Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

27 İyul, 2026 - 13:45
Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

(Əvvəli ötən sayımızda)

2025/2026-cı tədris ili Qarabağ Universitetinin beynəlxalq akademik şəbəkəsinin genişləndirilməsi ilə yadda qalmışdır. Universitetin Türk Universitetlər Birliyinə - TÜRKÜNİB-ə üzv qəbul olunması beynəlmiləlləşmə istiqamətində mühüm institusional addımdır.

İstanbul Texniki Universiteti ilə təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mühəndislik təhsilinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Ankara Universiteti, Hacettepe Universiteti, Başkent Universiteti, Qazi Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Ankara Hacı Bayram Veli Universiteti və digər aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması və inkişafı da bu istiqamətdə görülən ardıcıl işlərin tərkib hissəsidir. Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti ilə Əməkdaşlıq Memorandumunun imzalanması Mərkəzi Asiyanın qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələrin inkişafına yeni imkanlar yaratmışdır.

Qarabağ Universiteti Qazaxıstanın Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda və Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisində təmsil olunmuşdur. Bundan əlavə, VII Türkoloji Yay Məktəbinə Qarabağ Universitetinin ev sahibliyi etməsi, müxtəlif ölkələrdən gənc alim və tanınmış mütəxəssislərin Xankəndidə bir araya gəlməsi universitetin Türk dünyasının akademik əməkdaşlığında artan rolunu göstərmişdir.
Universitetin beynəlxalq sammit, təhsil sərgisi, forum və digər qlobal platformalarda iştirakı onun beynəlxalq akademik məkanda tanıdılması baxımından mühüm əhəmiyyət daşımışdır.

Təhsil, sənaye və əmək bazarı arasında yeni əməkdaşlıq imkanları

Qarabağ Universitetində təhsilin real iqtisadiyyat və əmək bazarı ilə əlaqələndirilməsi inkişaf modelinin əsas istiqamətlərindəndir.
SOCAR ilə imzalanmış Əməkdaşlıq Müqaviləsi təhsil, tədqiqat, innovasiya və sənaye əməkdaşlığının inkişafı üçün strateji platforma yaratmışdır.

Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində 100-dən artıq tələbənin bankın baş ofisi və müxtəlif filiallarında təcrübə keçməsi onların real iş mühiti ilə erkən mərhələdə tanışlığına imkan vermişdir.

Dövlət Vergi Xidməti ilə əməkdaşlıq nəticəsində 22 tələbə vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunmuşdur. Hüquqşünaslıq tələbələri üçün Milli Məclis, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasında təcrübə imkanları yaradılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Zəfərdən Gələcəyə” Mentorluq Proqramı və Bakı Fond Birjası ilə əməkdaşlıq tələbələrin peşəkar inkişafı və qabaqcıl sahə təcrübəsi ilə erkən tanışlığı üçün mühüm imkanlar yaratmışdır. ARDNF-in proqramı çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin 10 tələbəsi investisiya və maliyyə sahəsində təcrübəli mütəxəssislərdən mentorluq dəstəyi almaq imkanı qazanmışdır. BFB ilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində isə fakültənin 4 tələbəsi cari ilin iyul ayında təqaüd əsaslı təcrübə proqramına cəlb olunmuşdur.

Tələbə nailiyyətləri: Xankəndidən milli və beynəlxalq platformalara

Ötən tədris ili Qarabağ Universiteti tələbələrinin milli və beynəlxalq səviyyədə mühüm uğurları ilə yadda qalmışdır.
“Enactus Qarabağ” komandası universitetin ilk dəfə iştirak etdiyi Enactus Azərbaycan milli yarışında 24 universitet komandası arasında qalib olmuş və Tailandın Banqkok şəhərində keçirilən Enactus Dünya Kubokunda Azərbaycanı təmsil etmişdir.
Qarabağ Universitetinin komandası Türkiyədə keçirilən “Türk Dünyası PUA” (GÖKTÜRK) yarışında aerokosmik proqram təminatı və əlaqəli sistemlərin inteqrasiyasına əsaslanan layihə ilə üçüncü yerə layiq görülmüşdür.

“Vergilər” mövzusunda ümumrespublika olimpiadasında 29 ali təhsil müəssisəsindən 352 tələbə arasında Qarabağ Universitetinin tələbələri birinci və ikinci yerləri qazanmışdır.

