Qarabağ Universitetinin alimi Səmərqənddə keçirilən beynəlxalq türkoloji qurultayda iştirak edib

16 İyun, 2026 - 13:41
Qarabağ Universitetinin alimi Səmərqənddə keçirilən beynəlxalq türkoloji qurultayda iştirak edib

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov 5–6 iyun tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən beynəlxalq türkoloji qurultayda iştirak edib.

‘‘Azərbaycan müəllimi’’xəbər verir ki, “100 illik vəsiyyətin izi ilə” şüarı altında təşkil olunan və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən tədbirdə E. İbrahimov “Birinci Türkoloji Qurultaydan bu günə Türk Dünyasında dil və əlifba məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın gündəliyində ən geniş müzakirə olunan məsələlərdən biri əlifba problemi olub. Onun sözlərinə görə, Qurultayda bu məsələ ətrafında dörd fərqli mövqeni təmsil edən qrup formalaşmışdı: ərəb əlifbasının saxlanılmasının tərəfdarları, ərəb qrafikasının islahatını müdafiə edənlər, latın qrafikasına keçidi dəstəkləyənlər və kiril əlifbasının tətbiqini təklif edənlər. Uzun və prinsipial müzakirələrdən sonra latın qrafikalı əlifbaya keçidlə bağlı qərarın böyük səs çoxluğu ilə qəbul edildiyini qeyd edən E.İbrahimov, səsvermədə 101 nümayəndənin bu qərarın lehinə səs verdiyini diqqətə çatdırıb.

Elçin İbrahimov çıxışında Qurultayın qəbul etdiyi qərarların sonrakı dövrdə Türk dünyasında baş verən dil və əlifba proseslərinə təsirindən də bəhs edib. O, müxtəlif türk respublikalarında həyata keçirilən əlifba islahatlarını tarixi ardıcıllıqla təhlil edərək, XX əsr ərzində bir çox türk xalqlarının iki dəfə əlifba dəyişməsinin ciddi nəticələr doğurduğunu vurğulayıb. Məruzəçi qeyd edib ki, bu dəyişikliklər təkcə yazı sisteminin yenilənməsi ilə məhdudlaşmayıb, həm də mədəni yaddaşa, elmi irsin mənimsənilməsinə, nəsillərarası əlaqələrin qorunmasına və ortaq informasiya məkanının formalaşmasına təsir göstərib.

Məruzədə Türk dünyasında ortaq əlifba ideyasının tarixi köklərinə də toxunulub. Bildirilib ki, Birinci Türkoloji Qurultayda müzakirə edilən məsələlərdən bir çoxu bu gün də öz aktuallığını qoruyur və ortaq əlifba istiqamətində atılan addımlar həmin ideyaların davamı kimi qiymətləndirilə bilər.

Çıxışının sonunda Elçin İbrahimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ortaq əlifba istiqamətində əldə etdikləri son nailiyyətləri xüsusi qeyd edib. O vurğulayıb ki, ortaq türk əlifbasının qəbul olunması və bu əlifba əsasında ilk nəşrlərin məhz Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində işıq üzü görməsi tarixi və simvolik baxımdan mühüm əhəmiyyət daşıyır. Məruzəçi bunu yüz il əvvəl Bakıda irəli sürülmüş ideyaların müasir dövrdə yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi dəyərləndirib və gələcək fəaliyyətin daha sistemli, əlaqələndirilmiş və ortaq strategiya əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qarabağ Universitetinin alimi Səmərqənddə keçirilən beynəlxalq türkoloji qurultayda iştirak edib
Qarabağ Universitetinin alimi Səmərqənddə keçirilən beynəlxalq türkoloji qurultayda iştirak edib