Peşə təhsili alanlar qısamüddətli təhsilə üstünlük verirlər - İlqar Bayramlı

28 Aprel, 2026 - 15:42
Peşə təhsili alanlar qısamüddətli təhsilə üstünlük verirlər

Təhsil mütəxəssisləri qısamüddətli kursların dual formada təşkilini məqsədəuyğun hesab edirlər. Onların fikrincə, müəssisələrin bir çoxu nəzəri biliklərin verilməsi üçün şərait yaratsa da, praktiki bacarıqlar birbaşa müəssisələrdə formalaşdırılır. Bu səbəbdən qısamüddətli dual kursların təşkili daha effektiv ola bilər.

Bu fikrə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Azərbaycan müəllimi”nə açıqlamasında münasibət bildirib. 

Statistikaya əsaslanan direktor bildirib ki, 2 illik proqramlar üzrə müraciətlər  9 faiz, 3 illik proqramlara qəbul nisbətən yüksək - 28 faiz, 4 illik proqramlar üzrə qəbul 5 faiz  təşkil edib: “Peşə təhsilinə müraciət edənlər qısamüddətli təhsilə üstünlük verirlər. 2025-ci ildə həyata keçirilən qəbul prosesinin nəticələrinə görə, təhsilalanların 60 faizinə yaxını birillik təhsil proqramını seçib. Çünki bu təhsil proqramı qısa müddətdə tələbənin təhsil alıb əmək bazarına inteqrasiya olunmasına imkan verir”.

1 illik texniki təhsil səviyyəsində də dual təhsil modeli tətbiq edildiyini vurğulayan direktor onun da faizinin artacağını deyib: “Hazırda 2000-ə yaxın dual təhsil alan tələbəmiz var. Son illərin dinamikasından görünür ki, işəgötürənlərlə əməkdaşlığımız artıb. 2022-ci illə müqayisə etsək, 80 işəgötürənlə bu istiqamətdə əlaqələrimiz vardısa, hazırda tərəfdaşlarımızın sayı 150-yə qalxıb. Tələbələrimizin sayı 800-dən 2000-ə çatıb. Hazırda bu istiqamətdə işlərimiz davam edir”.