PISA-da qlobal geriləmənin səbəbi nədir? - Andreas Şleyxer yazır
“Texnoloji innovasiyaların və bir-biri ilə sıx bağlı qlobal çağırışların cəmiyyətləri sürətlə dəyişdirdiyi bir dövrdə təhsil səviyyəsinin yüksələcəyini gözləmək təbii olardı. Yüksək təhsilli və dəyişikliklərə çevik şəkildə uyğunlaşa bilən əhaliyə bu gün heç vaxt olmadığı qədər böyük ehtiyac var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə OECD-nin Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA2025 tədqiqatının təqdimatından sonra qurumun rəsmi saytında (https://oecdedutoday.com) dərc olunmuş “PISA-ya görə qlobal təhsilin vəziyyəti” sərlövhəli məqaləsində bildirir.
Onun sözlərinə görə, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) yeni nəticələri göstərir ki, təhsil nəticələrində irəliləyiş heç də bütün ölkələrdə eyni səviyyədə deyil. Bir çox ölkədə şagirdlərin təlim nəticələri ya durğunlaşıb, ya da pisləşib. Bəzi hallarda bu tendensiya on ildən artıqdır davam edir. Sosial-iqtisadi qruplar arasında şagird nailiyyətlərindəki fərqlər isə hələ də qalmaqdadır.
Ən ciddi geriləmə oxu sahəsində qeydə alınıb
A.Şleyxer qeyd edir ki, PISA-nın son qiymətləndirməsində əsas diqqət yetirilən elm sahəsində nəticələr ümumilikdə sabit qalıb. 2015–2025-ci illər arasında OECD ölkələrində elm üzrə nəticələr orta hesabla 7 bal azalıb. Digər ölkə və iqtisadiyyatlarda isə nəticələr əsasən əvvəlki səviyyədə qalıb. Riyaziyyat üzrə nəticələr OECD ölkələrində orta hesabla 22 bal, digər təhsil sistemlərində isə 8 bal aşağı düşüb. Ən ciddi geriləmə oxu sahəsində qeydə alınıb: son on il ərzində OECD ölkələrində orta nəticə 28 bal, digər ölkə və iqtisadiyyatlarda isə 16 bal azalıb. PISA ballarındakı dəyişiklikləri şərh etmək həmişə mürəkkəbdir. Bununla belə, təxminən 20 bal bu fənlərin hər birində bir illik öyrənmə irəliləyişinə bərabər hesab olunur.
Ümumilikdə, PISA ilə əhatə olunmayan şagirdlər də nəzərə alınmaqla, OECD ölkələrində 15 yaşlıların təxminən 29 faizinin hər üç fənn üzrə aşağı nəticə göstərdiyi təxmin edilir. 2022-ci ildə bu göstərici 25 faiz idi.
Elm üzrə bu, həmin şagirdlərin sadə məlumatları şərh etməkdə və ya qrafikdə sübutları müəyyənləşdirməkdə çətinlik çəkdikləri anlamına gəlir. Oxu üzrə onlar sadə mətnləri başa düşməkdə çətinlik çəkirlər. Riyaziyyatda isə ölçü vahidi ilə qiymət arasındakı əlaqəni müəyyənləşdirməkdə problem yaşaya bilərlər. Bunlar, əslində, gündəlik həyatda, ərzaq alış-verişindən tutmuş kommunal xidmətlər hesabının oxunmasına qədər, daim qarşılaşdığımız sadə tapşırıqlardır.
Oxu nəticələri xüsusilə narahatlıq doğurur
OECD rəsmisinə görə son tədqiqatda şagirdlərin oxu nəticələri xüsusilə narahatlıq doğurur. Çünki bu gün süni intellektin formalaşdırdığı dünyada ən çox ehtiyac duyulan oxu bacarıqları üzrə tapşırıqlarda uğur göstəriciləri əhəmiyyətli dərəcədə aşağı düşüb. Söhbət informasiyanı qiymətləndirmək, tənqidi düşünmək və müxtəlif sübutları bir araya gətirmək kimi diqqətli oxu və davamlı diqqət tələb edən bacarıqlardan gedir. Bunun əksinə olaraq, şagirdlərin tez, lakin yanlış cavablar verdiyi “tələsik oxu” hallarının sayı artıb.
Bu tendensiyaların arxasında, çox güman ki, bir sıra amillərin birləşməsi dayanır. Rəqəmsallaşma və ekranlardan istifadənin oxu vərdişlərini dəyişməsi bunlardan biridir. Bu proses əvvəllər daha dərin oxuya sərf olunan vaxtı sıxışdırıb çıxara bilər. Digər amillər sırasında, o cümlədən gənclər arasında zövq üçün oxuma səviyyəsinin azalması, COVID-19 pandemiyasından sonra öyrənməyə və məktəbə münasibətin dəyişməsi də var. Bəzi tədqiqatların göstərdiyi kimi, bu dəyişikliklər bir çox ölkədə şagirdlərin dərsdə iştirak etməməsinin artması ilə də özünü göstərə bilər.
