Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib

3 İyul, 2026 - 16:13
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə media nümayəndələri üçün infotur təşkil edib.

“Azərbaycan müəllimi”nin də qatıldığı infotur zamanı jurnalistlər əvvəlcə Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə keçirilən imtahanları, daha sonra isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqi istiqamət üzrə imtahanları izləyiblər. Tədbirdə qabiliyyət imtahanları haqqında iştirakçılara ətraflı məlumat verilib.

Xatırladaq ki, qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunur. İmtahanlar “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “İdman” və “Jurnalistika” olmaqla altı istiqamət üzrə keçirilir. Qabiliyyət imtahanlarının məzmunu açıqdır və hər bir komissiya üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib.

Qabiliyyət imtahanlarının keçirilməsi üçün bu il 100-dən artıq Qabiliyyət İmtahanı Komissiyası (QİK) fəaliyyət göstərəcək. QİK-lərin tərkibinə müvafiq dövlət qurumları, ali və orta ixtisas təhsili müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri, digər təşkilat, komitə və birliklərin nümayəndələri, həmçinin DİM-in əməkdaşları daxil edilirlər.

Bu il qabiliyyət imtahanlarında iştirak etmək üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə təqribən 24 min, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 3400-ə yaxın , ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 2 min olmaqla, ümumillikdə 30 minə yaxın abituriyent (subbakalavr) qeydiyyatdan keçib.

İmtahanlara iyunun 22-dən start verilib və avqust ayının ortalarına qədər davam edəcək.

İdman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində imtahanlar keçirilir. Məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları Gənclər və İdman Nazirliyi tərəfindən müəyyənləşdirilmiş idman obyektlərində təşkil olunur. Bu imtahanlarda DİM-in, Gənclər və İdman Nazirliyinin nümayəndələri, müvafiq idman federasiyalarının peşəkar ekspertləri və “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyinin könüllüləri iştirak edirlər. İdman istiqamətinə aid imtahanlarda iştirak etmək üçün 14 minə yaxın abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İdman istiqaməti üzrə Məşqçilik, Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları mövcudur. 62 və 63-cü komissiyalar üzrə  imtahanlar ümumi fiziki hazırlıq üzrə təşkil olunur, nəticələr məqbul və qeyri-məqbulla, 61-ci komissiya üzrə imtahan nəticələri isə balla qiymətləndirilir. 61-ci komissiyaya aid bəzi idman növləri üzrə imtahanlar 2 mərhələli olur – birinci ümumi fiziki hazırlıq, ikinci isə ixtisasdan aparılır.

Musiqi sənəti istiqaməti üzrə imtahanların keçirilməsinə iyulun 1-dən start verilib. Bu istiqamətdə 25 komissiya üzrə 2314 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində İnstrumental ifaçılıq, Xanəndəlik komissiyaları üzrə imtahanlar keçirilir. İxtisas imtahanında abituriyent müvafiq proqramı ifa etməli, ifaçılıq qabiliyyəti və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilir. İştirakçılar ixtisas imtahanından sonra nəzəriyyə imtahanı da verirlər. İxtisas imtahanları Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçiriləcək.

Təsviri sənət istiqamətinə aid ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 11554 nəfər qeydiyyatdan keçib. Bu istiqamət üzrə 12 komissiya mövcuddur. İmtahanların keçirilməsinə iyunun 22-dən etibarən başlanılıb. Bu günə kimi 5 mindən artıq şəxs üçün imtahan təşkil olunub. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran və Naxçıvanda keçiriləcək.
Teatr kino və xoreoqrafiya istiqaməti üzrə imtahanlara iyunun 22-də start verilib. Bu istiqamətə aid 18 komissiya üzrə 1450 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Qeyd edək ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə “Memarlıq”, “Jurnalistika” və “İslamşünaslıq” ixtisasları üzrə keçirləcək qabiliyyət imtahanlarına qeydiyyat həmin ixtisasların aid olduğu müvafiq qrupların 2 ci cəhd imtahanlarının nəticələri açıqlandıqdan sonra aparılacaq.

Foto: Kənan Qafarov

Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib
Qabiliyyət imtahanlarını müşahidə etmək üçün infotur keçirilib