“Öncə Vətən dedik” - Övladlarını Vətənə, şagirdlərini həyata hazırlayan müəllim ailəsi
Onlar ömürlərinin böyük hissəsini məktəbə, şagird yetişdirməyə həsr ediblər. Sinif otaqlarında minlərlə uşağa elm, bilik, tərbiyə aşılayan Xuraman və Məhəmməd Nəcəfovların ailəsində isə Vətən sevgisi yalnız sözlə deyil, şəxsi nümunə ilə yaşadılıb. Bu ailənin üç oğlu 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşüb. Ən kiçik oğulları Yaqub Şuşanın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlib, əkiz qardaşlar İbrahim və İsmayıl isə döyüşlərdən qazi kimi qayıdıblar.

“Azərbaycan müəllimi” olaraq Zəfər Günü ərəfəsində Culfa şəhərində yaşayan bu müəllim ailəsinin həm pedaqoji fəaliyyət, həm də Vətənə bağlılıqla yoğrulmuş həyat hekayəsini oxucularımıza təqdim edirik.
“Şuşanı aldıq. Qələbə bizimdir”
Şəhid Yaqub Nəcəfov 7 iyul 2000-ci ildə Culfa şəhərində, ziyalı ailəsində dünyaya gəlib. Ailənin üç övladından ən kiçiyi olub. Uşaqlıqdan savadı, tərbiyəsi və davranışları ilə seçilib. Üzündən təbəssüm əskik olmayan, boyu cəmi 1 metr 63 santimetr olan bu gəncin ürəyində Vətən boyda sevgi olub.
2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Yaqub, müharibə başlayanda dördüncü kursda təhsil alırdı. 2020-ci ildə Vətənin ən ağır günündə o da döyüşə yollanır. Füzuli, Cəbrayıl və Şuşa uğrunda döyüşlərdə iştirak edir. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olur. Yaqub Nəcəfov Culfa şəhər Şəhidlər xiyabanında dəfn edilir.
Yaqubun sonuncu mesajlarından biri Şuşadan qardaşına göndərdiyi “Şuşanı aldıq. Qələbə bizimdir” sözləri idi. Bu mesaj ailənin yaddaşında həm qələbənin müjdəsi, həm də son xatirələrdən biri kimi yaşayır.
Yaqub ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Onun hərbçi olmağa qərar verməsində böyük qardaşlarının da təsiri olub. İbrahim və İsmayıl Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarıdır. 2016-cı ildən Qarabağ bölgəsində ön xətdə zabit kimi xidmət ediblər. Onlara Naxçıvanda, hətta doğma Culfada xidmət etmək təklif olunsa da, qardaşlar cəbhə bölgəsində qalmağı üstün tutublar.
İbrahim özü də müharibədə ağır yaralanıb. Gözündən, əlindən və ayağından aldığı qəlpə yaralarına görə döyüşü davam etdirməsinə həkimlər icazə verməyiblər. O isə cəbhəyə qayıtmaq üçün israr edib. Bir ay ərzində dörd dəfə əməliyyat olunub. Ailə üzvlərinin verdiyi məlumata görə, ümumilikdə yeddi dəfə əməliyyat keçirib və sol gözünü tamamilə itirib.
Bu gün ailənin hər üç övladının hərbi xidmət və müharibə yolu müxtəlif medallarla, dövlət təltifləri ilə yadda qalıb. Xuraman müəllim oğullarının təltiflərini sadalayarkən onların hər birinin həyatında xüsusi yeri olduğunu vurğulayır: Yaqubun üç, İbrahimin dörd, İsmayılın isə yeddi medalı var.
Müəllimlik və Vətənə xidmət
Xuraman və Məhəmməd müəllim illərlə məktəbdə şagirdlərinə bilik verib, onları həyata hazırlayıblar. Eyni zamanda ailələrində Vətənə bağlı, hərbi peşəni seçən üç oğul böyüdüblər. Bu gün onların adı çəkiləndə bir tərəfdən zəhmətkeş müəllimlər, digər tərəfdən isə üç övladını Vətənin müdafiəsinə yola salmış qəhrəman valideynlər yada düşür.
Nəcəfovlar ailəsinin hekayəsində müəllimlik, hərb, fədakarlıq və Vətən sevgisi bir-birindən ayrılmır. Ailənin başçısı Məhəmməd Nəcəfov özü də Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, qardaşları ilə birlikdə torpaqlarımızın müdafiəsində iştirak edib, qəlpə yarası alıb. Dayıları Adil müəllim və Zeynalabdin də Sədərək döyüşlərində olublar. Belə bir ailə mühitində böyüyən övladların hərb sənətinə maraq göstərməsi, Vətən qarşısında borclarını ön planda tutması təsadüfi deyildi.
