Prezident təqaüdçüləri niyə ancaq bu universitetləri seçirlər?

23 Oktyabr, 2026 - 15:24
Prezident təqaüdçüləri niyə ancaq bu universitetləri seçirlər?

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə bölgüsü ali təhsil müəssisələrinin abituriyentlər arasındakı mövqeyi baxımından diqqətçəkən mənzərə yaradır. Siyahıda 35 tələbə ilə Bakı Ali Neft Məktəbi ilk sırada yer alır. Azərbaycan Tibb Universitetində 26, ADA Universitetində 18, Bakı Dövlət Universitetində 15 Prezident təqaüdçüsü təhsil alır. 

Bu rəqəmlər yüksək nəticə göstərən gənclərin ali təhsil seçimlərində müəyyən universitetlərin daha çox ön plana çıxdığını göstərir. Prezident təqaüdçülərinin təxminən üçdə biri eyni ali məktəbdə – BANM-də təhsil alır.

Abituriyentlərin seçimlərinə universitetin akademik nüfuzu, əmək bazarında tanınması, beynəlxalq əlaqələri və gələcək karyera imkanları ilə yanaşı, cəmiyyətdə formalaşmış təsəvvürlər də təsir edə bilər. Bu amillərin hər birinin seçimlərdəki rolunu anlamaq ali təhsil müəssisələrinin gənclər üçün nə dərəcədə cəlbedici olduğunu qiymətləndirmək baxımından əhəmiyyətlidir. Digər tərəfdən, yüksək bal toplayan abituriyentlərin seçim dairəsinin bir neçə universitet ətrafında cəmləşməsi digər ali təhsil müəssisələrinin imkanları barədə məlumatlılıq məsələsini də gündəmə gətirir. Müxtəlif universitetlərdə tədris olunan ixtisasların, elmi fəaliyyət imkanlarının və məzunlar üçün karyera perspektivlərinin nə dərəcədə tanıdılması vacib suallardandır. Çünki universitet seçimi ali məktəbin adı ilə deyil, tələbənin maraqları, hədəfləri və seçdiyi sahədə inkişaf imkanları ilə də uzlaşmalıdır.

Bəs Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü bizə abituriyentlərin seçimləri haqqında nə deyir? BANM-in siyahıda ön sırada yer almasının səbəbləri nədir və digər universitetlərin potensialının daha geniş tanınması üçün hansı addımlar atılmalıdır?
Universitet seçiminə hansı amillərin təsir etdiyini daha yaxından anlamaq üçün Prezident təqaüdçülərinin fikirlərini öyrəndik.

“Məzunların hansı şirkətlərdə işlədiyini, təhsildən sonra hansı mövqelərə gəlib çatdıqlarını araşdırdım”

BANM-in I kurs tələbəsi, “Data analitikası” ixtisası üzrə təhsil alan Prezident təqaüdçüsü Emiliya Qayıbova ali məktəb seçərkən məzunların gələcək karyera imkanlarına xüsusi diqqət yetirdiyini bildirib. Emiliya deyir ki, qərar verməzdən əvvəl BANM məzunlarının karyera yollarını araşdırıb, onların “LinkedIn” profilləri vasitəsilə Azərbaycanda və xaricdə nüfuzlu şirkətlərdə çalışdıqlarını görüb. Məhz bu nəticələr onun universitet seçiminə təsir edən əsas amillərdən biri olub: “Universitet seçimi mənim üçün gələcəkdə karyeramı necə quracağım, məşğulluq imkanlarım və özümü inkişaf etdirməyimlə bağlıdır. Məzunların hansı şirkətlərdə işlədiyini, təhsildən sonra hansı mövqelərə gəlib çatdıqlarını araşdırırdım. Onların nailiyyətlərini gördükdən sonra gələcək karyeramı düzgün qurmaq üçün bu universiteti seçməyə qərar verdim”.

Onun sözlərinə görə, universitet təcrübəsi auditoriyada keçirilən dərslərlə məhdudlaşmır. Dərsdənkənar tədbirlərdə iştirak etmək, Karyera Mərkəzinin imkanlarından yararlanmaq və müxtəlif sahələrdə özünü sınamaq da Emiliyanın seçimində rol oynayıb. O, musiqi də daxil olmaqla, fərqli istiqamətlərdə bacarıqlarını inkişaf etdirmək imkanını universitet həyatının vacib tərəflərindən biri hesab edir.

