Peşə təhsili üçün müraciətlər planı 5 dəfə üstələyib

18 Avqust, 2026 - 12:53
Peşə təhsili üçün müraciətlər planı 5 dəfə üstələyib

Naxçıvanda peşə təhsili müəssisələrinə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən  tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.

Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə bu il əvvəlki illərlə müqayisədə daha yüksək maraq müşahidə olunub.

Belə ki, 2026–2027-ci tədris ili üzrə Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 320 plan yerinə qarşı 3058, Şərur Peşə Liseyində 180 plan yerinə qarşı 241, Ordubad Rayon Peşə Liseyində isə 200 plan yerinə qarşı 265 məzun sənəd vermə prosesində iştirak edib. Ümumilikdə, 28 ixtisas, 35 qrup olmaqla  700 plan yeri üzrə 3564 məzunun müraciət etməsi peşə təhsilinə artan marağın göstəricisidir.

Peşə təhsilinə marağın artmasının əsas səbəblərindən biri müəssisələrdə müasir tədris və istehsalat infrastrukturunun formalaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun ixtisasların tədris olunmasıdır.

Tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi onların məzun olduqdan sonra əmək bazarına daha hazırlıqlı daxil olmalarına imkan yaradır.