“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi - REPORTAJ

18 Fevral, 2026 - 16:24
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi

Azərbaycan mətbuat tarixinin ilk incəsənət jurnalı olan “Övraqi-nəfisə”nin transliterasiya nəşrinin təqdimatı keçirilib. Azərbaycan Milli Konservatoriyasında keçirilən tədbirə elm və təhsil nazirinin müavini Firudin Qurbanov da qatılıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, millət vəkilləri, incəsənət xadimləri, konservatoriyanın müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru professor, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə açılış nitqi ilə çıxış edərək bildirib ki, “Övraqi-nəfisə” zəngin mədəni tarixi önəmə malikdir: Müxtəlif aspektlərə malik bu nəşr M.Ə.Rəsulzadənin “milliyət əsri” adlandırdığı bir dövrdə azərbaycanlıların milli özünüdərk prosesini, milli kimlik şüurunu formalaşmasını əks etdirirdi. 1919-cu ildə nəşr olunan bu dərgi Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji platformasının və türkçülük konsepsiyasını özündə əks etdirirdi”.

“Övraqi-nəfisə” öz tarixi dövrü haqqında tarixi sənəddən daha çox məlumat verən incəsənət nümunəsidir

“Övraqi-nəfisə”nin incəsənət, mədəniyyət tarixinin dəyərli səhifələrini özundə əks etdirdiyini bildirən rektor əlavə edib ki, bir çox hallarda incəsənət nümunəsi, bədii söz bir tarixi dövr haqqında tarixi sənəddən daha çox məlumat verir: “Biz “Övrəqi-nəfisə”ni vərəqləyərkən dövrün ab-havasını, həmin dövrdə incəsənətdə baş verən hadisələri emosional baxımdan qavrayırıq. Cəmi 6 nömrəsi işıq üzü görən bu dərgidə incəsənət tarixinin müxtəlif sahələrinə dair dəyərli məlumatlara rast gəlirik”. 

O, konservatoriyanın komandasının jurnalın transliterasiyasında əməyini yüksək qiymətləndirib: “Kollektivimiz, Azərbaycan Milli Konservatoriyasının komandası həmin dəyərli səhifələri bərpa etməyə çalışdı. Onu da qeyd edim ki, burada incəsənət növlərinə aid maraqlı məqalələr dərc olunub. İstənilən mövzuda yazılan məqalə sanki bir musiqi fonu ilə müşayiət olunub. Biz həmin musiqini bərpa etməyə çalışdıq. “Bərpa” sözünü əbəs yerə işlətmirəm. Çünki komandamız, sözün əsl mənasında, bərpa işləri aparıb. Jurnalda “Övraqi-nəfisə”nin naşiri Zülfüqar Hacıbəyovun “Milli İstiqlal Marşı” dərc olunmuşdu. Burada ancaq poetik mətni olan marşın musiqi notları yox idi. Biz belə bir eksperiment apardıq. Zülfüqar Hacıbəyovun bütün yaradıcılığına istinad edərək “Milli İstiqlal Marşı”nın musiqisi bərpa olundu”.

“Bu cür nəşrlərin məqsədlərindən biri mirasımızı gələcək nəsillərə ötürməkdir”

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva deyib ki, indiyə qədər də əski Azərbaycan əlifbasında olan nümunələrin transliterasiya cəhdləri olub. Lakin bu proses ADA universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə sistemli şəkil alıb. “Azərbaycan” qəzetinin transliterasiyası ilə başlayan prosesə “Ədibin Evi” də qoşulub. Əvvəlcə “Babayi-əmir”, sonra isə “Məktəb” jurnalı transliterasiya olunub. Bu cür nəşrlərin məqsədlərindən biri mirasımızı gələcək nəsillərə aparmaqdır. O, dərginin çıxdığı dövrü müasir dövrlə eyniləşdirib: “Həmin dövrün gəlirli sahəsi xoruz döyüşdürmək idi. Müasir dövrdə də şou-biznes əsl sənətdən daha irəlidədir. Azərbaycanda bu cür mənəvi qidaya maliyyə vəsaiti tapmaq o dövrdə də çətin idi, bu dövrdə də: “Ona görə də “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu öz fəaliyyətində ona dəstək göstərən bütün təşkilatlara minnətdarlığını bildirir”.

“Köhnə irsin bərpa edilərək xalqa çatdırılması, qısa müddətdə gerçəkləşdirilmiş işlər minnətdarlığa layiqdir”

Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq, tərcüməçi Azad Ağaoğlu bəzi narahatlıqları olsa da, nəşrin bərpasının öhdəsindən məharətlə gəlindiyini vurğulayıb. Köhnə əlifba ilə olan mətbuata diqqətin artdığını xüsusi qiymətləndirib. Jurnalın transliterasiya nəşrində görülən işlər barədə məlumat verib.

Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru deputat Rafael Hüseynov çıxış edərək nəşrin çap olunduğu ədəbi mühit barədə məlumat verib. “Mətnşünaslıq nöqteyi-nəzərindən köhnə irsin bərpa edilərək xalqa çatdırılması, qısa müddətdə gerçəkləşdirilmiş işlər minnətdarlığa layiqdir”.

Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllimləri səhnədə

Tədbirin bədii hissəsində Milli Konservatoriyanın tələbə və müəllimləri çıxış ediblər.
AMK tələbələrindən ibarət "Miras" qədim musiqi alətləri ansamblının çıxışı ilə başlayan gecədə tələbələr Zülfüqar Hacıbəylinin "Aşıq Qərib” operasından, Ü.Hacıbəyli "Leyli və Məcnun" operasından fraqmentlər və s. təqdim ediblər. 

Əməkdar müəllim Naibə Şahməmmədovanın müşayiətilə Ülkər Abdullayeva "Qaragilə" xalq mahnısı ilə çıxış edib. Onu tarda Xalq artisti Möhlət Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev müşayiət edib. 

Əməkdar incəsənət xadimi Aqil Məlikov və Hüseyn Məlikovun “Çahargah təsnifi”, Xalq artisti Azər Zeynalovun ifasında Emin Sabitoğlunun Əhməd Cavadın sözlərinə yazdığı "Şükriyyə" mahnısı, Əməkdar artist Bəyimxanım Vəliyevanın ifasında Ü.Hacıbəylinin Ə.Cavadın sözlərinə yazdığı "Çırpınırdı Qaradəniz" mahnısı alqışla qarşılanıb. 

Bədii hissə Milli Konservatoriyanın tələbə xorunun ifasında Zülfüqar Hacıbəylinin əsəri əsasında stilizə və tərtib edilən “Azərbaycan” marşı ilə yekunlaşıb.

Köhnə nəşrlərin transliterasi davam edəcək

Sonda ADA universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayev çıxış edərək gecənin hər kəsin ürəyincə olduğunu deyib. Belə işlərin dövlətin gördüyü tədbirlərə dəstək olduğunu bildirən H.Paşayev transliterasiya nəşrinə yardım edənlərə təşəkkür edib. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun bu məqsəd üçün yaradıldığını vurğulayan rektor transliterasiyanın davam edəcəyini bildirib.

“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi
“Övraqi-nəfisə” söz və musiqi ilə yenidən dirçəldi