Ayxan Yusifli üçün universitet seçərkən əsas meyarlardan biri təhsilin keyfiyyəti olub. 683 bal toplayan Prezident təqaüdçüsü Ayxan BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alır. Bu ixtisas bir neçə ali məktəbdə tədris olunsa da, o, seçimində məhz BANM-ə üstünlük verib: “Universitet seçməzdən əvvəl digər ali məktəbləri də araşdırmışdım. BANM haqqında sosial şəbəkələrdən məlumat toplayır, burada təhsil alan və məzun olmuş tanışlarımla danışırdım. Araşdırmalarım nəticəsində təhsilin keyfiyyəti baxımından BANM-in bir çox universitetdən fərqləndiyini gördüm”, – deyə Ayxan bildirir.

Onun sözlərinə görə, qərarına təsir edən digər amillər tələbələr üçün yaradılan şərait və universitetdəki münasibətlər olub. Ayxan rəhbərliyin tələbələrlə səmimi ünsiyyət qurmasını da müsbət məqam kimi qiymətləndirir: “Yüksək bal topladığım üçün ixtisas seçimi başlamazdan əvvəl rektorla görüşmək imkanım oldu. Universitet haqqında apardığım araşdırmalar və həmin görüşdən sonra qərara gəldim ki, təhsilimi məhz BANM-də davam etdirim”.

“Kompüter elmləri” ixtisası üzrə təhsil alan Kamil Vəlisoy da universitet seçərkən məzunların karyera imkanlarını və tələbələrin təcrübələrini əsas götürüb. O, qəbul imtahanında 693 bal toplayıb. Bu ixtisasın bir çox ali təhsil müəssisəsində tədris olunmasına baxmayaraq, Kamil araşdırmaları nəticəsində BANM-i seçib: “Burada təhsil alan bəzi tələbələrlə əlaqəm vardı. Eyni zamanda, məzunların karyera yollarına baxır, onların nüfuzlu şirkətlərdə, o cümlədən xaricdə işlədiklərini görürdüm. Bütün bunlar seçimimə təsir etdi. Artıq iki aydır təhsil alıram və indiyədək verdiyim qərarın doğru olduğunu düşünürəm”.

“BANM-də tələbə sayının nisbətən az olması da üstünlükdür”

“Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Kərəm Əliyev isə 684 balla BANM-ə qəbul olub. Onun üçün universitet seçimində tələbələrə münasibət, tədris mühiti və beynəlxalq imkanlar önəm daşıyıb: “Mənə görə, BANM ölkənin ən yaxşı universitetidir. Burada tələbələrə çox səmimi yanaşırlar, özümüzü bir ailənin üzvü kimi hiss edirik. Xarici universitetlərlə əlaqələr genişdir, tələbələrin xaricdə təhsil və inkişaf imkanları var. Universiteti seçməzdən əvvəl bunları araşdırmışdım. Tələbə sayının nisbətən az olması da üstünlükdür. Müəllimlər hər bir tələbə ilə fərdi maraqlana, ona daha çox vaxt ayıra bilirlər”.

Eyni ixtisas üzrə təhsil alan digər Prezident təqaüdçüsü Bahar Həsənova da 687 bal toplayıb. Onun universitet seçiminə təsir edən əsas amillərdən biri nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar qazanmaq imkanı olub: “Kimya mühəndisliyi elə sahədir ki, burada praktikasız mümkün deyil. Digər universitetlərdə də bu ixtisas tədris olunsa da, araşdırmalarım zamanı laboratoriya və praktiki imkanlarla bağlı məni qane edən məlumatlar əldə edə bilməmişdim. BANM-in “açıq qapı” gününə dəvət olunmuşdum. Orada laboratoriyalar, tədris prosesi və yaradılan şərait haqqında ətraflı məlumat verdilər. Digər universitetlərin “açıq qapı” günlərində də iştirak etmişdim, amma bu məlumatları əldə edə bilməmişdim”, - deyə Bahar bildirir.

Maraqlıdır ki, Bahar əvvəlcə kimya mühəndisliyini seçməyi düşünməyib, riyaziyyatçı olmaq istəyib. Lakin ixtisasın imkanlarını, gələcək iş perspektivlərini və məhz BANM-i araşdırdıqca qərarı dəyişib: “Sonradan kimya mühəndisliyi sahəsinin imkanları ilə daha yaxından tanış oldum və qərara gəldim ki, həm ixtisasımı, həm də universitetimi dəqiq müəyyənləşdirim. Beləcə, kimya mühəndisliyini və BANM-i seçdim”.