Həmin vaxt üç oğul da ön cəbhədə, düşmənlə üz-üzə döyüşürdü
İlk olaraq “Qəhrəman ailənin atası” Məhəmməd Nəcəfovu tanıyaq. O, 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. 1984-cü ildən Culfa şəhər 1 nömrəli tam orta məktəbdə müəllim işləyib, 1985-ci ildən isə həmin məktəbdə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 1998-ci ildə Azərbaycan Respublikası Müəllimləri Qurultayının nümayəndəsi seçilib. Təhsilin inkişafında xidmətlərinə və səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunub. 2015-ci ildən rəhbərliyin məsləhəti ilə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində fəaliyyətini davam etdirir.
Məhəmməd müəllim üçün bu peşə həm də xarakter formalaşdırmaq, şagirdlərə səbirli, inadkar, məqsədyönlü olmağı öyrətməkdir. Şahmat müəllimi kimi yetişdirdiyi uşaqlara da ilk növbədə bu keyfiyyətləri aşılayır: “Şahmat oyununu öyrədərkən şagirdlərə sanki özlərini həmişə döyüşdə olduqları kimi hiss etmələrini aşılayırıq. Çalışıb həmişə qalib olmaq lazımdır. Məhz buna görə də şagirdlərimiz rayon, Naxçıvan Muxtar Respublikası, eləcə də Mingəçevir, Bakı, Xankəndi və Sumqayıt şəhərlərində keçirilən Azərbaycan birinciliyi yarışlarında fəal iştirak ediblər”.
Məhəmməd müəllimin həyatında Vətən sevgisinin yeri isə hələ Birinci Qarabağ müharibəsindən başlayır. O özü könüllü olaraq müharibədə iştirak edib. Qardaşı Vaqif də döyüşlərdə olub, hər ikisi yaralanıb. Kiçik qardaşı Əli Ağdam döyüşlərində iştirak edib: “Belə bir ailənin övladları olaraq Vətənin müdafiəsinə qalxmaq bizim mənəvi borcumuz idi. Ulu Öndərimiz Heydər Əliyev deyib ki, “Cəsarət və sədaqət insanın gərək qanında ola”. Vətən dara düşəndə övladlarım da kənarda qala bilməzdi. Övladlarımı müharibədə görmək bir ata kimi mənim üçün fəxr idi”.
Məhəmməd müəllim danışdıqca 44 günlük Vətən müharibəsinin ailəyə yaşatdığı ağır günlər də göz önünə gəlir. Həmin vaxt üç oğul da ön cəbhədə, düşmənlə üz-üzə döyüşürdü. Ata üçün bundan böyük sınaq ola bilməzdi. Bir tərəfdə Vətən qarşısında borcunu yerinə yetirən oğullar, digər tərəfdə isə onların hər anından nigaran qalan valideynlər...
Əvvəlcə İbrahim ağır yaralanır. Həkimlərin çağırışı ilə Məhəmməd müəllim Bakıya yollanır. Oğlu yeddi dəfə əməliyyat keçirir, sol gözünü tamamilə itirir. Bədənində bu gün də çoxsaylı qəlpələr var. Ata xəstəxanada oğlunun yanında olduğu günlərdə daha bir ağır xəbər alır. Evin kiçik oğlu Yaqub Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub: “İbrahimin yanında qalarkən Yaqubun Şuşanı azad edəndən sonra şəhid olduğunu bildirdilər. Müdafiə Nazirliyinin qaynar xətt telefonları ilə əlaqə saxladım. Həmin vaxt digər oğlum İsmayıl da yanıma gəldi. O zaman gördüm ki, İsmayıl da axsayır. O da yaralanmışdı. İsmayılın yaralandığını onda bildim”.
Bu sözlərin arxasında bir atanın yaşadığı ağır sarsıntı dayanır. Bir oğlunun yaralı halda xəstəxanada müalicə alması, digərinin şəhidlik xəbəri, üçüncüsünün də yaralandığını sonradan öyrənməsi... Ancaq bütün bu ağrılara, itkilərə və sarsıntılara baxmayaraq, Məhəmməd müəllim Vətən sevgisini, mənəvi dəyərlərə bağlılığını və müəllimlik amalını itirmir. O, yaşadığı faciəni yalnız şəxsi ailə dramı kimi deyil, həm də Vətən qarşısında hər bir insanın daşıdığı məsuliyyətin nümunəsi kimi dəyərləndirir. Onun üçün oğullarının göstərdiyi qəhrəmanlıq, Yaqubun şəhidliyi, İbrahim və İsmayılın yaralanması Vətənə bağlılığın, torpağa sədaqətin və fədakarlığın canlı təcəssümüdür.