Tələbələr Beynəlxalq STEAM Azərbaycan Festivalında, Beynəlxalq Astronavtika Konqresində və müxtəlif innovasiya platformalarında Universiteti layiqincə təmsil etmiş, bir sıra innovativ layihələr beynəlxalq forum və sərgilərdə maraqla qarşılanmışdır.

Hüquqşünaslıq tələbələri Baş Prokurorluğun hüquqi mövzuda məqalə müsabiqəsinin qalibi olmuş və “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” hüquq viktorinasında uğur qazanmışdır.

Səkkiz tələbənin “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı - 2025”in qalibi olması, beş tələbənin “Həmkarlar ittifaqı təqaüdü”nə layiq görülməsi də akademik və ictimai fəallığın mühüm göstəricilərindəndir.

Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində Qarabağ Universitetinin tələbələrinin təqdim etdiyi çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Tələbələrimiz Qarabağ Universitetini Vaşinqtonda keçirilən Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində (Philip C. Jessup International Law Moot Court Competition) və Vyanada keçirilən Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində (Willem C. Vis International Commercial Arbitration Moot) təmsil etmişdirlər.

Tələbə mərkəzli yanaşma və zəngin universitet həyatı

Qarabağ Universitetində tələbə yalnız təhsil prosesinin iştirakçısı deyil, universitet mühitinin və inkişaf prosesinin fəal tərəfdaşı kimi qəbul edilir. Bu yanaşma tələbələrlə müntəzəm görüşlər, açıq müzakirələr və qeyri-formal dialoq formatları vasitəsilə davam etdirilmişdir.

Fakültələr üzrə görüşlərdə akademik proses, tələbə həyatı, karyera inkişafı və universitetin strateji hədəfləri ətrafında fikir mübadiləsi aparılmış, Tələbə Gənclər Təşkilatının fəalları və müxtəlif fakültələrin nümayəndələrinin rəy və təklifləri dinlənilmişdir. Bu dialoq tələbələrin akademik və sosial mühitin formalaşdırılmasında daha fəal iştirakına şərait yaratmışdır.

Qarabağ Universitetinin tələbələri III MDB Oyunları, III Azərbaycan Milli Şəhərsalma Forumu, “Bakı-Xankəndi” beynəlxalq velosiped yarışı və digər mühüm tədbirlərdə könüllü kimi iştirak edərək Qarabağda keçirilən irimiqyaslı tədbirlərin təşkilinə töhfə vermişlər.

“Tələbə həyatının ritmi” sosial-mədəni proqramı, bayram tədbirləri, tələbə təşəbbüsləri və sosial layihələr zəngin, dinamik və yaradıcı tələbə mühitinin formalaşmasına xidmət etmişdir. Azərbaycan Velosiped İdmanı Federasiyasının Universitetə 100 velosiped hədiyyə etməsi tələbələr arasında sağlam və aktiv həyat tərzinin təşviqi üçün əlavə imkanlar yaratmışdır.
Tələbələrin elmi və yaradıcı potensialının üzə çıxarılması, tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlbi də tələbə mərkəzli yanaşmanın mühüm istiqamətidir. Pedaqoji fakültənin təşkilatçılığı ilə “Süni intellektlə təhsilin yenidən formalaşdırılması” mövzusunda “EDU-con 2026” I tələbə elmi konfransı və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “Gələcəyin Mühəndisi” tələbələrin I Elmi-Texniki Konfransı keçirilmişdir. Bu platformalar tələbələrə araşdırma və innovativ ideyalarını təqdim etmək, akademik müzakirələrdə iştirak etmək və tədqiqat bacarıqlarını inkişaf etdirmək imkanı vermişdir.

Qarabağda ilk beynəlxalq BMT Modeli konfransının - QUMUN 2026-nın Xankəndidə keçirilməsi də əlamətdar hadisə olmuşdur. Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində “Gənclərin Beynəlxalq Dialoq Platforması” İctimai Birliyinin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə keçirilən Konfrans 20-dən çox ölkədən 100-dən artıq nümayəndəni bir araya gətirmişdir. BMT Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini modelləşdirən simulyasiya sessiyalarında sülh quruculuğu, dayanıqlı inkişaf, urbanizasiya, yaşıl texnologiyalar və süni intellekt kimi qlobal məsələlər müzakirə olunmuşdur.

Beləliklə, 2025/2026-cı tədris ilində tələbə həyatı akademik təhsillə məhdudlaşmamış, elmi-tədqiqat, ictimai fəallıq, könüllülük, beynəlxalq dialoq, yaradıcılıq və sağlam həyat tərzini birləşdirən çoxşaxəli inkişaf mühiti kimi formalaşmışdır.

