“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə

7 Sentyabr, 2026 - 15:27
“Özümə şans vermək qərarına gəldim”

Həyatdakı xəyallarını ailə, uşaqlar və gündəlik qayğıların arxasında gizlətsə də, oxumaq xəyalını sadəcə təxirə saldı, unutmadı. 3 övlad anası olan qəhrəmanımız Kənarə Mustafazadə uzun bir fasilədən sonra Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub.

“Azərbaycan müəllimi” tələbə adını qazanan Kənarə Mustafazadə ilə söhbətləşib. Tələbə deyir ki, məktəbi bitirməyindən illər keçsə də, yenidən təhsil almaq qərarına gəlib. Çünki, bu, sadəcə tələbə olmaq deyil, həm də öz arzularını həyata keçirməkdir:  “Əslində təhsil almaq arzusu həmişə içimdə olub. Sadəcə ailə, uşaqlar və gündəlik məsuliyyətlərə görə bir müddət bu arzumu təxirə salmışdım. Sonra düşündüm ki, "niyə də ali təhsil almayım?" və özümə şans vermək qərarına gəldim. Mən həm özümü inkişaf etdirmək, həm də övladlarıma "istəsəniz, heç vaxt gec deyil" deyə bilmək istəyirdim”.

O, nəticəni öyrənəndə isə çox həyəcanlı olub: “Bu nəticənin arxasında çoxlu zəhmət və səbr var idi. İlk sevincimi ailəmlə bölüşdüm. Anamın sevinc göz yaşları məni çox duyğulandırdı”.

Kənarə deyir ki, bu yol  heç də asan olmayıb: “Uşaqlar və dərslərim arasında vaxt bölgüsü etdim. Bəzən yorulurdum, amma məqsədimi unutmurdum. Uşaqlar mənim üçün hər zaman birinci yerdə olub. Onların ehtiyaclarını nəzərə alaraq dərs üçün boş vaxt yaratmağa çalışırdım. Bəzən onlar yatandan sonra oxuyurdum, bəzən də gün ərzində imkan yaranan kimi dərslərimə vaxt ayırırdım”.

3 uşaq anasının çətinlikləri çox olsa da, özünə inamı sayəsində arzusuna qovuşub: “Xüsusilə yorğun olduğum vaxtlarda hər şeyi çatdırmaq çətin olurdu. Amma hər dəfə özümə bu yola niyə çıxdığımı xatırladırdım. Ən böyük motivasiyam uşaqlarım və arzularım idi”.

Zamanla övladları onun oxumağına alışıb və dəstək olublar: “Mənim dərs oxumağımın onlar üçün də bir nümunə olduğunu düşünürdüm. Əsas odur ki, insan özünə inansın.Bu mənə daha çox güc verdi. Çünki artıq yalnız özüm üçün deyil, uşaqlarım üçün də bir nümunə olmaq istəyirdim. Ailəm, xüsusilə də anam ən böyük dəstəkçim idi. Həyat yoldaşımın da yanımda olmağı bu yolu daha asan keçməyimə kömək etdi”.

Tələbə olmağa  gəlincə isə deyir ki, çox gözəl və fərqli hissdir: “Uzun müddətdən sonra tələbə adını qazanmaq mənim üçün həm sevinc, həm də böyük qürurdur. Qadın həm ailəsinə, həm də özünə dəyər verməlidir. Öz arzularından tamamilə imtina etmək məcburiyyətində deyil.Oxumaq istəyən, amma çəkinən qadınlara demək istəyirəm ki,  ki, özlərinə "gecdir" deməsinlər. Çətin olacaq, bəzən yorulacaqlar, amma əgər həqiqətən də istəyirlərsə, cəhd etsinlər. Heç olmasa bir gün "kaş ki..." deməmək üçün bu gün addım atsınlar”.