“Özümüzə güvənib imtahana girdik” – Təcrübəli müəllimlər sertifikasiyada da fərqləndilər
Uzun illərdir təhsil sahəsində çalışan, minlərlə şagirdin yetişməsində əməyi olan müəllimlər bu gün də peşələrinə eyni məsuliyyət və həvəslə yanaşırlar. Naxçıvanda keçirilən sertifikatlaşdırma imtahanlarında 60 yaşdan yuxarı müəllimlərin könüllü şəkildə iştirak edərək yüksək nəticələr göstərməsi onların peşəkarlığının, yeniliklərə açıq yanaşmasının və müəllim adına sədaqətinin nümunəsinə çevrilib. "Azərbaycan müəllimi" həmin müəllimlərin bir neçəsi ilə söhbət edərək, həm imtahan təəssüratlarını, həm də illərin təcrübəsindən doğan fikirlərini öyrənib.
Kəngərli rayon Xok kənd tam orta məktəbinin tarix müəllimi 64 yaşlı Seyyad Həsənov könüllü sertifikasiyada iştirak edib və 54 bal toplayıb. 43 illik pedaqoji stajı olan müəllim qeyd edir ki, daim öz üzərində işləyib, özünü təkmilləşdirib. Deyir ki, sertifikasiya imtahanı çox şəffaf keçdi, suallar da dərs proqramına uyğun hazırlanmışdı:"Fənnimi sevdirmək üçün şagirdləri övladım qədər sevmişəm. Fənnimi özüm sevərək onlara da sevdirmişəm. Ona görə də mənim üçün imtahan çox asan oldu. Nəzarətçilərin etik davranışı çox yüksək səviyyədə idi".
Maraqlıdır, bəs məcburi olmadığı halda nə üçün imtahanda iştirak etməyə qərar verib. Sualımıza cavab olaraq əlavə edir ki, bundan əvvəlki sertifikasiya imtahanında 53 bal toplayıb və yenidən iştirak edərək bu nəticəni yenə saxlayıb-saxlamayacağını öyrənmək istəyib: "Bu dəfə də heç bir hazırlıq aparmadan imtahana getdim. Çünki özümə güvənirdim. Yenidən imtahan vermək, nəticə ilə sevinmək üçün imtahanda könüllü iştirak etdim".
Gənc müəllimlərə tövsiyələri də var: "Peşələrini böyük məhəbbətlə sevsinlər. Daim öz üzərlərində işləyərək, şagirdlərinə sevgi ilə yanaşsınlar. Belə olsa, heç bir çətinlik olmayacaq və istədikləri nailiyyətləri əldə edə biləcəklər".
Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin 64 yaşlı tarix müəllimi Xudayar Nağıyev də könüllü imtahanda iştirak edib yüksək nəticə göstərən müəllimlərdəndir.
51 bal toplayan müəllimin əslində ilk vaxtlar sertifikasiyada iştirak etmək fikri olmayıb. Təqaüdə çıxmağa bir ili qalsa da, anidən iştirak etməyə qərar verib: "42 ildir müəllim işləyirəm, ona görə imtahanda suallar mənə çətin gəlmədi. Gənc müəllimlərə də tövsiyə edirəm ki, müəllimliyi və fənnini sevsinlər. Gücləri çatdığı qədər öz fənlərini dərindən öyrənsinlər. İndi texnologiya, elm əsrdir. Tarix də əsas fənlərdəndir. Onu yaxşı öyrətmək lazımdır".
Kəngərli rayon Təzəkənd tam orta məktəbinin tarix müəllimi 63 yaşlı Bəyimcan Babayeva 1987-ci ildən dərs deyir. 56 bal toplayan müəllim deyir ki, imtahanda iştirak etməyi özü üçün borc bilib: "Müəllim olub sertifikasiyada iştirak etməməyi ayıb bildim. Həm neçə illərin təcrübəli müəllimi olmaq, şagirdlərə tarix öyrədib imtahana girməməyi qəbul edə bilmədim".
Tarix, gün dəyişir, təzələnir, buna görə də gənc müəllimlərə məsləhət verir ki, ancaq çalışsınlar. "Müəllim çalışmağı dayandırdığı gün artıq müəllim olmur" - deyə əlavə edir.
63 yaşlı Musa Qasımov imtahanda könüllü iştirak edərək 52 bal toplayıb. O, Şərur rayon Zeyvə kənd tam orta məktəbinin coğrafiya müəllimidir və 40 illik stajı var. Fənninə olan marağı və özünə güvəni onun sertifikasiya imtahanında iştirak etməyinə səbəb olub: "Sertifikasiya çox şəffaf keçirildi. Suallar orta, asan və ağır şəkildə təşkil olunmuşdu. Prosesdə iştirak edəcək müəllimlər isə gündəlik tədris prosesinə hazır olsunlar. Bu da onların yüksək nəticələr göstərmələrinə səbəb olacaq".
Müəllimlik yalnız peşə deyil, ömürboyu davam edən məsuliyyət və inkişaf yoludur. Könüllü şəkildə iştirak edib yüksək nəticə göstərən bu müəllimlər sübut etdilər ki, peşəsinə sevgi və özünə inam olduqda yaş heç vaxt maneə yaratmır.