Bütün bu amillərin qarşılıqlı təsiri, ehtimal ki, oxu və savadlılıq bacarıqlarının inkişafı üçün daha çətin mühit yaradıb.
Oxu nəticələrindəki kəskin geriləmələr xüsusilə narahatlıq doğurur. Çünki oxu akademik öyrənmənin keçdiyi əsas “qapıdır”. Şagird istər cəbr məsələsini həll etsin, istər tarixi mənbəni təhlil etsin, istərsə də elmi təcrübənin nəticələrini şərh etsin, ilk növbədə, dili anlamalıdır. Şagirdin oxu bacarığı nə qədər güclüdürsə, bütün fənlər üzrə bilik əldə etmək bir o qədər asan olur.
PISA məlumatlarına əsasən, oxu nəticələrində ən böyük geriləməni yaşayan təhsil sistemlərində riyaziyyat və elm üzrə nəticələrin də daha ciddi şəkildə aşağı düşməsi müşahidə olunub.
Geriləmə fonunda müsbət nümunələr
A.Şleyxer bildirir ki, ümumi mənzərə bədbin görünsə də, məlumatlara daha yaxından nəzər saldıqda vəziyyətin heç də hər yerdə eyni olmadığı üzə çıxır.
OECD ölkələri arasında Kosta-Rika, Slovakiya Respublikası, Türkiyə və Birləşmiş Krallıq 2022-ci ildən bəri elm üzrə nəticələrini yaxşılaşdırıblar. Digər ölkə və iqtisadiyyatlar arasında isə Kamboca, El Salvador, Gürcüstan, İordaniya, Monqolustan, Monteneqro, Filippin, Səudiyyə Ərəbistanı, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay və Özbəkistanda irəliləyiş qeydə alınıb.
Bunlar qeyd edilməyə və təqdir olunmağa layiq böyük nailiyyətlərdir. Eyni zamanda, bu nəticələr şagirdlərin, müəllimlərin, məktəblərin və təhsil siyasətini müəyyənləşdirən şəxslərin gərgin əməyinin göstəricisidir.
Çinin Pekin, Şanxay, Tsyansu və Çjetszyan inzibati ərazilərinin şagirdləri PISA-nın elm üzrə qiymətləndirməsində ən yüksək nəticəni göstəriblər. Onların orta göstəricisi 597 bal olub. Bu, OECD ölkələri üzrə orta göstəricidən – 482 baldan – 100 baldan çox yüksəkdir.
Onları Sinqapur (560 bal), Makao (Çin) (541), Çin Taypeyi (540) və Yaponiya (538) izləyir. Bu səviyyədə nəticə göstərən şagirdlər mürəkkəb elmi anlayışlarla işləyə, müxtəlif iddiaları qiymətləndirə, səhvləri aşkar edə və elmi arqumentlərdəki qüsurları müəyyənləşdirə bilirlər. Başqa sözlə, onlar gələcəyin ən çox tələb olunan peşələrindən bəzilərinə hazır vəziyyətdədirlər.
Bu təhsil sistemlərinin hamısı riyaziyyat və oxu üzrə də ən yüksək nəticə göstərənlər sırasındadır. Pekin, Şanxay, Tsyansu, Çjetszyan və Sinqapur şagirdləri bu üç sahə üzrə orta hesabla ən yüksək nəticələri əldə ediblər.
Ən güclülərlə ən zəiflər arasındakı uçurum
PISA-nın təhsil uğurunu ölçmək üçün diqqət yetirdiyi digər mühüm göstəricinin ölkə və ya iqtisadiyyat daxilində ən yüksək və ən aşağı nəticə göstərən şagirdlər arasındakı bal fərqinin olduğunu deyən A.Şleyxer qeyd edir ki, ən yüksək nəticə göstərən şagirdlərin elm üzrə göstəriciləri əsasən sabit qaldığı halda, aşağı nəticə göstərən şagirdlər çox vaxt 20 il əvvəlkindən daha zəif nəticə göstərirlər.
Hazırda təhsil sistemləri üzrə aşağı və yüksək nəticə göstərən şagirdlər arasındakı fərq PISA-nın bütün fənlər üzrə indiyədək qeydə aldığı ən böyük səviyyəyə çatıb.
Elm üzrə 2018–2025-ci illər arasında OECD ölkələrində bu fərq orta hesabla 15 baldan çox artıb. Lüksemburq və ABŞ-də ən böyük fərqlər müşahidə olunur. Bu ölkələrdə elm üzrə ən yüksək və ən aşağı nəticə göstərən şagirdlər arasında 290-dan çox bal fərqi var. Bu isə təlim nəticələrinin son dərəcə qeyri-bərabər olduğunu göstərir. Bir çox ölkədə oxu və riyaziyyat üzrə də oxşar mənzərə müşahidə olunur.