Tələbələrin fikirlərindən görünür ki, universitet seçimində məzunların karyera imkanları, tədrisin keyfiyyəti, praktiki şərait və tələbələrə fərdi yanaşma kimi amillər mühüm rol oynayır. Bəs ayrı-ayrı tələbələrin təcrübəsindən daha geniş mənzərəyə baxdıqda, müəyyən universitetlərin daha çox seçilməsini necə izah etmək olar?

“Müəyyən universitetlərə yüksək nəticə göstərən abituriyentlərin daha çox maraq göstərməsi ictimai etimadın və gözləntilərin göstəricisidir”

Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Asiman İlyasov mövzu ilə bağlı açıqlamasında bildirib ki, universitetlərin nüfuzu ilə abituriyentlərin seçimləri arasında ciddi əlaqə var. Abituriyentlər ali təhsil müəssisəsi seçərkən yalnız tədris prosesini deyil, həm də həmin universitetin cəmiyyətdəki mövqeyini, beynəlxalq nüfuzunu, məzunlarının əmək bazarındakı rəqabətqabiliyyətini və gələcək karyera imkanlarını nəzərə alırlar: “Bu baxımdan, müəyyən universitetlərə yüksək nəticə göstərən abituriyentlərin daha çox maraq göstərməsi həmin ali məktəblərə formalaşmış ictimai etimadın və gözləntilərin göstəricisi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu seçimlər ölkədə hansı ixtisasların daha perspektivli hesab edildiyini, gənclərin gələcəklərini hansı sahələrdə görmək istədiklərini və cəmiyyətin təhsildən gözləntilərini də müəyyən mənada əks etdirir.

Lakin burada mühüm bir məqam var: universitetin nüfuzu ilə təhsilin real keyfiyyəti eyni anlayışlar deyil. Nüfuz uzun illər ərzində formalaşan ənənələr, ictimai rəy, beynəlxalq əməkdaşlıq, universitetin təqdim etdiyi imkanlar və məzunların uğurları əsasında yaranır. Təhsilin keyfiyyəti isə daha geniş meyarlarla ölçülməlidir. Buraya tədrisin məzmunu, müəllimlərin peşəkarlığı, elmi-tədqiqat mühiti, müasir təlim metodları, praktiki bacarıqların formalaşdırılması və məzunların əmək bazarına hazırlığı daxildir”.
Onun sözlərinə görə, yüksək nəticə göstərən abituriyentin müəyyən universitetə qəbul olunması, ilk növbədə, onun fərdi hazırlıq səviyyəsini göstərir: “Universitetin uğuru isə həmin tələbənin bilik və bacarıqlarını təhsil müddətində nə dərəcədə inkişaf etdirməsi ilə müəyyənləşir. Buna görə də, universitetlərə marağı və qəbul nəticələrini təhsilin keyfiyyətinin mütləq göstəricisi kimi təqdim etmək elmi baxımdan düzgün yanaşma deyil.

Daha geniş prizmadan baxdıqda, bu məsələ həm də ölkənin insan kapitalının inkişafı, təhsil siyasətinin prioritetləri və əmək bazarının gələcək ehtiyacları ilə bağlıdır. Müasir dövrdə universitetlərin qarşısında duran əsas vəzifə yalnız yüksək bal toplayan tələbələri cəlb etmək deyil, rəqabətqabiliyyətli, müstəqil düşünən, innovativ yanaşma nümayiş etdirən və ölkənin sosial-iqtisadi inkişafına töhfə verə bilən mütəxəssislər yetişdirməkdir. Eyni zamanda, ali təhsil sistemində keyfiyyətin qiymətləndirilməsi yalnız ayrı-ayrı universitetlərin nüfuzu və ya qəbul göstəriciləri ilə məhdudlaşmamalı, bütün ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, regionlarda təhsil imkanlarının genişləndirilməsi və tələbələr arasında bərabər imkanların yaradılması da diqqətdə saxlanılmalıdır. Əsas meyar universitetin nə qədər nüfuzlu görünməsi deyil, cəmiyyətə, iqtisadiyyata və ölkənin gələcəyinə nə dərəcədə töhfə verməsidir. Universitetlərin real uğuru qəbul zamanı qazandıqları üstünlüklə deyil, məzunlarının peşəkar inkişafı və cəmiyyət üçün yaratdıqları dəyərlə ölçülməlidir”, – deyə o bildirib.