“Operatorlarımız universitet məzunlarından çox maaş alırlar” – Dual təhsilin real nəticələri
İş yerləri işçi, insanlar isə iş axtarır. Bunun da əsas səbəblərindən biri insanların ixtisas seçərkən əmək bazarının tələblərini nəzərə almaması, kadrların əmək bazarının tələblərinə uyğun gəlməməsi göstərilir. Əmək bazarına sürətli və rahat uyğunlaşmanın ən optimal yolu peşə təhsili hesab edilir. Bu baxımdan dual təhsil, yəni iş yerində öyrənmə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Əmək bazarının dəyişən tələblərinin nəticəsidir ki, dual təhsil qruplarının sayı ildən-ilə artır.
Peşə təhsilində dual təhsilin keyfiyyət təminatı ilə bağlı təkliflər müzakirə olunur
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib ki, gələcəkdə genişmiqyaslı və sistemli şəkildə tətbiqi üçün dual təhsil sisteminin normativ-hüquqi bazası üzrə bir neçə əsas çərçivə sənədi hazırlanacaq. Həmin sənədlər sırasında peşə təhsili müəssisələrinin və işəgötürənlərin öhdəlikləri, təhsilalanların və təhsilverənlərin əməyinin ödənişi üzrə qaydalar da var. Çərçivə sənədlərindən əlavə olaraq, dual təhsildə iştirak edən işəgötürənlərin sayının artırılması məqsədilə stimullaşdırıcı tədbirləri nəzərdə tutan mexanizmlərin hazırlanması da müzakirə oluna bilər.
Dual təhsilin keyfiyyətinin davamlı qiymətləndirilməsi və monitorinqini təmin etmək məqsədilə müvafiq ölçmə meyarlarının və göstəricilərinin təkmilləşdirilməsi, işəgötürənlər və təhsil müəssisələri üçün uyğun monitorinq mexanizminin tətbiqi də təkliflər sırasındadır.
25 peşə təhsili müəssisəsində 30 ixtisas üzrə 1273 tələbə dual təhsil alır
Dual təhsil modeli ölkəmizdə 2020-ci ildən pilot layihə çərçivəsində tətbiq edilir. Bu model peşə təhsilinin ilk peşə hazırlığı səviyyəsində 1 illik, texniki peşə təhsili səviyyəsində isə 1 və 3 illik qruplarda həyata keçirilir. 2024–2025-ci tədris ilində Dual Təhsil Proqramı ölkə üzrə fəaliyyət göstərən 25 peşə təhsili müəssisəsində 30 ixtisas üzrə 1273 tələbəni əhatə edib, həmin dövrdə 110 işəgötürənlə əməkdaşlıq qurulub.
2025–2026-cı tədris ilində dual təhsil modelinin əhatə etdiyi müəssisələrin sayı 28-ə, tələbə sayı isə 1777-ə çatıb.
Modelin tətbiqi mexanizminə əsasən, tələbələr ilk bir ay ərzində peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edir, ikinci aydan etibarən isə təlim prosesinə dual şəkildə davam edirlər: həftənin üç günü peşə təhsili müəssisəsində nəzəri dərslərdə iştirak edir, iki günü isə işəgötürən müəssisələrində praktiki bacarıqları mənimsəyirlər. Bu model tələbələrin əmək bazarının real tələblərinə uyğun şəkildə hazırlanmasına və təcrübə əsaslı biliklərə yiyələnməsinə şərait yaradır.
İş adamı: “Bunun bizə ən böyük faydası isə seçim imkanlarımızın genişlənməsidir”
Bu prosesdən məmnun olduğunu deyən iş adamı Rəşid Çolaqov “Azərbaycan müəllimi”nə bildirib ki, təsisçisi olduğu qablaşdırma sahəsində fəaliyyət göstərən “Tuna” QSC-də onlara lazım olan kadrları özləri hazırlayıblar. İndiyədək qeyri-formal təhsil sahəsində nəticələri olub, artıq bu işi peşə təhsilində də həyata keçirəcək, bu təhsil səviyyəsinin inkişafına öz töhfələrini verəcək, prosesin nəticələrindən özləri də qazanacaqlar: “İndiyədək işə götürdüyümüz kadrları özümüz yetişdirirdik. Artıq kadrlarımızı peşə təhsili alanlar arasından seçirik. Bunun bizə ən böyük faydası isə seçim imkanlarımızın genişlənməsidir. Məsələn, hər il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən təcrübə üçün 23 tələbə götürürük. Bu il təcrübəyə daha çox tələbə cəlb edəcəyik”.
