PISA-dakı reytinqimiz gələn il açıqlanacaq — Nazir
“2025-ci ildə PISA beynəlxalq tədqiqatı keçirildi. Amma biz hələ onun nəticələrini tam bilmirik. Bu bizə COVID dövründən sonra bir siqnal kimi dəyərləndirilə bilər. Hazırda COVID haqqında az danışılır, amma mənim düşüncəm ondan ibarətdir ki, COVID pandemiyası Azərbaycan təhsilinə bir neçə il ərzində ciddi zərbə vurdu. Çünki biz, demək olar ki, iki ili itirdik”.
”Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib.
“COVID dövrü ilə müqayisədə hansı səviyyədə olduğumuzu görmək maraqlıdır. Çünki həmin dövrdə nəticələrimiz aşağı düşdü. İndi sual budur ki, heç olmasa COVID-dən əvvəlki dövrə qayıda bilmişikmi, yoxsa yox? Bu, çox vacibdir. Xüsusilə də bu il 9-cu siniflər, yəni 15 yaşlı uşaqların — onlar pandemiya dövründə iki il məktəbə gəlməyən uşaqlardır – təhsilində yaranan boşluqları kompensasiya edə bilmişik, ya yox. Bunu anlamaq çox önəmlidir. Bu nəticələri təxminən avqust ayında biləcəyik, çünki o zaman reytinqlər açıqlanacaq”.