Qarabağın elmi, mədəni və ictimai həyatında fəal rol

2025/2026-cı tədris ilində Qarabağ Universiteti Xankəndinin və bütövlükdə Qarabağ regionunun elmi, mədəni və ictimai həyatının fəal iştirakçısına çevrilmişdir.

Universitetin ictimai və milli əhəmiyyətli mövzular ətrafında müzakirə platforması kimi rolu genişlənmişdir. Yeni Azərbaycan Partiyası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda tədbirin keçirilməsi Ulu Öndərin zəngin irsinin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşımışdır.

İncəsənət fakültəsinin təşkilatçılığı ilə Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsertlər, sərgilər və ustad dərsləri keçirilmişdir. Fakültənin tələbə və əməkdaşlarının Xarıbülbül Beynəlxalq Musiqi Festivalında Cıdır düzündə konsert proqramı ilə çıxışı Universitetin Qarabağın mədəni həyatında artan rolunun göstəricisi olmuşdur. “Birinci Qarabağ Səs Konqresi” isə təhsil, tibb və incəsənətin kəsişməsində yeni elmi-yaradıcı platformanın əsasını qoymuşdur.

Qarabağ Universitetinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə I Qarabağ Təhsil Forumu keçirilmişdir. Forumun əsas məqsədi təhsilimizin əsas perspektivlərini, gələcəyin vətəndaşını yetişdirmək uğrunda orta və ali məktəblərin bir-birinə inteqrasiyası məsələlərini müzakirə etmək olmuşdur. Bununla yanaşı, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusunda “bootcamp”, məhkəmə sisteminin inkişafına dair elmi konfrans, Türkoloji Yay Məktəbi və digər tədbirlər Xankəndidə yeni akademik müzakirə mühitinin formalaşmasına xidmət etmişdir.

Qarabağ Universitetinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində öz pavilyonu ilə təmsil olunması və beynəlxalq şəhərsalma platformalarında iştirakı universitetin Qarabağda davamlı şəhər və insan kapitalı ekosisteminin qurulmasındakı rolunu beynəlxalq auditoriyaya təqdim etməyə imkan vermişdir.

Müasir infrastruktur, rəqəmsallaşma və yeni universitet mühiti

Universitetin sürətli akademik inkişafı müasir infrastrukturun yaradılması və tədris prosesinin ardıcıl rəqəmsallaşdırılması ilə paralel aparılmışdır. Hesabat dövründə Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu və Qarabağ Universitetinin Klinikası istifadəyə verilmiş, Biznes və iqtisadiyyat fakültəsi yeni tikilmiş binada fəaliyyətə başlamış, Mühəndislik fakültəsinin yeni tədris binasının təməli qoyulmuşdur. Müasir auditoriyalar, laboratoriyalar, kitabxana, tələbə yaşayış imkanları, simulyasiya və klinik bacarıq məkanları yeni nəsil təhsil mühitinin infrastruktur əsaslarını formalaşdırır. 

Bununla yanaşı, Qarabağ Universitetində rəqəmsallaşma yalnız texnoloji yeniliklərin tətbiqi deyil, tədris və idarəetmə fəlsəfəsinin mühüm tərkib hissəsi kimi həyata keçirilir. Əsas məqsəd akademik və inzibati proseslərdə çevikliyi, şəffaflığı və əlçatanlığı təmin edən, məlumatların vahid sistemdə toplanmasına və qərarların data əsasında qəbuluna imkan verən müasir universitet ekosistemi formalaşdırmaqdır.

Bu məqsədlə, 2025/2026-cı tədris ilindən “Blackboard Learning Management System” (LMS) platformasının tətbiqinə başlanılmışdır. Tədris prosesinin rəqəmsal mühitdə vahid sistem üzərindən idarə edilməsinə imkan verən platforma vasitəsilə tələbələr dərs materiallarına çıxış əldə edir, tapşırıqları onlayn təqdim edir və akademik nəticələrini operativ izləyirlər. Müəllimlər üçün isə tədrisin sistemli idarə olunması, qiymətləndirmənin çevik və şəffaf təşkili, tələbələrlə interaktiv ünsiyyət və akademik prosesin dinamikasının izlənilməsi imkanları yaradılmışdır. Platformanın səmərəli tətbiqi məqsədilə ADA Universitetinin dəstəyi ilə müəllim heyəti üçün xüsusi təlimlər təşkil edilmişdir.