Peşə təhsili mərkəzlərində verilən dual təhsil əsl fürsətdir
İş adamının sözlərinə görə, təcrübə imkanları qazandırdıqları tələbələr arasından bacarıqlı kadrlar çıxır: “Kompüter bilikləri tələb edən dəzgahlarda işləyən mütəxəssislərə, operatorlara ehtiyacı müəyyənləşdirir və təcrübəyə gələnlər arasından yüksək səviyyəli kadrları seçirik”.
Dual təhsil modelinin üstünlüklərinə toxunan iş adamı kadrların iş yerində yetişdirilməsinin sadəcə keyfiyyət baxımından deyil, iqtisadi cəhətdən də əlverişli, sərfəli olduğunu vurğulayıb: “Nəzərə alsaq ki, operatorlar üçün belə kurslar xaricdə 30 min avro dəyərindədir, peşə təhsili mərkəzlərində verilən dual təhsil insanlarımız üçün əsl fürsətdir. Bu baxımdan peşə təhsilini dəstəkləyirik. Onlar bizim yan bağçamızdır, istehsalımız onlar olmadan alınmaz”.
40 dəzgahdan birini seçmək imkanı
Kadr hazırlığı prosesindən danışan R.Çolaqovun sözlərinə görə, təcrübəçiləri şirkətin işinə cəlb edərkən onlar arasında ayrı-seçkilik etmirlər: ““Qrafik operatoru” dediyimiz qrafik dizaynerləri özümüz yetişdiririk. Bu ixtisası da təcrübə proqramına daxil edirik, başqa sahələrdən təcrübəyə gələn tələbələrə bir neçə ixtisasla yanaşı, bu ixtisas üzrə də müəssisəmizdə iş veririk. Onlar həmin sahələrdə işləyir, axırda ən çox sevdikləri, özlərini tapdıqları sahədə qalırlar. Şirkətimizdə bu metodu istehsal rəhbəri təklif etdi və tətbiqinə başladıq. Çox uğurlu metod olduğunu öz təcrübəmizdə gördük. Belə ki, 40-a yaxın dəzgahımız var. Tələbə onların hər birində özünü sınayır və hansında daha faydalı olduğunu özü müəyyənləşdirir”.
R.Çolaqov deyir ki, peşə təhsili ilə şirkətin kadr çatışmazlığı problemi aradan qalxsa da, bəzi ixtisaslar üzrə çətinlikləri hələ də qalır, çünki yüksək potensiallı uşaqlar peşə təhsilinə üz tutmurlar.
Yanlış tendensiyanın nəticələri peşə təhsilində qabarıq görünür
Bu problemin səbəbi olaraq iş adamı cəmiyyətdə müşahidə olunan yanlış tendensiyanı irəli sürür: “Əslində, yanlış bir tendensiya var. Ailələr akademik göstəriciləri aşağı olan, universitetlərə qəbul olunmayan uşaqlarını peşə təhsilinə yönləndirirlər. Amma unudurlar ki, peşə təhsilinə aid olan ixtisaslar üzrə şirkətimizdə çalışanlar universitetlərdən gələn mütəxəssislərimizdən yüksək maaş alırlar. 2000-2300 manat maaş alan operatorumuz var. Onlar peşə təhsili ilə əməkdaşlığımız sayəsində yetişdiridiyimiz kadrlardır”.
“Şagirdlərə başa salmaq lazımdır ki, peşə təhsili zəiflik, çarəsizlik, geridə qalmaq deyil”
Çıxış yolu olaraq sahibkar orta məktəblərdə təşviqatın gücləndirilməsinə önəm verilməsinə diqqət çəkib: “Şagirdlərə başa salmaq lazımdır ki, peşə təhsili zəiflik, çarəsizlik, geridə qalmaq deyil, bacarıqlarını birbaş praktikada inkişaf etdirməkdir”.
Sahibkarın fikrincə, şagirdlərlə yanaşı, valideynlərlə iş aparılmalıdır. Onların münasibəti uşaqlara da təsir edir və özlərini lazımsız hesab edirlər. Təcrübəyə gələn uşaqlar bədbin, özünə qapanmış, güvənsiz, məyus gəlirlər. Onların davranışında bunu sezməmək mümkün deyil. Amma bir müddətdən sonra, yəni hara gəldiklərini, burada olmaqlarının nəticələrini hiss etməyə başlayandan sonra maraqları artır, motivasiyaları yüksəlir. Biz özümüz onlarda dəyişikliyi görürük”.
Hansı təcrübəçi işçi olur?
Rəşid Çolaqov deyir: “Biz o şövqü görən kimi həmin tələbələrin işini də təmin edirik. Bu üsulla təcrübəyə gələn 23 nəfərdən 7-8 nəfər seçilib bizlə işə davam edir”.


