Paylaşılan sevinc, formalaşan dəyərlər - Uşaqlara bayram sevinci

1 İyun, 2026 - 16:31
Paylaşılan sevinc, formalaşan dəyərlər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqlara sevgi, diqqət və qayğı göstərməyin cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha xatırladan əlamətdar tarixdir. Bu günün mahiyyəti yalnız bayram ovqatı yaratmaqla məhdudlaşmır, həm də uşaqların hüquqlarına, onların xoşbəxt və təhlükəsiz gələcəyinə yönələn ictimai məsuliyyəti gündəmə gətirir.

“Azərbaycan müəllimi” olaraq biz də Mingəçevir şəhər 21 nömrəli tam orta məktəbin Peşə təmayüllü siniflərinin şagirdləri tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirilən sosial aksiyanın şahidi olduq.

Aksiya çərçivəsində şagirdlər şəhər ərazisində qarşılaşdıqları uşaqlara hədiyyələr təqdim edərək onların bayram sevincinə şərik olublar. Hədiyyə alan uşaqların üzündə yaranan təbəssüm, sevinc dolu baxışları və səmimi emosiyaları bu təşəbbüsün ən təsirli mənzərələrindən biri idi. Kiçik bir diqqətin uşaq qəlbində necə böyük sevinc yaratdığını görmək aksiyanın mənəvi dəyərini daha aydın göstərirdi.

Bu təşəbbüsün əsas məqamlarından biri də şagirdlərin prosesdə fəal iştirakı idi. Peşə təmayüllü siniflərin şagirdləri aksiyada yalnız hədiyyə təqdim edən tərəf kimi deyil, həm də sosial məsuliyyət daşıyan, paylaşmağı, qayğı göstərməyi və insanlara sevinc bəxş etməyi öyrənən gənclər kimi çıxış etdilər. Onların uşaqlara yaxınlaşması, səmimi ünsiyyət qurması, bayram təbriklərini çatdırması təhsilin tərbiyəedici funksiyasının canlı nümunəsi idi.

Aksiyanın məqsədi uşaqlara sevinc bəxş etmək, onlarda xoş bayram ovqatı yaratmaqla yanaşı, şagirdlərdə mərhəmət, qayğıkeşlik, paylaşma və ictimai faydalılıq kimi mənəvi keyfiyyətləri formalaşdırmaqdan ibarət olub. Belə sosial təşəbbüslər göstərir ki, məktəb mühiti təkcə biliklərin mənimsənildiyi məkan deyil, həm də insani dəyərlərin, vətəndaşlıq məsuliyyətinin və sosial davranış mədəniyyətinin formalaşdığı mühüm tərbiyə ocağıdır.

Mingəçevir şəhər 21 nömrəli tam orta məktəbin Peşə təmayüllü siniflərinin qrup rəhbəri Mehparə Aslanova “Azərbaycan müəllimi”nə bildirib ki, bu cür aksiyalar şagirdlərin dünyagörüşünün və sosial məsuliyyət hissinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır: “Biz istəyirik ki, şagirdlərimiz peşə bacarıqları ilə yanaşı, insanlara qayğı göstərməyi, paylaşmağı və cəmiyyət üçün faydalı olmağı da öyrənsinlər. Uşaqlara təqdim edilən hədiyyələr maddi dəyərindən çox mənəvi məna daşıyır. Əsas məqsəd onların bayram sevincinə sevinc qatmaq, üzlərində təbəssüm yaratmaq idi. Şagirdlərimizin bu aksiyada həvəslə iştirakı göstərdi ki, onlar artıq sosial məsuliyyətin, xeyirxahlığın və mərhəmətin dəyərini anlayırlar”.

Aksiyanın sonunda bir daha aydın oldu ki, şagirdyönümlü təhsil yalnız dərs prosesində əldə edilən biliklərlə ölçülmür. Şagirdin şəxsiyyət kimi formalaşması, cəmiyyətə faydalı fərd kimi yetişməsi, ətrafındakı insanlara həssas yanaşması da təhsilin əsas nəticələrindən biridir. Mingəçevir şəhər 21 nömrəli tam orta məktəbin Peşə təmayüllü siniflərinin bu sosial təşəbbüsü uşaqlara bayram sevinci bəxş etməklə yanaşı, şagirdlərin mənəvi inkişafına, ictimai fəallığına və humanist düşüncəsinə də mühüm töhfə verdi.

Bu aksiya bir daha göstərdi ki, məktəbdə formalaşan mərhəmət, paylaşma və qayğı mədəniyyəti gələcəkdə daha məsuliyyətli, həssas və xeyirxah vətəndaşların yetişməsinə xidmət edir. Uşaqların üzündə yaranan təbəssüm isə bu təşəbbüsün ən gözəl nəticəsi kimi yadda qaldı.