdiyiniz bilik və təcrübəni Azərbaycanla bölüşmək və ya ölkəmizlə bağlı layihələrdə iştirak etmək planlarınız varmı?
– Əlbəttə. Hazırda məqsədim universitetdəki cəmiyyətimizin qarşıdakı ilini uğurla təşkil etməkdir. Gələcəkdə imkan yaranarsa, Azərbaycanın texnologiya sektorunda fəaliyyət göstərmək və ya diaspor fəaliyyətinə daha geniş töhfə vermək istərdim. Bu yay Azərbaycanda keçiriləcək diaspor tədbirində də iştirak edəcəyəm və bunu səbirsizliklə gözləyirəm.
– Xaricdə təhsil almağı arzulayan azərbaycanlı gənclərə tövsiyəniz nədir?
– Hər zaman maraq hissinizi qoruyun, fundamental biliklərə xüsusi diqqət yetirin və mümkün qədər çox layihə hazırlayın. Sizə təqdim olunan texnologiya və alətlərdən maksimum faydalanın. Həmçinin maraq göstərdiyiniz sahədə çalışan insanlarla əlaqə saxlamaqdan çəkinməyin. Təcrübəli mütəxəssislərin əksəriyyəti düşündüyünüzdən daha çox kömək etməyə hazır olur.




