“Ölüm sevinməsin qoy” – İlk müəllimimizin əziz xatirəsinə…
Hər birimizin həyatında çox dəyərli, savadlı, vicdanlı, peşəkar müəllimlərimiz olub və uğurlarımıza görə hər zaman özümüzü müəllimlərimizə borclu bilirəm. Seçimimizi dəyişmək mümkün olsa da, bəxtimizə düşən çiçək – ilk müəllimimiz siz oldunuz – Çiçək müəllim…
Hələ o dövrdə həvəslə, zövqlə, min bir zəhmətlə, əyani vəsaitlərlə bəzədiyiniz sinif otağınızda əllərinizin qabiliyyəti, musiqi alətlərində, xüsusilə pianinoda ifalarınız, ədəbiniz, nümunəvi davranışınızla elmə marağı artırıb, həyata baxışlarımızı formalaşdırdınız. Yazmağı, oxumağı, zəhmətlə yaşamağı, sevməyi bizə öyrətdiniz. Yaradanı, vətəni, valideynləri, sizi sevməyi öyrətdiniz. Və bütün bunlara görə heç zaman, heç bir təmənna ummadınız bizlərdən.
Klassik geyimi, yerişi, duruşu ilə əsl müəllimlərə xas görkəminizlə yanaşı, bir valideyn kimi daim qayğımıza qalaraq məktəbdən çıxıb evə dönərkən üst geyimlərimizin tam düymələnib bağlanmasınadək diqqət etmisiniz.
İlin məhz bu vaxtları, bahar gələrkən, torpağın oyanışı, kənddə əkin işlərinin başlanması həyata keçirilir.
Artan yaşımızla, artan məsuliyyətimizi izah edib, dərslərimizi hazırladıqdan sonra valideynlərimizə kömək etməyi tapşırardınız. Və biz də gücümüz çatdığı qədər ev işlərində, həyətyanı sahələrimizdə şəxsi istehlakımız üçün əkdiyimiz dirliklərdə – daşların, alaq otlarının təmizlənməsi, yeni əkilmiş toxum və şitillərin, güllərin, ağacların diblərinin sulanması və başqa işlərdə bacardığımızı edərdik.
Baxmayaraq ki, yağıntılı günlərdə qonşu Alıkeyxalı kəndindən Soltanlı kəndinə gələn yolda Caxmaq çaylağı adlanan yerdən axan su gurlaşardı, amma bütün bu çətinliklərə rəğmən, siz heç vaxt dərsə gecikməz, dərsdən qalmaz, hamıdan əvvəl məktəbdə olardınız. Şagirdlərə də hər zaman dərslərə müntəzəm davamiyyəti aşılayardınız.
Sizin bir pedaqoq kimi həyatımızda rolunuz başqa, bir insan kimi qəlbimizdə yeriniz hər zaman uca olub, sevimli Çiçək müəllimimiz. Bu sözləri yazmaq nə qədər çətin də olsa, zamanın güzəştsiz hökmündən heç birimizin kənarda qalmayacağımızı dərk edib sakitlik tapıram.
Bəzən dərk etmədən etdiyimiz nadinclik, şuluqluq, dərsdə səs saldığımıza, sizi incitdiyimizə görə bizi bağışlayın, sevimli müəllimimiz…
Bir də bağışlayın ki, siz müəllimlərin öyrətdiyiniz dil qaydalarına, orfoqrafiya normalarına zidd olaraq cümlənin ortasında xüsusi isimtək böyük hərflərlə yazaram. Sözün hər mənasında böyük hərflərlə: GÖZƏL İNSAN, yeriniz behişt olsun. Allah məkanınızı cənnətlə müjdələsin.
Doğma Cəbrayılın ətrini Bakı havasında almaq çətin idi. Ali Baş Komandanın qətiyyəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına, müzəffər ordumuzun şücaəti ilə işğaldan azad olunmuş yurdumuza qayıdıb yaşamaq ən böyük arzumuz idi… Yenidən qurulan, abadlaşan müasir tipli kəndlərimizə, qəsəbələrimizə, rayonlarımıza köçən ailələri hər dəfə ekran başından gördükcə qəhərlənib, kövrəlib, qürurlanıb, doğma yurda qayıdışın sevincini yaşamağa tələsərdiniz…
Görkəmli şairimiz Səməd Vurğun “Vaqif” əsərində çox gözəl qeyd edib: “Soyuq məzara da zinətdir insan”.
"Yeni evi"nizə köçməyiniz vətən torpağını zinətləndirməklə daha da doğmalaşdırdı bizim üçün...
Bu ayrılıq – sözünü canından üstün tutan dahi şairimiz İmaməddin Nəsimi demiş; “cismani ayrılıqdır". Ruhumuz birlikdə, yenə bir yerdədir müəllim. Siz bizim – dərs dediyiniz şagirdlərin, yaxınların, doğmaların, sizi tanıyanların qəlbində həmişə yaşayacaqsınız.
Məhəbbətlə: sizi unutmayacaq şagirdləriniz adından
Məhəbbət Vahidoğlu,
Cəbrayıl rayonu Soltanlı kəndi