Məlumatlar göstərir ki, bir çox təhsil sistemi bütün şagirdlərə dəstək vermək baxımından getdikcə daha az uğurlu olur. Hətta ən elementar bacarıq səviyyələrinə çatmaqda çətinlik çəkən şagirdlərin payı artır.
Lakin bütün ölkələrdə vəziyyət belə deyil. Son on il ərzində beş təhsil sistemi – Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Qətər və Slovakiya Respublikası eyni vaxtda aşağı nəticə göstərən şagirdlərin payını azaldıb, yüksək nəticə göstərənlərin payını isə artırıb. Daha yeddi ölkə və iqtisadiyyat da aşağı nəticə göstərən şagirdlərin payını azaldıb. Bundan əlavə, Çin Taypeyi, Kolumbiya, Koreya, Lüksemburq, Makao (Çin), Rumıniya və ABŞ yüksək nəticə göstərən şagirdlərin payını artırıb.
Məktəblər arasındakı fərqlər də mühüm göstəricidir
PISA məlumatları təhsil uğurunun digər formalarını da üzə çıxarır. Məsələn, İslandiya, Kamboca və Finlandiyada məktəblər arasında şagirdlərin nəticələri baxımından fərq çox azdır. Məktəb səviyyəsindəki fərqlər şagird nailiyyətlərindəki ümumi dəyişkənliyin 10 faizindən azını təşkil edir. Bu o deməkdir ki, həmin ölkələrdə məktəblər müxtəlif nailiyyət səviyyələrinə malik şagirdlərin geniş spektrinə xidmət göstərir.
Bunun əksinə olaraq, 10 ölkədə – Bolqarıstan, Almaniya, Mavriki, Niderland*, Rumıniya, Slovakiya Respublikası, Sloveniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Zambiyada – məktəblər arasındakı fərqlər nəticələrdəki ümumi dəyişkənliyin ən azı 50 faizini təşkil edir.
Bu, bir çox məktəbin əsasən daha yüksək nəticə göstərən şagirdlər üçün əlçatan ola biləcəyini, digər məktəblərdə isə aşağı nəticə göstərən şagirdlərin qeyri-mütənasib dərəcədə çox cəmləşdiyini göstərir.
Belə akademik seqmentasiya sosial mənşə ilə üst-üstə düşdükdə bərabərsizlikləri daha da dərinləşdirə bilər. Nəticədə ayrı-ayrı “mükəmməllik adaları” yarana bilər, lakin bütövlükdə təhsil sistemi üzrə ardıcıl və bərabər öyrənmə nəticələrini təmin etmək mümkün olmaya bilər.
Bəs ümumilikdə dünyada təhsil nəticələri niyə aşağı düşür? A.Şleyxerə görə məlumatlar bu suala konkret cavab vermir. Bununla belə, bir çoxları 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı fəsadların və sonrakı dövrdə məktəblərin genişmiqyaslı bağlanmasının bu prosesdəki rolunun nəzərə alınmamasının mümkün olmadığını düşünür. Lakin OECD-nin təhlili göstərir ki, məktəblərin bağlanma müddəti ilə sonrakı dövrdə oxu nəticələrindəki tendensiyalar arasında sadə və birbaşa əlaqə yoxdur.
Üstəlik, pandemiya başlamazdan xeyli əvvəl bir çox ölkədə təhsil nəticələri onsuz da aşağı istiqamətdə dəyişirdi. Nəticələrdə müşahidə olunan uzunmüddətli geriləmələr təhsil sistemlərinin daxilində daha dərin struktur problemlərin mövcudluğuna işarə edir. Bu problemlər həm məktəb, həm də sistem səviyyəsində özünü göstərir. Onların sırasında oxuya münasibətin dəyişməsi, rəqəmsal diqqət yayındırıcı amillərin şagirdlərə təsiri və dərsdən yayınma səviyyəsinin artması xüsusi yer tutur.
Təhsilin qarşısında duran əsas vəzifə
“Ümumilikdə, məlumatlar göstərir ki, təhsil sistemləri sosial, texnoloji və iqtisadi dəyişikliklərə uyğunlaşmaqda müəyyən çətinliklər yaşayır. Gələcəyə baxdıqda, təhsil siyasətini müəyyənləşdirən şəxslər qarşısında duran vəzifə yalnız itirilmiş mövqeləri bərpa etməkdən ibarət deyil. Əsas məsələ məktəblərin dünyanın sürətlə dəyişən tələblərinə cavab verməsini təmin etməkdir. PISA-nın göstərdiyi kimi, bu, heç də asan məsələ deyil”, - deyə A.Şleyxer sonda bildirir.