Bir ana, bir müəllim və qəhrəman övladlar
Nəcəfovlar ailəsinin digər dayağı Xuraman müəllimdir. O, 40 ildən artıq müəllimlik təcrübəsinə malikdir. Əmək fəaliyyətinə doğulduğu kənddə- Saltaqda başlayıb. 1988-ci ildə Culfa Rayon Komsomol Komitəsinin katibi seçilib, 1991–1998-ci illərdə Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Xidmətində şöbə müdiri vəzifəsində çalışıb. Bununla yanaşı, pedaqoji fəaliyyətini də davam etdirib. 25 yaşında “Ən gənc müəllim” adına layiq görülən Xuraman müəllim müxtəlif illərdə məktəb, rayon və muxtar respublika rəhbərliyi tərəfindən fəxri fərman və diplomlarla təltif olunub. 1994-cü ildə Culfa şəhər 1 nömrəli məktəbdə işləyib, 2015–2020-ci illərdə həmin məktəbdə direktor müavini – təşkilatçı vəzifəsini tutub. 26 il ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. 2020-ci ildən Culfa şəhər 3 nömrəli tam orta məktəbdə çalışan müəllim bu gün də sinif rəhbəri kimi şagirdlərinin bilik və bacarıqlarının inkişafı üçün yorulmadan fəaliyyət göstərir.
2024-cü ildə məktəb pedaqoji şurasının qərarı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülən Xuraman müəllim 2026-cı ildə də Təhsil şöbəsi tərəfindən təhsil sahəsindəki xidmətlərinə görə fəxri fərmanla təltif olunub.
Onun müəllimlik həyatında xüsusi yeri olan bir şagird isə öz oğlu – şəhid leytenant Yaqub Nəcəfovdur. Xuraman müəllim Yaqubun ibtidai sinif müəllimi olub. Bu, bir ana üçün həm qürur, həm də sözlə ifadəsi çətin olan xatirədir: “Qeyd edim ki, oğlum şəhid leytenant Yaqub Nəcəfovun ibtidai sinif müəllimi olmuşam. Onlara işğal olunmuş rayonların adlarını əzbərlədirdim. Sonda isə deyirdim ki, biz yenə o torpaqlara qayıdacağıq... Ancaq siz böyüyənə qədər. Böyüdülər, onlar o torpaqları azad etdilər. Canları bahasına”.
Bu cümlələrdə müəllimin şagirdlərinə verdiyi vədin illər sonra necə gerçəkləşdiyini görürük. O vaxt sinif otağında işğal olunmuş rayonların adlarını öyrənən uşaqların sırasında Yaqub da vardı. İllər keçdi, həmin uşaq böyüdü, hərbi məktəbə daxil oldu və müəllim anasının danışdığı torpaqların azadlığı uğrunda döyüşlərə qatıldı. Şuşada şəhid oldu.
Xuraman müəllim üçün məktəb həmişə ikinci ailə olub. O, şagirdlərini öz övladlarından ayırmadığını söyləyir: “Şagirdlərimi hər zaman öz övladım kimi sevmişəm. Onların hər zaman qayğılarına qalmışam. Çətinliklərini həll etməyi özümə borc bilmişəm. Onların sevincli gözlərini görmək, qaçaraq qabağıma gəlmələri mənim üçün ən böyük mükafatdır”.
Ancaq Xuraman müəllimin həyatında elə bir sınaq olub ki, heç bir fəxri fərman, heç bir peşə uğuru onun ağırlığı ilə müqayisə edilə bilməz. Özü belə deyir: “Üç övladı müharibədə olan ana üçün bundan böyük sınaq olarmı? Biz bu sınaqdan alnıaçıq, üzüağ çıxdıq. Vətən çağıranda sular durur. İsmayıl və İbrahim peşəkar zabit kimi, Yaqub isə hələ dördüncü kursun kursantı olsa da, leytenant rütbəsi verilərək döyüşlərə qatılıb. Azad, bütöv, suveren respublikada yaşamaq bizim ən böyük arzumuz olub. Arzuya çatmaq üçün qurbanlar da olmalıdır. Biz hər şeyi gözə almışdıq. Öncə Vətən dedik”.
Bu sözləri söyləyən ananın qəlbində üç fərqli duyğu yaşayır: şəhid anası olmağın ağrısı, qazi anası olmağın narahatlığı və qalib oğul anası olmağın qüruru. Elə bu fəxrlə də deyir: “Yaqub məni şəhid anası, İbrahim qazi anası, İsmayıl qalib (veteran) anası etdilər”.