Elektron sənəd dövriyyəsi sisteminin istifadəyə verilməsi və kitabxanada KOHA sisteminin tətbiqi istiqamətində görülən işlər də vahid rəqəmsal universitet mühitinin formalaşdırılmasına xidmət edir. Universitetin yeni rəsmi veb-saytının istifadəyə verilməsi isə rəqəmsal kommunikasiya, məlumatların əlçatanlığı və institusional görünürlük baxımından mühüm addım olmuşdur. Dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi “Drupal” platformasında qurulan sayt bu texnologiya əsasında hazırlanmış ilk yerli universitet veb-saytı kimi təqdim edilmişdir.

İnkişafın yeni mərhələsinə doğru

2025/2026-cı tədris ilinin nəticələri göstərir ki, Qarabağ Universiteti artıq yalnız təhsil verən ali təhsil müəssisəsi deyil. Universitet Xankəndidə həyatın canlanmasının, Qarabağda yeni insan kapitalının formalaşdırılmasının, elmi və mədəni mühitin inkişafının əsas mərkəzlərindən birinə çevrilməkdədir.

Tələbə və əməkdaşların Qarabağda keçirilən beynəlxalq, elmi, mədəni və ictimai tədbirlərdə fəal iştirakı, dünyanın müxtəlif ölkələrindən alim və gənclərin Xankəndidə bir araya gəlməsi, yeni akademik və sənaye tərəfdaşlıqlarının qurulması burada özünəməxsus universitet şəhəri mühitinin formalaşdığını göstərir.

İlk beynəlxalq proqram akkreditasiyasının əldə edilməsi, ilk elmi jurnal və monoqrafiyanın nəşri, tələbələrin milli və beynəlxalq yarışlardakı uğurları, yeni tibbi təhsil və klinik ekosistemin yaradılması, nüfuzlu universitetlərlə strateji əməkdaşlığın genişləndirilməsi və müasir infrastrukturun qurulması tədris ilinin əsas nailiyyətləridir.

Əldə olunan nəticələr 2026/2027-ci tədris ilinə daha böyük hədəflərlə qədəm qoymaq üçün möhkəm zəmin yaratmışdır. Bakalavriat səviyyəsi üzrə ixtisasların sayının 49-a çatdırılması və 1403 tələbənin qəbulu nəzərdə tutulur. Qəbul yalnız dövlət sifarişi əsasında və əyani təhsil forması üzrə həyata keçiriləcəkdir. Plan yerlərinin 758-i Azərbaycan, 645-i ingilis bölməsi üzrə müəyyən edilmişdir. İngilis dilində tədris imkanlarının genişləndirilməsi universitetin beynəlmiləlləşmə strategiyasının və qlobal akademik məkana inteqrasiya hədəfinin mühüm istiqamətidir.

Yeni tədris ilinin ən mühüm strateji yeniliklərindən biri Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti ilə birgə 4 mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi olacaqdır. Dünyanın qabaqcıl texniki universitetlərindən biri ilə reallaşdırılacaq proqramlar Qarabağ Universitetində mühəndislik təhsilinin beynəlxalq standartlar əsasında inkişafı, qabaqcıl akademik təcrübənin mənimsənilməsi və qlobal əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması baxımından yeni mərhələnin başlanğıcıdır.

Beləliklə, qısa müddətdə əldə edilmiş nəticələr Qarabağ Universitetində tələbəmərkəzli, tədqiqat əsaslı və innovasiya yönümlü universitet modelinin ardıcıl formalaşdırıldığını göstərir. Qarşıda daha böyük hədəflər və yeni inkişaf mərhələsi dayanır. Əsas məqsəd dəyişməzdir: Qarabağın dirçəlişinə, Azərbaycanın ali təhsil və elm ekosisteminin inkişafına, ölkəmizin gələcəyi üçün yüksək ixtisaslı, müasir kompetensiyalara malik və milli dəyərlərə bağlı insan kapitalının hazırlanmasına davamlı töhfə vermək. Bu istiqamətdə dövlətimizin yüksək diqqət və qayğısı, tərəfdaşlarımızın dəstəyi, professor-müəllim heyətimizin peşəkarlığı, tələbələrimizin istedadı və əməkdaşlarımızın fədakar əməyi ən böyük güc mənbəyimizdir.


Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru