Olimpiadaya qoşuldu, gümüş medal aldı – Səidin uğur yolu
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Səid İsgəndərov Respublika fənn olimpiadalarında fizika fənni üzrə qızıl və gümüş, VI Azərbaycan Astronomiya Olimpiadasında isə gümüş medala layiq görülüb. Bununla o, lisey tarixində astronomiya olimpiadasında medal qazanan ilk şagird olub.
Səid İsgəndərov “Azərbaycan müəllimi”nə təhsil yolu, olimpiadalara hazırlıq prosesi, qazandığı uğurlar və gələcək hədəfləri barədə danışıb.
“Kainatın yaranması və qara dəliklər məni daha çox maraqlandırır”
Onun sözlərinə görə, fizika elminə sevgisinin formalaşmasında müəllimi Samirə Aslanzadənin böyük rolu olub: “Liseyə qəbul olduğum ilk ildə məndə fizikaya sonsuz sevgi və məhəbbət aşılayan fizika müəllimim Samirə Aslanzadə ilə tanış oldum. Onunla tanış olduqdan sonra bu ucsuz-bucaqsız fizikaya səyahət yolum başladı. Bundan sonra isə fizikanın özü qədər də maraqlı olan astronomiya ilə tanış oldum”.
Astronomiya olimpiadasında iştirak etməsi isə dostunun sayəsində baş tutub:
“Əvvəlki illərdə astronomiya olimpiadasında iştirak etməmişdim, çünki bu olimpiada ilə bağlı elan və xəbərləri yaxından izləmirdim. Bu il isə bir dostum mənə “Belə bir olimpiada var, qoşulmağı məsləhət görürsən?” deyə müraciət etdi. Əvvəlcə ona iştirak etməyi tövsiyə etdim, sonra isə özüm də qeydiyyatdan keçərək bu yarışa qatıldım”.
Hazırlıq prosesində həm yeni dostlar qazandığını, həm də öz biliklərini daha da möhkəmləndirdiyini deyən Səid qeyd edir: “Müxtəlif və yeni insanlarla tanış oldum. Bundan əlavə, liseydə yaşca məndən kiçik olan şagirdlərə mövzu və sual izahları, sınaqlar işlədərək həm onlara yeni bacarıqlar öyrətdim, həm də bildiklərimi təkrar edərək öz praktiki biliklərimi daha da yaxşılaşdırdım. Bundan əlavə final mərhələsinə artıq 3 ildir əlavə olunan praktika turu məsələ həlletmə bacarığı ilə yanaşı, fizikaya olan marağımı 2 qat artırdı”.
Olimpiadaya hazırlıq zamanı əsas diqqəti astronomiya mövzularına yönəltdiyini bildirən gənc olimpiadaçı deyir: “Olimpiadaya hazırlaşarkən əsasən sırf astronomiyaya aid olan hissəyə fokuslandım. Keçmiş illərin final turlarını işlədim və müxtəlif internet resurslarından istifadə etdim”.
Medal qazandığını ilk dəfə lisey rəhbərliyindən öyrəndiyini söyləyən Səid həmin anı belə xatırlayır: “Medalı qazandığımın xəbərini ilk dəfə liseyimizin direktoru Rəşad Qədirovdan öyrəndim. Məni təbrik etdi və daha böyük nailiyyətlər qazana biləcəyimi söylədi. Mən də ölkədə liseyimizi təmsil etdiyim üçün böyük qürur hissi keçirdim. Medalı qazanmağımın liseydəki digər azyaşlıların həvəslənib sonrakı illərdə də iştirak edib medal sayını artıracağını düşünürəm. Bundan sonra onlara bu yolda dəstək olmağa hazıram”.
Səid hesab edir ki, fizika və astronomiya bir-biri ilə sıx bağlı olan elmlərdir: “Məncə, fizika və astronomiya arasında kifayət qədər bənzərlik var. Bəzi məsələlərdə fizikada olan bir çox düsturdan və ya fikirlərdən istifadə edirik. Ancaq astronomiyanın fizikada olmayan nəzəriyyə hissəsi var”.
O, Respublika fənn olimpiadalarının final mərhələsində üzləşdiyi çətinlikləri də bölüşür: “Təəssüf ki, builki olimpiadalarda praktika turunda bir çox çətinliklərlə üzləşdim. Bunlardan biri öncəliklə cihazın istiqamətini səhv qoymağım və buna görə də vaxtımın böyük bir hissəsini itirməyim oldu. Ancaq xoşbəxtlikdən nəzəriyyə turunda yaxşı nəticə göstərərək digərləri ilə aramdakı fərqi aradan qaldıra bildim”.
Kainatın sirləri ilə bağlı mövzular onu daha çox cəlb edir: “Mənim üçün astronomiyanın, demək olar ki, bütün mövzuları maraqlıdır. Fizikada olduğu kimi, bu sahədə də xüsusi seçdiyim bir mövzu yoxdur. Lakin kainatın yaranması, qara dəliklər və kainatda Yer kürəsindən kənarda həyatın olub-olmaması ilə bağlı məsələlər diqqətimi daha çox cəlb edir”.
Gələcək planlarından danışan Səid ali təhsilini mühəndislik sahəsində davam etdirmək istədiyini bildirir: “Sözün açığı, bunda bir az qərarsız qalıram. Önümüzdəki illərdə hədəfim Respublika fənn olimpiadalarında qazandığım medal sayəsində ADA Universitetində elektrik və elektronika mühəndisliyini oxumaq istəyirəm. Ondan sonra isə təhsilimi xaricdə davam etdirəcəyəm”.
Sonda isə uğura gedən yolda ən vacib xüsusiyyətin qətiyyət olduğunu qeyd edir: “İndiyə qədər çoxlu uğursuzluqla qarşılaşdım, ancaq hər dəfə onları əlimlə bir tərəfə itələdim və görməzdən gəldim. Beləliklə, saysız uğursuzluqlara baxmayaraq həmişə yenidən ayağa qalxdım və daha qətiyyətlə yola davam etdim”.