Hər il Zəfər Gününü qürurla qarşıladıqlarını deyən Xuraman müəllim üçün bu bayramın bir də heç vaxt sağalmayacaq nisgili var: “Zəfər Gününü qürur hissi ilə qarşılayıram. Lakin Yaqubumuzun bu Zəfəri görmədiyi bizi kədərləndirir. Zəfəri ölkəmizə qazandıranların arasında bizim ailənin də pay sahibi olduğunu hər kəsə qürurla bildirirəm”.
Şəhidin adı yaşadıqca Zəfər də yaşayır
Nəcəfovlar ailəsi üçün Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bayram deyil. Bu gün onların həyatının ən ağrılı, eyni zamanda ən qürurlu səhifələrindən biridir. Bir tərəfdə azad edilmiş torpaqlar, dalğalanan üçrəngli bayraq, müstəqil və suveren Azərbaycan, digər tərəfdə isə bu Zəfər uğrunda həyatını qurban verən Yaqubun yoxluğu...
Xuraman müəllim deyir ki, özü də, ailəsi də bu ağrını heç vaxt şagirdlərinin qarşısında büruzə verməməyə çalışır. Onlarla Vətən haqqında danışarkən qürur və fəxarət hissini önə çəkir. Çünki onun fikrincə, uşaqlara vətənpərvərlik aşılamağın ən təsirli yolu şəxsi nümunədir. “Yaqubun sinifində həmişə vətənpərvərlik mövzusunda söhbətlər etmişəm. Bəlkə də bunu təsiridir ki, Yaqubun sinif yoldaşlarından beş nəfər zabit kimi II Qarabağ müharibəsində iştirak edib. Mən əvvəlcə ailədə öz övladlarıma Vətən sevgisini, sonra da şagirdlərimə bu sevgini aşılayıram”.
Xuraman müəllim gənc nəslin Vətənə bağlı böyüməsində ailənin rolunu xüsusi qeyd edir. Onun fikrincə, məktəb və ailə bu işdə bir-birini tamamlamalıdır. Bildirir ki, gənc nəslin Vətənə bağlı böyüməsində ailənin rolu xüsusi qeyd olunmalıdır.
O, valideyn və müəllimlərə də müraciət edərək Vətən sevgisinin uşaqlara yalnız sözlə deyil, əməl və davranışla aşılanmasının vacibliyini vurğulayır: “Ana Vətən kəlməsi bizə çox şeyi deyir. Yəni Vətəni anan qədər, hətta öz canından üstün tutmalısan ki, bu Vətən yaşasın. Vətən onu sevənlərlə var olur. Bu Vətən bizlərə şəhidlərimizin canı, qanı bahasına verilib. Vətəni hər cür düşməndən qorumalıyıq”.
Zəfər Günü ərəfəsində gənclərə ünvanladığı mesaj isə bir ana və müəllimin ürəyindən gələn çağırışdır: “Yaqub kimi oğullar öz həyatlarını fəda edib ki, bu gün bayrağımız dünya dövlətlərinin bayraqları arasında dalğalansın, suveren, müstəqil respublikamız olsun. Şəhidlərimizi heç vaxt unutmamalıyıq, unutdurmamalıyıq”.
Söhbətimizin sonunda Xuraman müəllimin sözləri yaddaşımda xüsusi yer tutur. O, bir ana kimi ürəyindəki yaranı gizlətmədən, bir müəllim kimi isə şagirdlərinə vətənpərvərlik, qürur hissi aşılamaqdan vaz keçmədən danışır. Bəlkə də elə buna görə bu ailənin hekayəsi yalnız bir şəhid ailəsinin taleyi deyil. Bu, həm də müəllim ailəsinin Vətən qarşısında məsuliyyətinin, ailədə verilən tərbiyənin, məktəbdə aşılanan dəyərlərin döyüş meydanında necə əmələ çevrildiyinin hekayəsidir.
Zəfər Günü ərəfəsində bu ailə ilə söhbət etdikcə anlayıram ki, bəzən bir məktəb sinfində deyilən söz illər sonra bir ölkənin taleyində öz əksini tapır. Xuraman müəllimin balaca şagirdlərinə dediyi “Biz yenə o torpaqlara qayıdacağıq” vədi gerçəkləşib. O torpaqlara qayıdılıb. İndi bu torpaqlarda həyat yenidən qurulur, məktəblərdə şagirdlərin şən səsləri eşidilir.
Bu gün Nəcəfovlar ailəsi həm şəhid, həm qazi, həm də qalib övlad yetişdirmiş bir ailə kimi qürurla yaşayır. Onların məktəbə, şagirdə, Vətənə xidmət yolu isə davam edir. Çünki müəllim üçün ömür yalnız yetişdirdiyi şagirdlərlə, valideyn üçün isə övladları ilə ölçülmür. Bəzən bir ailənin taleyi bütöv bir xalqın yaddaşına çevrilir. Məhz bu qəhrəman ailə kimi...




